Dünya ulduzu “Qarabağ”a təklif olundu

“Qarabağ”ın avrokuboklarda mübarizəni davam etdirməsi əksər futbol menecerlərinin də diqqətini cəlb edib.

Ağdam klubuna çox sayda futbolçu təklif olunub ki, onlar arasında tanınmış simalar da var.

Azərbaycan klubuna təklif olunan oyunçulardan biri isə Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellainidir. 2019-cu ildən Çinin “Şandun Tayşan” klubunda çıxış edən 35 yaşlı orta sahə oyunçusu yenidən Avropaya qayıtmaq arzusundadır. Onun menecerliyini edən şirkət Fellaininin avrokuboklarda çıxış edən komandalardan birinə keçməsində maraqlıdır. Bu üzdən yarımmüdafiəçinin xidməti bir neçə kluba təklif olunub ki, onlar arasında “Qarabağ” da var.

Ancaq futbolçunun yaşı və “Qarabağ”da bu mövqedə kifayət qədər oyunçunun olması Ağdam klubunda tərəddüd yaradıb.

Qeyd edək ki, Maruan Fellaini karyerası ərzində “Standard”, “Everton” və “Mançester Yunayted”in formasını geyinib.