Məmmədyarov son iki turda qələbə qazanmalıdır

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi "Tata Steel Chess" superturnirində 12-ci tura yekun vurulub.

ONN media xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi Şəhriyar Məmmədyarov bu turda ingilis Qaveyn Consla heç-heçə edərək xal sayını 8-ə çatdırıb və liderlər qrupundan uzaqlaşıb.

Əvəzində isə norveçli Maqnus Karlsen və holland Aniş Giri müvafiq olaraq Maksim Matlakov (Rusiya) və Başkaran Adhiban (Hindistan) üzərində qələbə qazanaraq xallarının sayını 8,5 yüksəldiblər və şərikli liderliklərini davam etdirirlər.

Şəhriyar Məmmədyarov qalib olmaq üçün son iki turda qələbə qazanmalı və Karlsenlə Girinin məğlubiyyətinə ümid etməlidir.

Turnirdə 12 turdan sonra vəziyyət belədir:

Giri və Karlsen (hərəyə 8,5 xal), Məmmədyarov (8), Anand, Kramnik (hərəyə 7,5), Karyakin, So (7), Svidler (5,5), Vey İ (5), Matlakov, Karuana, Cons (4,5), Adhiban (3,5), Hou İfan (2,5).

Turnir yanvarın 28-də başa çatacaq.