ONN İnformasiya Agentliyi

Millimizin rəqibi kim olacaq?- Bu gün bilinəcək

Millimizin rəqibi kim olacaq?- Bu gün bilinəcək
07 İyul 2022 - 8:41

Bu gün futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq. Azərbaycan millisi mübarizəyə əsas seçmə mərhələdən start verəcək.

ONN media Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, komandalar artıq səbətlərə bölünüblər.

Reytinq cədvəlində 7-ci pillədə qərarlaşan millimiz birinci səbətdə yer alıb. Bu isə o deməkdir ki, komandamız eyni səbətdə qərarlaşan komandalarla qarşılaşmayacaq. Birinci səbətdə Azərbaycan ilə yanaşı, Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Xorvatiya, Serbiya, Ukrayna, İtaliya, Çexiya, Gürcüstan, Finlandiya və Slovakiya yığmaları yer alıblar. Sloveniya, Bosniya və Herseqovina, Polşa, Rumıniya, Niderland, Belarus, Macarıstan, Fransa, Belçika, Latviya, Şimali Makedoniya və Moldova ikinci səbətdə qərarlaşıblar. Monteneqro, Kosovo, Norveç, Danimarka, İsveç, Ermənistan, Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva və Avstriya isə üçüncü səbətdə yer alıblar.

Əsas seçmə mərhələnin oyunları sentyabrın 12-21-də, oktyabrın 3-12-də, noyabrın 6-9-da və gələn il fevralın 27-dən martın 8-dək keçiriləcək.

Əsas mərhələdə 36 komanda iştirak edəcək. Komandalar hər birində 3 iştirakçı olmaqla 12 qrupa səpələnəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. On iki qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra – aprelin 10-19-da keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.

Elit-raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq, həmin il dekabrın 20-dək qrup matçları yekunlaşdırılacaq. İyirmi komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə ev sahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il yanvarın 25-də, oyunları isə aprelin 8-17-də keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png