İrəvan qorxu içindədir

İrəvan qorxu içindədir


"Ermənistan üzərində yeni təhlükə yaranır. İnformasiya var ki, son zamanlar Azərbaycan şirkəti ilə Gürcüstanın ən nəhəng internet-provayderi olan "Caucasus Online" ilə uzunluğu 1200 kilometr olan fiber-optik kabelin alınması üzrə danışıqlar aparılır".

ONN media Olaylar-a istinadla xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Erməni nəşrinə görə, sözügedən tranzaksiya nəticəsində Ermənistanda trafikin minimal nəzarəti baş verəcək. "Azərbaycan internet vasitəsi ilə kəşfiyyat əməliyyatlarına başlayacaq və nəticədə Ermənistanı çox qısa müddət ərzində rabitəsiz qoyacaq", deyə təlaş ifadə edən erməni nəşri əlavə edib ki, bəzi məlumatlara əsasən, hökumət bu məsələ ilə bağlı ciddi narahatlıq keçirmir və indiyə qədər preventiv ölçülər götürülməyib.

"Yeri gəlmişkən, mütəxəssislər etiraf edirlər ki, Ermənistan üçün alternativ internet-provayderi hazırkı zamanda praktiki olaraq yoxdur".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu məsələnin bir neçə dəfə gündəmə gətirildiyini deyib. Onun sözlərinə görə, Qafqaz regionundan daxil olan magistral internet xəttlərinin Azərbaycan tərəfindən alınması müsbət haldır. Azərbaycanın belə bir şəbəkəyə sahiblik etməsi ölkənin informasiya təhlükəsizliyi və biznes imkanlarının gücləndirilməsi baxımından əlverişlidir.Təbii ki, bu xətt vasitəsilə müxtəlif qurumlara təsir etmək və xidmət göstərmək də mümkün olacaq. 

Bu cür magistral internet kabellərinə sahib olmaq o deməkdir ki, region dövlətləri səndən asılı vəziyyətdə olur.

Osman Gündüz bu yaxınlarda "AzərTelekom" backbone provayderinin ciddi bir layihəyə start verdiyini xatırladıb: 

"Dəmir yolları boyunca magistral fiber optik kabel çəkiləcək. "AzərTelecom" şirkəti bu layihəni Azərbaycan Dəmir Yolları ilə birlikdə edir və məlumdur ki, bu qurumun da Azərbaycanı nəhəng bir nəqliyyat qovşağına çevirmək planı var. Mövcud, hazır infrastruktur boyunca fiber optik şəbəkəni qurmaq daha sürətli və asan, həm də daha effektivdir. Bu, adi bir fiber-optik şəbəkə deyil, region ölkələrini (Rusiya, İran, Gürcüstan və Türkiyəni) birləşdirən yüksək sürətli magistral bir infrastruktur olacaq.

Buradan belə qənaətə gəlmək olar ki, yaxın perspektivdə Azərbaycan yeni, nəhəng bir magistral internet mərkəzinə çevriləcək. 

Düşünürəm ki, bu, ölkə daxilində internetin keyfiyyəti və qiymətinə, əlçatımlığına və adambaşına düşən internet sürətinin artmasına, həmçinin ADY-nin yeni xidmətlər göstərməsinə ciddi təsir göstərəcək. Xüsusən də, region ölkələrinə internet və rəqəmsal xidmətlərin satışını gücləndirməklə ölkənin ixrac potensialını artırmaq mümkün olacaq". 

Geri qayıt