“Qəbələ” klubu qış təlim-məşq toplanışına start verib

“Qəbələ” futbol klubu qış təlim-məşq toplanışına start verib.

ONN media klubun saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ötən il dekabrın 15-də keçirilən “Səbail”lə səfər matçından sonra istirahətə buraxılan “qırmızı-qaralar” bir araya gəlib. Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 2017-2018-ci il mövsümünün ikinci yarısına hazırlaşmaq üçün Türkiyəyə yollanacaq. Antalyada baş tutacaq hazırlıq prosesi iki mərhələdən ibarət olacaq.

Komanda yanvarın 17-dək davam edəcək ilk mərhələdə üç yoxlama oyunu keçirəcək. “Qəbələ” yanvarın 10-da Türkiyənin “Akhisar Bələdiyyəspor”, dörd gün sonra Qazaxıstanın “Atırau”, yanvarın 17-də isə İsveçrənin “Sürix” klubu qarşılaşacaq.

Üç günlük istirahətdən sonra yanvarın 21-də yenidən bir araya gələcək “qırmızı-qaralar”ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. İkinci mərhələdə komandamız dörd yoxlama görüşündə qüvvəsini sınayacaq. Yanvarın 24-də Makedoniyanın “Rabotniçki”, üç gün sonra Rusiyanın “Arsenal”, yanvarın 31-də Çexiyanın “Bohemians” klubu ilə görüşəcək “qırmızı-qaralar” fevralın 3-də Makedoniya “Şkendiya”sı ilə üz-üzə gələcək.