“Qəbələ” “Səbail”i darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

ONN media xəbər verir ki, turun açılış matçı Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası “Səbai”i qəbul edib. Qarşılaşma əyalət təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-qaralar”ın heyətində 65-ci dəqiqədə Rövlan Muradov hesabı açıb. 83-cü dəqiqədə Ülvi İsgəndərov fərqi iki topa çatdırıb.

İki dəqiqə sonra “Səbail”in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 89-cu dəqiqədə Ehtiram Şahverdiyev baxımlı qola imza atıb. Əlavə olunmuş birinci dəqiqədə Rafael Utriq topu paytaxt klubunun qapısından keçirib, 90+4-ci dəqiqədə isə İsnik Alimi matçda son nöqtəni qoyub.

Qələbə sayəsində xallarının sayını 10-a çatdıran “Qəbələ” birinci pilləyə yüksəlib. “Səbail” isə hələlik 6 xalla üçüncüdür.

Qeyd edək ki, günün digər oyununda “Zirə” “Sabah”ı qəbul edəcək. Sentyabrın 19-da “Neftçi” “Keşlə” ilə qarşılaşacaq. Tura sentyabrın 20-də keçiriləcək “Qarabağ” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq.