“Qarabağ” son 25 ilin rekorduna imza atdı

Premyer Liqanın 2023-cü ildə keçirilən oyunlarında “Qarabağ” hamıdan çox qol (88) vurmaqla Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb.

ONN media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib.

1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb.

Daha çox qola sonuncu dəfə 1998-ci ildə “Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqləniblər.

“Qarabağ”ın ötənilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə “Kəpəz” eyni sayda fərqlənib.

Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran “Neftçi”yə məxsusdur.

Bir təqvim ilində 75 və daha çox qol vuranlar:

1. “Neftçi” – 104 (1992)

2. “Xəzər” (Sumqayıt) – 100 (1992)

3. “Kəpəz” – 91 (1998)

4-5. “Kəpəz” – 88 (1995)

4-5. “Qarabağ” – 88 (2023)

6. “Qarabağ” – 87 (2022)

7. “Neftçi” – 78 (1996)

8. “Kəpəz” – 76 (1992)