ONN İnformasiya Agentliyi

Dollarlaşma iqtisadiyyatımız üçün təhlükəlidirmi? – Nicat MURADZADƏ yazır

Dollarlaşma iqtisadiyyatımız üçün təhlükəlidirmi? – Nicat MURADZADƏ yazır
16 May 2020 - 21:02

Dünyanın istənilən yerində qeydsiz-şərtsiz özünə yer tapan ABŞ dollarının ölkəmizdəki durumu nədir? İnsanlar nəyə görə dollara bu qədər etimad göstərirlər? Bu hal hansı fəsadlara səbəb ola bilər?

Hazırda ABŞ-dan başqa 10 ölkənin rəsmi valyutası olan və saya biləcəyimiz onlarla ölkədə də qeyri-rəsmi dominant valyuta halına gələn dollar, məmləkətimizdə də güvənilən valyutalar sırasındadır və yığım vasitəsi kimi aktualdır. Bu baxımdan, yerli valyutanın qismən və ya total şəkildə xarici valyuta ilə əvəzlənməsi dollarlaşma adlanır (Əvəzləyən valyutanın sırf ABŞ dolları olmasına ehtiyac yoxdur). ABŞ dollarına olan inamın əsas səbəbini anlamaq üçün sözügedən inamı formalaşdıran tarixi faktorların aşağıdakı paraqrafda yer alan lakonik tədqiqinə nəzər salmaq olduqca əhəmiyyətlidir.

Birinci Dünya müharibəsindən sonra Genuya valyuta-pul sistemi ilə beynəlxalq valyuta dövriyyəsində üstün mövqe qazanan ABŞ dolları, İkinci Dünya müharibəsindən sonra müharibədən minimal zərərlə çıxan ölkənin valyutası qismində daha da gücləndi. 1944-cü ildə ABŞ-ın Bretton-Vuds şəhərində keçirilən konfransda iştirakçılar, eyniadlı valyuta sistemi ilə əksər dünya valyutalarının ABŞ dollarına, dolların isə qızıla indekslənməsi barədə razılığa gəldilər. Bu tarixi hadisə dolların imtiyazlı vəziyyətə gəlməsinə şərait yaratdı. Məlumat üçün qeyd edim ki, Beynəlxalq Valyuta Fondu (BVF) da Bretton-Vuds konfransında yaradılmışdır. Dəyişən dövrün tələblərinə uyğun olaraq, 1971-ci ildə Prezident Niksonun dövründə ABŞ hökuməti birtərəfli qayda BVF ilə sazişi pozaraq dolların qızıla dəyişdirilməsi qaydasından imtina etdi. Bu hal Milton Fridmen, Fridrix fon Hayek kimi görkəmli iqtisadçıların da dəstəklədiyi neoliberalizmin daha geniş vüsət almasına səbəb olaraq, bəsit ifadə etsək, tədavülə heç nəyə indekslənməmiş dolların buraxılmasına rəvac verdi. Bunun ardınca isə 1973-cü ildə baş verən Neft böhranı ilə Ərəb neftinin dollara yönəlməsi, Petro-dollar anlayışını meydana çıxardaraq, ABŞ dollarına olan tələbatın davamlılığını təmin etməklə, dollara olan inamı maksimallaşdırdı.

Sadə dildə ifadə etsək, heç bir əmtəəyə indekslənməyən dolların arxasında Federal Ehtiyatlar Sistemi və dolayısı ilə özünün iqtisadi ənənələri və potensialı baxımından hegemon ABŞ iqtisadi sistemi dayanır. Bu nöqteyi-nəzərdən, bir yığım vasitəsi kimi dollara olan güvən və bunun fonunda dollarlaşmanı şərtləndirən amillər anlaşılandır.

Ölkəmizdə dollarlaşmanın durumunu təhlil etsək, bu il fevralın 1-nə əsasən fiziki şəxslərin banklarda yerləşdirilən əmanətlərinin 4 388,6 mln. manatı və ya 51,1%-i xarici valyutadadır. Məsələn, kifayət qədər böyük həcmli iqtisadiyyata sahib və sosial-mədəni xüsusiyyətlərinə görə bizə çox yaxın olan qardaş Türkiyədə də qeyd edilən dövrdə bu dərəcə 50.8%-dir, az qala bizimki ilə eyni. Yəni bu məqamda həlledici faktor iqtisadi həcmdən daha çox o iqtisadiyyatın aktorlarının davranışlarıdır. Yığımların bu həddi və nağd dollar alışındakı artış onu deməyə əsas verir ki, respublikamızda “aktiv dollarlaşması” (İqtisadi subyektlərin yığım vasitəsi kimi xarici valyutadan istifadə etməsi) dediyimiz prosses mövcuddur. Vətəndaşlarımızın təhtəlşüurunda hansısa sterotiplərin yaxud məxsusi yanaşmaların inkişafına imkan verərək, ölkədə dolları yığım vasitəsinə çevirən bəzi səbəbləri aşağıdakı kimi kateqoriyalaşdıra bilərik:

1. İqtisadi savadlılığın arzuolunan səviyyədə olmaması

Məhşur bir atalar sözü var, “İnsanın başına nə gəlirsə, bilgisizlikdən gəlir”. Bu baxımdan, Mərkəzi Bankın xüsusilə, 2015-ci ildən sonra maliyyə savadlılığının artırılması istiqamətində atdığı addımlar çərçivəsində “Maliyyə savadlılığı” portalının istifadəyə verilməsi olduqca təqdirəlayiqdir. Lakin hesab edirəm ki, respublikada iqtisadi savadlılıq dərəcəsi hələ də istənilən səviyyədə deyildir və bu hal vətəndaşlarımızın əhəmiyyətli bir qismində baş verən ən fundamental iqtisadi prosseslər barəsində belə məlumatsızlığa rəvac verərək, ajiotaj mühitinin yaranmasını şərtləndirir. Bu səbəbdən, aidiyyatı oldu-olmadı, ən xırda iqtisadi xəbərdə belə valyuta dəyişmə məntəqələrinin qarşısına yığışan və 50-100 dollar almağa cəhd edən vətəndaşları görürük.

2. İqtisadi institutlara olan inamın dərəcəsi

İndiki məqamda iqtisadi blokun fəallığı müstəsna əhəmmiyyətə malikdir. Şübhəsiz ki, ən müxtəlif addımlarla prossesin mümkün fəsadları neytrallaşdırılmağa cəhd olunur. Lakin nəzərə alsaq ki, ötən illərdə iqtisadi bloka aid olan bəzi qurumların gedən dinamik prosseslərə qeyri-adekvat yanaşması bir qisim sıravi vətəndaşların ağlında sual işarələri yaradıb, o zaman, atılan addımların mahiyyətinin insanlara daha bəsit dildə və onların məlumat aldığı kanallardan çatdırılması indiki məqamda onlara güvən hissi aşılayacaq və növbəti mərhələlərdə, mümkün böhran vəziyyətində edilən çağırışların effektivliyinə öz müsbət təsirini göstərəcəkdir. Ajiotajın və panikanın qarşısını almağın ən səmərəli metodlarından biri qarşılıqlı inam mühitinin formalaşdırılmasıdır.

3. Dünyada gözlənilən iqtisadi resesiya

Dünyanı ağuşuna alan koronavirus bəlası artıq bioloji müstəvindən çıxaraq iqtisadi müstəviyə də sıçrayıb. Bütün dünyada sərhədlərin bağlanması, karantin rejiminin tətbiqi iqtisadi fəaliyyətlərin minimallaşmasına gətirib çıxardı. Lakin fəaliyyət dayansa da, öhdəliklər dayanmır və bu disbalans sonda böhranla nəticələnəcək. Təkcə Birləşmiş Ştatlarda, Əmək Nazirliyinin açıqladığı rəqəmə görə son dövrdə işsizlik 7.1 milyona yüksəlmişdir. Əlavə olaraq, Beynəlxalq Valyuta Fonduna görə ölkələr üzrə real ÜDM dəyişikliyi, ABŞ üçün -6.1, Avrozona üçün -7.5, Yaponiya üçün -5.2 və bütövlükdə dünya üçün -3.0 olacaqdır. Ölkəmizdə də, ekzogen prosses qismində pandemiyaya bağlı olaraq ÜDM-də azalmanın olacağını bildirən “Fitchs Rating”, buna rəğmən Azərbaycanın xarici borcunun azlığına diqqət çəkmişdir. Bütün bu xəbərləri görən yaxud oxuyan və orada “böhran”, “resesiya” və ya “durğunluq” kimi açar sözləri havada yaxalayan bəzi sıravi vətəndaşlar iqtisadi bir prosses olacağını anlıyırlar, amma baş verəcək prossesin nədən ibarət olacağı barəsində məlumatlı olmadıqları üçün ilk fürsətdə ABŞ dollarının hansısa “möcüzəvi” xüsusiyyətlərinin onları hər situasiyadan qoruyacağını düşünürlər.

Məsələyə nəzəri cəhətdən yanaşsaq, adətən xarici valyutanın yığım vasitəsinə çevrilməsi yerli valyutanın inflasiya sürətinin bir qədər yüksək olduğu durumlarda baş verir. Çünki heç kim əlindəki pulun alıcılıq qabiliyyətinin azalaraq ona ziyan vurmasını istəməz. Ən qəribə məqam bundan ibarətdir ki, inflasiya və resesiya arasında neqativ münasibət vardır. Belə ki, durğunluq dövründə, məcmu tələbin aşağı düşməsi inflasiyanın artım tempi üzərində mənfi təsirə malik olur. Yuxarıda qeyd edilən proqnozu yada salsaq, dünyada olduğu kimi, ölkəmizdə də iqtisadi durğunluq gözlənilir. Buna baxmayaraq, nəzəri cəhətdən surətli ya da hiper inflasiya real görünmür.

Digər qorxulan termin isə əhalinin yuxularını ərşə çəkən devalivasiyadır. Devalivasiya, ticarət balansında natarazlıq olduğu halda baş verir və yerli valyutanın xarici valyutaya nisbətdə məzənəsinin aşağı düşməsi ilə nəticələnir. Nəzərə alsaq ki, bizim ticarət balansımızın əhəmiyyətli hissəsi karbohidrogen ehtiyatlarının hesabına formalaşır və yaxın zamanlarda OPEC+ danışıqları uğurla nəticələnərək, neftin qiymətində qismən yüksəliş trendli hərəkətlənmə yaradıb, o zaman, devalivasiya üçün real təhlükənin azalacağını gözləmək mümkündür.

Şübhəsiz ki, yüksək səviyyəli dollarlaşma iqtisadi dinamika və inkişaf baxımından ölkəmiz üçün xoşagələn deyildir və buna qarşı da milli valyutanın gücləndirilməsi istiqamətində sistemli addımlar atılır. Hesab edirəm ki, yaxın dövr üçün iqtisadi savadlılığın və iqtisadi institutlara inamın maksimallaşdırılması məqsədi ilə atılacaq ardıcıl addımlar, mahiyyət etibarilə cəmiyyətə müsbət impuls verərək, bizi gözləyən mürəkkəb günlərdə manevr imkanlarımızı da paralel olaraq artıracaqdır.

Nicat MURADZADƏ.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
2 Şərh yazıldı
Mahmud 16 May 2020 / 22:45 Cavabla

Cox maraqli ve aktual yazidir. Ehsen!

Haci 16 May 2020 / 23:16 Cavabla

Yazınızı bəyəndim Nicat müəllim, növbətiləri gözləyirik

XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png