Dollarlaşma iqtisadiyyatımız üçün təhlükəlidirmi? – Nicat MURADZADƏ yazır

Dünyanın istənilən yerində qeydsiz-şərtsiz özünə yer tapan ABŞ
dollarının ölkəmizdəki durumu nədir? İnsanlar nəyə görə dollara bu qədər etimad
göstərirlər? Bu hal hansı fəsadlara səbəb ola bilər?

Hazırda
ABŞ-dan başqa 10 ölkənin rəsmi valyutası olan və saya biləcəyimiz onlarla
ölkədə də qeyri-rəsmi dominant valyuta halına gələn dollar, məmləkətimizdə də
güvənilən valyutalar sırasındadır və yığım vasitəsi kimi aktualdır. Bu
baxımdan, yerli valyutanın qismən və ya total şəkildə xarici valyuta ilə
əvəzlənməsi dollarlaşma adlanır (Əvəzləyən valyutanın sırf ABŞ dolları
olmasına ehtiyac yoxdur). ABŞ dollarına olan inamın əsas səbəbini anlamaq üçün
sözügedən inamı formalaşdıran tarixi faktorların aşağıdakı paraqrafda yer alan
lakonik tədqiqinə nəzər salmaq olduqca əhəmiyyətlidir.

Birinci
Dünya müharibəsindən sonra Genuya valyuta-pul sistemi ilə beynəlxalq valyuta
dövriyyəsində üstün mövqe qazanan ABŞ dolları, İkinci Dünya müharibəsindən
sonra müharibədən minimal zərərlə çıxan ölkənin valyutası qismində daha da
gücləndi. 1944-cü ildə ABŞ-ın Bretton-Vuds şəhərində keçirilən konfransda
iştirakçılar, eyniadlı valyuta sistemi ilə əksər dünya valyutalarının ABŞ
dollarına, dolların isə qızıla indekslənməsi barədə razılığa gəldilər. Bu
tarixi hadisə dolların imtiyazlı vəziyyətə gəlməsinə şərait yaratdı. Məlumat
üçün qeyd edim ki, Beynəlxalq Valyuta Fondu (BVF)
da Bretton-Vuds konfransında yaradılmışdır. Dəyişən dövrün tələblərinə uyğun olaraq, 1971-ci ildə
Prezident Niksonun dövründə ABŞ hökuməti birtərəfli qayda BVF ilə sazişi
pozaraq dolların qızıla dəyişdirilməsi qaydasından imtina etdi. Bu hal Milton
Fridmen, Fridrix fon Hayek kimi görkəmli iqtisadçıların da dəstəklədiyi
neoliberalizmin daha geniş vüsət almasına səbəb olaraq, bəsit ifadə etsək,
tədavülə heç nəyə indekslənməmiş dolların buraxılmasına rəvac verdi.
Bunun ardınca isə 1973-cü ildə baş verən Neft böhranı ilə Ərəb neftinin dollara
yönəlməsi, Petro-dollar anlayışını meydana çıxardaraq, ABŞ dollarına olan tələbatın
davamlılığını təmin etməklə, dollara olan inamı maksimallaşdırdı.

Sadə
dildə ifadə etsək, heç bir əmtəəyə indekslənməyən dolların arxasında Federal
Ehtiyatlar Sistemi və dolayısı ilə özünün iqtisadi ənənələri və potensialı
baxımından hegemon ABŞ iqtisadi sistemi dayanır. Bu nöqteyi-nəzərdən, bir yığım
vasitəsi kimi dollara olan güvən və bunun fonunda dollarlaşmanı şərtləndirən
amillər anlaşılandır.

Ölkəmizdə
dollarlaşmanın durumunu təhlil etsək, bu il fevralın 1-nə əsasən fiziki
şəxslərin banklarda yerləşdirilən əmanətlərinin 4 388,6 mln. manatı və ya
51,1%-i xarici valyutadadır. Məsələn, kifayət qədər böyük həcmli iqtisadiyyata
sahib və sosial-mədəni xüsusiyyətlərinə görə bizə çox yaxın olan qardaş
Türkiyədə də qeyd edilən dövrdə bu dərəcə 50.8%-dir, az qala bizimki ilə eyni.
Yəni bu məqamda həlledici faktor iqtisadi həcmdən daha çox o iqtisadiyyatın
aktorlarının davranışlarıdır. Yığımların bu həddi və nağd dollar alışındakı
artış onu deməyə əsas verir ki,
respublikamızda “aktiv dollarlaşması” (İqtisadi subyektlərin yığım
vasitəsi kimi xarici valyutadan istifadə etməsi) dediyimiz prosses
mövcuddur. Vətəndaşlarımızın təhtəlşüurunda hansısa sterotiplərin yaxud məxsusi
yanaşmaların inkişafına imkan verərək, ölkədə dolları yığım vasitəsinə çevirən
bəzi səbəbləri aşağıdakı kimi kateqoriyalaşdıra bilərik:

1.
İqtisadi savadlılığın arzuolunan səviyyədə olmaması

Məhşur
bir atalar sözü var, “İnsanın başına nə gəlirsə, bilgisizlikdən
gəlir”. Bu baxımdan, Mərkəzi Bankın xüsusilə, 2015-ci ildən sonra maliyyə
savadlılığının artırılması istiqamətində atdığı addımlar çərçivəsində
“Maliyyə savadlılığı” portalının istifadəyə verilməsi olduqca
təqdirəlayiqdir. Lakin hesab edirəm ki, respublikada iqtisadi savadlılıq
dərəcəsi hələ də istənilən səviyyədə deyildir və bu hal vətəndaşlarımızın
əhəmiyyətli bir qismində baş verən ən fundamental iqtisadi prosseslər barəsində
belə məlumatsızlığa rəvac verərək, ajiotaj mühitinin yaranmasını şərtləndirir.
Bu səbəbdən, aidiyyatı oldu-olmadı, ən xırda iqtisadi xəbərdə belə valyuta
dəyişmə məntəqələrinin qarşısına yığışan və 50-100 dollar almağa cəhd edən
vətəndaşları görürük.

2.
İqtisadi institutlara olan inamın dərəcəsi

İndiki
məqamda iqtisadi blokun fəallığı müstəsna əhəmmiyyətə malikdir. Şübhəsiz ki, ən
müxtəlif addımlarla prossesin mümkün fəsadları neytrallaşdırılmağa cəhd olunur.
Lakin nəzərə alsaq ki, ötən illərdə iqtisadi bloka aid olan bəzi qurumların
gedən dinamik prosseslərə qeyri-adekvat yanaşması bir qisim sıravi
vətəndaşların ağlında sual işarələri yaradıb, o zaman, atılan addımların
mahiyyətinin insanlara daha bəsit dildə və onların məlumat aldığı kanallardan
çatdırılması indiki məqamda onlara güvən hissi aşılayacaq və növbəti
mərhələlərdə, mümkün böhran vəziyyətində edilən çağırışların effektivliyinə öz
müsbət təsirini göstərəcəkdir. Ajiotajın və panikanın qarşısını almağın ən
səmərəli metodlarından biri qarşılıqlı inam mühitinin formalaşdırılmasıdır.

3.
Dünyada gözlənilən iqtisadi resesiya

Dünyanı
ağuşuna alan koronavirus bəlası artıq bioloji müstəvindən çıxaraq iqtisadi
müstəviyə də sıçrayıb. Bütün dünyada sərhədlərin bağlanması, karantin rejiminin
tətbiqi iqtisadi fəaliyyətlərin minimallaşmasına gətirib çıxardı. Lakin
fəaliyyət dayansa da, öhdəliklər dayanmır və bu disbalans sonda böhranla
nəticələnəcək. Təkcə Birləşmiş Ştatlarda, Əmək Nazirliyinin açıqladığı rəqəmə
görə son dövrdə işsizlik 7.1 milyona yüksəlmişdir. Əlavə olaraq, Beynəlxalq
Valyuta Fonduna görə ölkələr üzrə real ÜDM dəyişikliyi, ABŞ üçün -6.1, Avrozona
üçün -7.5, Yaponiya üçün -5.2 və bütövlükdə dünya üçün -3.0 olacaqdır.
Ölkəmizdə də, ekzogen prosses qismində pandemiyaya bağlı olaraq ÜDM-də
azalmanın olacağını bildirən “Fitchs Rating”, buna rəğmən
Azərbaycanın xarici borcunun azlığına diqqət çəkmişdir. Bütün bu xəbərləri
görən yaxud oxuyan və orada “böhran”, “resesiya” və ya
“durğunluq” kimi açar sözləri havada yaxalayan bəzi sıravi
vətəndaşlar iqtisadi bir prosses olacağını anlıyırlar, amma baş verəcək
prossesin nədən ibarət olacağı barəsində məlumatlı olmadıqları üçün ilk
fürsətdə ABŞ dollarının hansısa “möcüzəvi” xüsusiyyətlərinin onları
hər situasiyadan qoruyacağını düşünürlər.

Məsələyə
nəzəri cəhətdən yanaşsaq, adətən xarici valyutanın yığım vasitəsinə çevrilməsi
yerli valyutanın inflasiya sürətinin bir qədər yüksək olduğu durumlarda baş
verir. Çünki heç kim əlindəki pulun alıcılıq qabiliyyətinin azalaraq ona ziyan
vurmasını istəməz. Ən qəribə məqam bundan ibarətdir ki, inflasiya və resesiya
arasında neqativ münasibət vardır. Belə ki, durğunluq dövründə, məcmu tələbin
aşağı düşməsi inflasiyanın artım tempi üzərində mənfi təsirə malik olur.
Yuxarıda qeyd edilən proqnozu yada salsaq, dünyada olduğu kimi, ölkəmizdə də
iqtisadi durğunluq gözlənilir. Buna baxmayaraq, nəzəri cəhətdən surətli ya da
hiper inflasiya real görünmür.

Digər
qorxulan termin isə əhalinin yuxularını ərşə çəkən devalivasiyadır.
Devalivasiya, ticarət balansında natarazlıq olduğu halda baş verir və yerli
valyutanın xarici valyutaya nisbətdə məzənəsinin aşağı düşməsi ilə nəticələnir.
Nəzərə alsaq ki, bizim ticarət balansımızın əhəmiyyətli hissəsi karbohidrogen
ehtiyatlarının hesabına formalaşır və yaxın zamanlarda OPEC+ danışıqları uğurla
nəticələnərək, neftin qiymətində qismən yüksəliş trendli hərəkətlənmə yaradıb,
o zaman, devalivasiya üçün real təhlükənin azalacağını gözləmək mümkündür.

Şübhəsiz
ki, yüksək səviyyəli dollarlaşma
iqtisadi dinamika və inkişaf baxımından ölkəmiz üçün xoşagələn deyildir və buna
qarşı da milli valyutanın gücləndirilməsi istiqamətində sistemli addımlar
atılır. Hesab edirəm ki, yaxın dövr üçün iqtisadi savadlılığın və iqtisadi
institutlara inamın maksimallaşdırılması məqsədi ilə atılacaq ardıcıl addımlar,
mahiyyət etibarilə cəmiyyətə müsbət impuls verərək, bizi gözləyən mürəkkəb
günlərdə manevr imkanlarımızı da paralel olaraq artıracaqdır.

Nicat MURADZADƏ.