ONN İnformasiya Agentliyi

Dövlət başçısı: “Ələt Dəniz Ticarət Limanının tikintisi bu il başa çatmalıdır”

Dövlət başçısı: “Ələt Dəniz Ticarət Limanının tikintisi bu il başa çatmalıdır”
30 Yanvar 2018 - 9:04

“Azərbaycan öz ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işləri görüb. Ancaq növbəti illərdə biz bu xətti də ölkə ərazisində tədricən yenidən qurmalıyıq. Çünki bu istiqamət üzrə də böyük yüklər gözlənilir. Mövcud dəmir yolu infrastrukturu bu yükləri ötürə bilməyəcək. Ona görə builki investisiya proqramında Bakı-Yalama və Bakı-Astara dəmir yollarının modernləşdirilməsi və yenidən qurulması, təmiri, çəkilişi nəzərdə tutulub, vəsait də ayrılıb və işlər dərhal başlamalıdır”.

ONN media-nın xəbərinə görə, bunu prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Dövlət başçısı bildirib ki, bu il Bakı-Yalama istiqamətində tikinti işləri aparılacaq: “Bakı-Astara istiqamətində isə bu il daha çox layihələndirmə işləri aparılmalıdır. Çünki yolun bir hissəsi sahil boyunca gedir. Bu, həm vətəndaşlara narahatlıq gətirir, həm də cənub zonasının turizm imkanlarını məhdudlaşdırır, eyni zamanda, istədiyimiz həcmdə yüklərin daşınması üçün şərait yaratmır. Ona görə biz bu iki önəmli layihəni investisiya proqramımıza daxil etmişik. Bu il və gələn il bu işlər sürətlə aparılmalıdır”.

Prezident İlham Əliyev deyib ki, Ələt Dəniz Ticarət Limanının tikintisi bu il başa çatmalıdır: “Bu yaxınlarda mən orada olmuşam, işlərlə maraqlanmışam. Yəni, işlərin tamamlanmasına az vaxt qalır. Beləliklə, 15 milyon ton yükü aşıra biləcək Xəzər dənizinin ən böyük ticarət limanı fəaliyyətə başlayacaq. Yüz min konteynerin daşınması nəzərdə tutulur. Baxarıq, əgər buna daha böyük tələbat olarsa, hesab edirəm ki, biz Ələt limanını qısa müddət ərzində genişləndirə bilərik. Bunun üçün bütün imkanlar var, texniki imkanlarımız da kifayət qədər böyükdür. Bu da tarixi layihədir. Çünki Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Adətən belə ölkələr nəqliyyat mərkəzi rolunu oynaya bilmir. Ancaq buna baxmayaraq, açıq dənizlərə, okeanlara çıxışımız olmaya-olmaya biz nəinki regionun, Avrasiyanın nəqliyyat mərkəzlərinin birinə çevrilirik və Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Bu dəhlizlər onlarla ölkəni bir-birinə bağlayır, onlarla ölkə üçün şərait yaradır. Bu ölkələr arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihənin fəal iştirakçısı və üzvüdür. Qapalı şəraitdə, açıq dənizə çıxışı olmayan ölkədə belə layihələri icra etmək tarixi xidmətimizdir”.(APA)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png