ONN İnformasiya Agentliyi

Ölkəmiz öz iqtisadi qüdrəti ilə dünya dövlətləri içərisində xüsusi hörmətə malikdir

Ölkəmiz öz iqtisadi qüdrəti ilə dünya dövlətləri içərisində xüsusi hörmətə malikdir
26 İyul 2018 - 13:14

Cavid İsmayıl: "Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilib"

İqtisadçı alim, hüquqşünas Cavid İsmayıl müsahibəsində  prezident İlham Əliyevin regionların sosial -iqtisadi inkişafı naminə imzaladığı Dövlət Proqramında rayonların inkişafına, kənd təsərrüfatı sahəsində aparılan dəyişikliyə, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan işlərə "Olaylar"a verdiyi müsahibədə aydınlıq gətirdi.

– Cavid müəllim, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı Dövlət Proqramları rayonların inkişafına necə təsir göstərir?

– Öncə qeyd edim ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı haqqında 2004-cü ilin əvvəllərində qəbul edilmiş ilk Dövlət Proqramı çox tarixi hadisə idi. Bu proqramın qəbul edilməsi gözlənildiyi kimi, respublikanın regionlarında çox böyük, geniş miqyaslı dönüş yaratdı. Eyni zamanda gələcək dövrdə regionların sürətli inkişafı baxımından da çox sağlam bir təməl qoyuldu.

Bu gün iqtisadiyyatımızın dayanıqlığı, davamlı inkişafı üçün qəbul olunan Dövlət proqramlarının rolu misilsizdir. Dövlət proqramlarının qəbul olunmadığı illərlə ölkəmizin indiki durumu müqayisəyə gəlmir. Tək paytaxtın yox, regionların sosial-iqtisadi inkişafı Azərbaycanın regionda lider dövlətə çevrilməsində müstəsna rol oynamışdır. Həmin proqramların qəbulu ölkə iqtisadiyyatının şaxəli inkişafına nail olaraq iqtisadiyyatın bütün sferalarını əhatə etmişdir. Kənd təsərrüfatı, turizm, sənaye inkişaf edərək regionlarda istehsal və sosial infrastrukturanın yenidən qurulmasına nail olunmuşdur.

Azərbaycan Respublikası rayonlarının hərtərəfli inkişafının təmin olunmasında, iqtisadiyyatın ərazi strukturunun təkmilləşdirilməsində, iqtisadi inkişafın əsasını təşkil edən sahibkarlığın yerlərdə tam bərqərar olmasında, ölkədə yoxsulluq səviyyəsinin azaldılmasında və onun tədricən aradan qaldırılmasında son illər həyata keçirilən siyasət nəticəsində əldə edilən makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm rol oynayır. Dövlət proqramlarında sənaye sahəsində əsas məqsədlərdən biri regionlardakı sənaye müəssisələrinin fəaliyyətinin bərpası, yeni müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bərpası və bu istehsalla bağlılığı olan fermerlərin yetişdirdikləri məhsulların satış imkanlarının artırılması xüsusi diqqətdə saxlanılmışdır. Kənd təsərrüfatının maddi-texniki bazasının yaxşılaşdırılmasında Dövlət proqramından irəli gələn bütün müddəalar öz həllini tapmışdır.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" uğurla həyata keçirilib və iqtisadi göstəricilərin artım dinamikası buna əsas verir. 2008-ci ildə ümumi daxili məhsul 2003-cü illə müqayisədə 2,3 dəfə artaraq 76,3 trilyon manat, ümumi daxili məhsulun adambaşına düşən həcmi 1578 ABŞ dolları, qeyri-dövlət sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 85 faiz təşkil etmişdir. 2004-2008-ci illərdə ümumi daxili məhsulun strukturunda bütün sahələrin, o cümlədən kənd təsərrüfatının artım tempi orta hesabla 10-15 faiz səviyyəsində olmuşdur. Beş il ərzində kənd təsərrüfatı istehsalının real artımı 62,5 faiz təşkil etmiş, bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşunun həcmi 16,8 mlrd. ABŞ dollarına çatmışdır ki, bunun da təxminən 60 faizi regionlara yönəlmişdir.

– Dövlət proqramı sayəsində kənd təsərrüfatı sahəsində aparılan dəyişiklik və inkişaflar haqqında fikilərinizi bilmək maraqlı olardı.

– Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunması məqsədilə 2004-cü ildən başlanmış tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Kənd təsərrüfatının inkişafı üçün çox vacib olan məsələlərdən biri böyük meliorativ tədbirlərin görülməsi idi. Bu baxımdan bu proqramların nəticəsində Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarlarının tikilməsi çox mühüm hadisə idi. Xüsusən də Taxtakörpü və Şəmkirçay su anbarları böyüklüyü və kənd təsərrüfatına təsirinə görə çox mühüm bir layihədir. Bu anbarların tikilməsi kənd təsərrüfatıının inkişafında müstəsna rola malikdirlər.

Son zamanlar artıq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Aqroparkların yaradılması aqrar sahədə sahibkarlığın inkişafını daha da artıracaq. Belə ki, aqroparkların yaradılması kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının artırılmasında mühüm rol oynayır. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.

Eyni zamanda ən vacib bir istiqamət isə, kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur. Kənd təsərrüfatının ümumi məhsulu son 10 ildə (2013-cü ilin göstəriciləri 2003-cü illə müqaysiə edilmişdir) 1,5 dəfə, taxıl istehsalı 43,9 faiz, kartof istehsalı 29,1 faiz, tərəvəz 17,8 faiz, bostan məhsulları 20,5 faiz, meyvə və giləmeyvə 49,1 faiz, üzüm istehsalı isə 2,4 dəfə artmışdır.

– Bölgələrdə aparılan yenidənqurma işləri turizmin inkişafına hansı dəstəyi verdi?

– Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda turizmin inkişafı prioritet olmuş, turizm ehtiyatlarının genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan turizm xidmətləri və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, turizm obyektlərinin tikintisi ilə bağlı layihələrin icrası Dövlət proqramlarından irəli gələn müddəalarla təmin edilmişdir. Turizmin inkişafına böyük təkanlardan biri nəqliyyat sahəsində aparılan böyük miqyaslı layihələrin reallaşmasıdır. Qeyd edək ki, birinci proqram qəbul edilənə qədər ölkəmizdə bir beynəlxalq aeroportumuz var idi – Heydər Əliyev adına hava limanı. Artıq indi Azərbaycanda altı – Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala – beynəlxalq aeroportları istifadədədir. Eyni zamanda bir də yerli əhəmiyyətli Yevlax aeroportu da müasir tələblərə cavab verəcək, müasir standartlar səviyyəsində yenidən quruldu.

Avtomobil yollarının tikintisini də qeyd etməyimiz çox vacib olan amillərdəndir. Belə ki, bu infrastruktur layihələri arasında prioritet yer tutan sahədir. Bu layihə, həm iqtisadi, həm də sosial sahədir. Yolların yenidən qurulması və müasir standarlara cavab verəcək tərzdə bütün infrastrukturu ilə qurulmasıda regionların inkişafına və eyni zamanda turizmin inkişafında rolu əvəzsizdir. Yeni yolların çəkilməsi regionların yenidən canlanması, bölgələrdə canlanmanın, turist axınının artması və eyni zamanda kənd təsərrüfatı məhsullarında artıma səbəb olur. Ümumiyyətlə qeyd edim ki, dövlət proqramlarının qəbulu dövründa cari ilə qədər təqribən 12 min 300 kilometr yol çəkilmiş və 443 körpü tikilmişdir. Bu layihə təsir əhatəsinə görə göründüyü kimi, sadəcə olaraq sosial layihə deyil.

Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur. Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədi ilə 2006-cı ildə Turizm İnstitutu yaradılmış, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılmış, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir.

– Azərbaycan iqtisadiyyatının bu inkişafı onu dünya ölkələrinə necə tanıdır?

– Artıq ölkəmiz öz iqtisadi qüdrəti ilə dünya dövlətləri içərisində xüsusi hörmətə malikdir. Dünyanın qabaqcıl dövlətləri Azərbaycanın maraqlarına hörmətlə yanaşır ki, bu da ölkəmizin iqtisadi qüdrətindən irəli gələn məsələdir. İqtisadiyyatın bütün sahələri üzrə illərlə qəbul edilib və icra olunan Dövlət proqramları iqtisadi gücümüzün artmasına səbəb olmuşdur. Artıq Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilmişdir. Ölkəmiz dünyanın qabaqcıl ölkələrində bır sıra iri layihələrin icrasında yaxından iştirak edir. Həmçinin SOCAR-in dünya dövlətlərindəki yatırımları və iri layihələrin təşəbbüskarlarından biri olması deyilənlərin ən gözəl nümunəsidir. Ölkə iqtisadiyyatının dinamik inkişafının bəhrəsidir ki, artıq Azərbaycan öz iqtisadi gücünə arxalanaraq dünya səviyyəli tədbirlərə ev sahibliyi edir. Düşünülmüş iqtisadi siyasətin bəhrəsidir ki, Azərbaycan İslam ölkələri sırasında və Avropada öz iqtisadi göstəriciləri ilə seçilir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png