Qeyri-hökumət təşkilatlarının NƏZƏRİNƏ!

Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib. ONN media nazirliyə istinadən xəbər verir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər. “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:
- Maliyyə vəziyyəti haqqında; - Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat; - Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər. Eyni zamanda, maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və QHT-nin maliyyə fəaliyyəti olmadığı təqdirdə, yalnız həmin forma doldurularaq Maliyyə Nazirliyinə təqdim edilməlidir. Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron şəkildə alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabatı təqdim etmək olar.