Erməni gülləsinə tuş gəlməyən...

Bazar günü Azərbaycan teleməkanında yayılan bir xəbər məni sarsıtdı. Saatlıdan olan, APREL döyüşlərində gülləyə sinə gərən, atasının, anasının yanına başı uca qayıdan Elnur adlı bir gənc Nizami metrosunun yanında bıçaqlanaraq qətlə yetirilib. Bıçaqlayanlar da mənim "yerlilərim", doğulduğum Əli Bayramlı- Şirvan şəhərindən olublar. Bunu yeri gəlmişkən yazdım, çünki cinayətkarın vətəni olmur.
Məsələyə sıradan adi bir şey kimi də baxa bilərdik, amması var... Hadisədi olub, cavanlar sözləşiblər, sonra keçiblər Salatın Əsgərova küçəsində "haqq-hesab" çəkməyə ... Sonra? Sonrası çox maraqlıdır. Hadisə isə belə olub. Metroda bir xanım əfəndinin başından şal sürüşüb yerə düşüb. Bir qoca kişi şalı qaldırıb qıza qaytarıb. Bu zaman iki gənc qıza və qocaya baxaraq irişiblər və atmaca ataraq "Namus" deyə gənc qızı təhqir edirmiş kimi fikirlərdə olaraq gülüşüblər. Bunların yanında isə Aprel döyüşlərində QALİB ordunun əsgəri kimi döyüşən bir şəxs, yəni Elnur (böyük hərflərlə) özünə və millətinə təhqir sayılan belə irişməni özünə sığışdırmayıb və gülənlərə iradını bildirib. İrişənləri bu qane etməyib. Nəşə təsiri altında olan bu gənclər Elnur əfəndini ( yenə əfəndi böyük hərflərlə) metrodan çıxan kimi haqq-hesaba çağırıblar. Özü də harada... Salatın Əsgərova küçəsində. Bəlkə də, bu üç gənc heç bilmirdi ki, Salatın Əsgərova kimdir? Nə zamansa mənim gəncliyimdə bu qəhrəman qız "Molodyoj Azerbaycana"da işləyəndə arxadaş olmuşuq, saatlarla fikirlərimizi bölüşdürmüşük, indiki Mətbuat prospektindən Nizami kinoteatrına qədər Azərbaycanın gələcəyini ermənilərsiz necə gördüklərimiz haqqında qızğın mübahisələr etmişik. Kim haqlı idi, o başqa məsələ. Bəlkə də belə mübahisələrin növbəti dəfəsindən millətini sevən o qadın azyaşlı oğlunu anasının yanında qoyaraq Qarabağa yazı yazmaq üçün getdi. Və günlərin bir günündə xain erməni pusqusuna tuş gəldi. İlk jurnalistimiz, ilk müxbirimiz şəhid oldu. Dövlət də ona "Milli Qəhrəman" adını verdi. Və bu "Milli Qəhrəman" küçəsində aradan illər keçir, Qalib ordunun əsgəri həmən bu küçədə bıçaqlanaraq öldürülür. Təsadüfmü? Alın yazısımı? Heç birini deyə bilmərəm. Erməninin gülləsindən, topundan yan keçən və qəhrəmanlıqla evinə dönən bir əsgər, erməni gülləsinə tuş gəlməyən "adı qəhrəmanlığa yazılmayan" bir qəhrəman bu dəfə bir şal (yaxud örpək) üstündə özümüzünkülər tərəfindən zavala gəldi, qətlə yetirildi. Bəlkə də, o bədbəxtlər bilsəydilər ki, Elnur bəy APREL döyüşlərinin iştirakçısıdır, onun alnından öpərdilər, amma belə sözlər alnında yazılmamışdı ki! Soyuqqanlıqla soyuq bıçağı çıxardıb Salatın Əsgərova küçəsində bir gənci qətlə yetirdilər.
Sıradan bir hadisə deyil bu. Bir zamanlar ağdamlılar qarşısında örpəyini atan və onları Xankəndinə gedən yoldan geri qaytaran (örpəyini onların ayaqları altına atan) Xuraman Abbasova örpək barədə yenə də o fikirlərdədir? İndi onun qızı, sağa, sola ərəb biliklərin paylaşan Aida Qasımova bu örpək haqqında görən nə fikirləşir. Bəlkə, Aqil Abbasın tərəfdarlarının qarşısını o zaman Xuraman xanımın kəsməyi lazım deyildi.
İndi də bir örpəyə görə bir Aprel qəhrəmanımız Bakıda qətlə yetirildi. Digər bir tərəfdən, Müdafiə Nazirliyi niyə bu qəhrəmanlara sahib çıxmır? Soyadını da bilmədiyim bu qəhrəman Elnur Bakıda nə gəzirdi? Sən demə erməniyə qan udduran bu OĞUL Saatlıdan Bakıya gələrək fəhləlik edirmiş. Niyə? Belə əsgərləri Müdafiə Nazirliyi yaddan çıxardır, niyə onların təhsili ilə maraqlanmır, niyə təhsilə yönəltmir? Suallar çoxdur. Cavabı isə sadədir. Cavan bir oğlanı narkomanlar, dünyası nəşədən asılı olan mənim "yerlilərim" öldürdülər. Utanıram. Erməni gülləsinə tuş gəlməyən Elnur, bizimkinin (əgər bunu demək mümkünsə) bıçağına tuş gəldi, özü də Milli Qəhrəman Salatın Əsgərova küçəsində...
Yunus Oğuz