Sürücülərin DİQQƏTİNƏ: Nişanlarda dəyişiklik edildi

Bakıda qanunsuz parklanmaya intellektual nəzarət kameralarının olduğu mərkəzi küçələrdə yolların buraxıcılıq qabiliyyəti və nəqliyyat vasitələrinin intensivliyi təhlil edilir. ONN media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, kameraların fəaliyyəti nəticəsində nəqliyyat sıxlığını artıran, yolların buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillərin tədricən aradan qalxdığı müşahidə edilir. Parklanmanın daha səmərəli idarə edilməsi məqsədilə, nəqliyyat vasitələrinin intensivliyinin buraxıcılıq qabiliyyətindən daha az olduğu yollardakı müvafiq nişanlarda dəyişikliklər olunur. Bu çərçivədə paytaxtın Azadlıq prospekti, Bülbül, S.Vurğun, D.Əliyeva, R.Behbudov və Ü.Hacıbəyov küçələrində ümumilikdə 33 nişan qanunvericiliyin tələbinə uyğun dəyişdilirilib. 19 yerdə 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib. 14 nişanda isə çatışmazlıq aradan qaldırılıb. Dəyişiklik edilən yol nişanlarına onların tələbinin qüvvədə olduğu vaxtla bağlı (07:30-20:00) məlumat lövhələri də (7.5.4 yol nişanı) qoyulub. Sürücülərin diqqətinə çatdırırıq ki, 3.27 və 3.28 nişanlarının tələbinin qüvvədə olmadığı müddətdə nəqliyyat vasitəsini yolun 2-ci, 3-cü cərgəsində saxladıqları halda onlara qarşı inzibati tənbeh tədbirləri görüləcək.