Cəbhədə erməni təxribatının qarşısı necə alındı?

Cəbhədə erməni təxribatının qarşısı necə alındı?

Azərbaycan Ordusu 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi avantürasının qarşısını əks-həmlə ilə aldı və düşmənə sarsıdıcı zərbələr endirdi. 4 günlük hərbi əməliyyatlarda qoşunlarımız mövqe üstünlüyünü təmin etmiş oldu. ONN media xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov qeyd edib. O bildirib ki, bu vəziyyət Prezident İlham Əliyevin Ordumuzla bağlı dəfələrlə qeyd etdiyi fikirlərin sübutu idi: “Ermənistan tərəfi aprelin 1-dən 2-nə keçən gecə növbəti hərbi avantüraya əl atdı və layiqli cavabını aldı. Ermənistanın Azərbaycanla dövlət sərhədində və qoşunların təmas xəttində törətdiyi növbəti hərbi insident Azərbaycan Ordusunun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini, zəifliyini nümayiş etdirdi. Ən müasir hərbi texnika və silahlarla təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik Ordumuzun 4 gün ərzində düşməni əks-hücum ilə darmadağın etməsi cənab Prezidentin yuxarıda qeyd olunan fikirlərinin tam həqiqəti əks etdirdiyini bir daha təsdiqlədi”. Millət vəkili vurğulayıb ki, Ermənistanın aprel hərbi təxribatı və ona Azərbaycan Ordusunun verdiyi layiqli cavab bir sıra nəticələrə gəlməyə əsas verir: “Birinci nəticə: Ermənistan ordusunun və qondarma “DQR silahlı qüvvələri”nin kifayət qədər güclü olması, ən müasir silahlarla təchizatı və əsgər-zabit heyətinin yüksək döyüş ruhuna malik olması ilə bağlı erməni təbliğat maşınının illərlə formalaşdırdığı mif sabun köpüyü kimi dağıldı. Ermənistan ordusunun keçən əsrin 80-ci illərinin silahlarından istifadə etdiyi həqiqəti bəlli oldu. Həmin dövrdə Ermənistanın Baş naziri Ovik Obramyanın İrəvana səfər etmiş Rusiyanın Baş naziri Dmitri Medvedyevə 200 milyon dollar kredit üzrə silah-sursatın verilməsinin hələ də Moskva tərəfindən yubadıldığını xatırlatması və bu məsələdə köməklik göstərilməsini, az qala, yalvararaq xahiş etməsi yuxarıda söylənən fikirlərin düzgünlüyünü təsdiqləyir. Bundan savayı, Ermənistanın o zamankı prezidenti Serj Sərkisyan Almaniyada səfərdə olarkən 2 hadisənin onu üzdüyünü dilə gətirməkdən çəkinməmişdir. Birincisi, Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunub. İkincisi, müttəfiqləri olan Rusiya Azərbaycana müasir silah-sursat satır. Əli Xocalıda dinc, günahsız soydaşlarımızın qanına bulaşmış “Serj Sərkisyanı heç vaxt bu qədər bədbin və inamsız görməmişdik” fikri də erməni ekspertlərinə məxsusdur. İkinci nəticə: Beynəlxalq birliyin subyektlərinin mütləq əksəriyyəti, o cümlədən böyük dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini müdafiə etdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “bütün həmsədr ölkələr – ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin... qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və biz də bunu istəyirik”. Hətta iş o yerə gəlib çatdı ki, Ermənistanın Xarici İşlər Nazirliyi beynəlxalq qınaq obyektinə çevriləcəyi perspektivindən ehtiyatlanaraq, bu istiqamətdə yaranmış vəziyyətin geniş təhlilə ehtiyacı olduğunu vurğuladı və məlum istiqamətdə fəaliyyətin yenidən qurulmasının vacibliyini qeyd etdi. Xüsusilə, Ermənistanın hər zaman istinad edərək Azərbaycanı hədələdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ayrı-ayrı üzvlərinin davranışı rəsmi İrəvanın ”yuxusuna haram qatdı”. Xüsusilə Qazaxıstan və Belarus dövlətlərinin Azərbaycanın mövqeyini birmənalı olaraq müdafiə etməsini böyük məmnunluq hissi ilə qeyd edirik. Türkiyə hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanın yanında oldu. Dövlətlərimizin qardaş, dost, strateji müttəfiq olması həqiqəti növbəti dəfə tarixin sınağından çıxdı. Ermənistan mətbuatı və ziyalıları isə ölkələrinin təkləndiyini, müttəfiqsiz qaldığını etiraf etdilər. Üçüncü nəticə: 1994-cü ildən bəri davam edən nisbi atəşkəs dövründə ilk dəfə olaraq Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbə endirə bilməsi bir sıra amillərlə bağlıdır. Xüsusi olaraq qeyd edək ki, Ulu öndər Heydər Əliyevin ordu quruculuğuna prioritet sahə kimi yanaşması və bu istiqamətdə göstərdiyi misilsiz fəaliyyət Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilib. Son 15 il ərzində Azərbaycanın hərbi arsenalı ən müasir silahlarla təmin edilib. Ölkə büdcəsində hərbi xərclər birinci mövqedədir. Ordumuzun hərbi-vətənpərvərlik ruhu özünün pik nöqtəsindədir. Bütün qoşun növləri arasında unikal koordinasiya mövcuddur. Ən başlıcası isə hakimiyyət və xalq arasında monolit birlik vardır. Xalq prezidentini sevir, prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. Məhz bu reallıq ölkəmizdə siyasi sabitliyin formalaşmasını təmin edən başlıca amilə çevrilmişdir. Bütün bunlar Ermənistanda yoxdur. Məhz Aprel döyüşlərinin bilavasitə nəticəsi olaraq Ermənistan dövlətinin onsuz da zəif olan dayaqları sarsılmış oldu. Ermənistan inqilab yaşadı. Sərkisyan rejimi tarixin qaranlıq küncünə atıldı. Ermənistanın müdafiə naziri və əksər generalları vəzifələrindən qovuldular. Ermənistanda yeni müxalifət düşərgəsi - “Əsgər anaları hərəkatı” formalaşdı. Ermənistan ordusunun böyük aprel itkiləri fonunda bu hərəkatın sıraları ədədi deyil, həndəsi silsilə ilə artmaqdadır”. E.Nəsirovun sözlərinə görə, bu reallıqlar Ermənistanın yeni rəhbərliyi üçün ibrət dərsi olmalıdır: “Əks halda Ermənistanı hərbi cəbhədə labüd biabırçı məğlubiyyət gözləyir. Ermənistanın siyasi-hərbi rəhbərliyinin papağını qarşısına qoyub düşünməyinin vaxtı çoxdan çatıb. Hər keçən zaman Ermənistanın əleyhinə işləməkdədir”.

Geri qayıt