ONN İnformasiya Agentliyi

Türkiyədəki zəlzələ Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

Türkiyədəki zəlzələ Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?
07 Fevral 2023 - 16:34

Türkiyənin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.

Dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a, yaralıların sayı isə 22 168 nəfərə çatıb.

Dünya mediasının gündəmində olan hadisənin təkcə Türkiyəyə deyil, bütün bölgəyə təsirləri müzakirə mövzusudur. Ekspertlər düşünürlər ki, dəhşətli zəlzələ nəticəsində yaranmış vəziyyətin xüsusilə Türkiyə ilə iqtisadi əlaqələri güclü olan dövlətlərə də təsiri qaçılmazdır.

Bəs qardaş ölkədə baş verən zəlzələ Azərbaycanla iqtisadi əlaqələrə necə təsir edəcək? İdxal-ixrac əməliyyatlarında gecikmələr, bunun fonunda ölkəmizdə hansısa məhsulların qiymət artımı mümkündürmü?    

Mövzu ilə əlaqədar Oxu.Az-a danışan iqtisadçı Elçin Süleymanov qeyd edib ki, Türkiyə Azərbaycan iqtisadiyyatı üçün ən əhəmiyyətli ölkədir və orada baş verən zəlzələ müəyyən mənada iqtisadi əlaqələrə təsir edə bilər:

“Birbaşa ciddi təsirlərin olacağını hesab etmirəm, amma istənilən halda Türkiyə qardaş ölkədir. İdxal-ixrac əməliyyatlarına nəzər saldıqda da Türkiyə ilə iqtisadi əlaqələrin nə qədər geniş olduğunu görə bilərik. Xüsusilə Malatya və Antep Türkiyənin sənaye baxımından əhəmiyyətli zonalarından sayılır. Ona görə də zəlzələnin Türkiyə iqtisadiyyatına zərəri 50-60 milyard dollar civarı qiymətləndirilir. Bu, Azərbaycan iqtisadiyyatına da dolaylı olaraq, mənfi təsir göstərə bilər.

Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin Ceyhan limanında qısamüddətli durğunluq meydana gəldi. Amma tezliklə işlər bərpa olundu. Azərbaycana idxal əməliyyatlarında müəyyən gecikmələr ola bilər. Amma düşünürəm ki, bu, ciddi problem yaratmaz. Zəlzələ baş verən bölgələr – Hatay, Şanlıurfa, Diyarbəkir, İskəndərun daha çox Suriya ilə həmsərhəd ərazilərdir. Zəlzələ ilə əlaqədar daha çox Malatya, Antep, qismən isə Maraşdakı sənaye quruluşlarının zəifləməsi Azərbaycana bir qədər təsir göstərə bilər. Buradan ölkəmizə müəyyən sənaye məhsullarının idxalı mövcuddur”.

Elçin Süleymanov xüsusilə qeyd edib ki, Türkiyə ilə əsasən iki istiqamətdə əməkdaşlıq mövcuddur:

“Birinci, neft-qaz sahəsidir ki, bununla bağlı ciddi problemlər olmayıb. İkinci məsələ isə, idxal edilən məhsullardır. Burada da ciddi axsama olmaz.

Türk lirəsinin Azərbaycan manatına görə ucuzlaşması iş adamlarına imkan verir ki, qiymətləri tənzimləyə bilsinlər. Etiraf etmək lazımdır ki, Türkiyədəki qiymətlər Azərbaycandakından dəfələrlə ucuzdur. Buradakı iş adamları qiymətləri aşağı sala bilərlər. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qiymətlərə nəzarət edə bilər ki, türk mallarına ölkəmizdə süni qiymət artımı tətbiq edilməsin. Sahibkarlar zəlzələni bəhanə edərək qiymətləri qaldıra bilərlər. Amma belə sui-istifadə baş versə belə, qısa zaman çəkəcək”.

Qeyd edək ki, Gömrük Komitəsi tərəfindən açıqlanan statistik göstəricilərə əsasən, 2022-ci ildə Türkiyə ilə 5 milyon 842 min ABŞ dolları həcmində ticarət dövriyyəsi aparılıb. Bu göstəricilərdən 3 milyon 545 min dollar ixrac, 2 milyon 297 min dollar isə ixrac əməliyyatlarının payına düşür. Ümumilikdə Türkiyə Azərbaycanın ticarət əlaqələrində ən çox əməkdaşlıq etdiyi ikinci ölkədir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png