Dəhşət: döyülərək küçəyə atılan 18 yaşlı qız öldü – Təfərrüat

Beyləqan rayonunda 18 yaşlı qız küçədə huşsuz vəziyyətdə tapılıb.

ONN media xəbər verir ki, gənc qız rayonun Kəbirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkarlanıb.

Gənc qızın kənd sakini olmadığı və naməlum şəxslər tərəfindən döyülərək əraziyə atıldığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Gənc qız ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ötən gecə Beyləqan rayonunda 18 yaşlı qızın vəhşicəsinə döyülərək yol kənarına atılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bu gün Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölən Quliyeva Aygün Mehman qızı xəstəxanaya gətirilərkən koma vəziyyətində olduğundan onun hansı şəraitdə və kim tərəfindən döyüldüyü hələlik məlum olmayıb.

Bildirilir ki, ailədə 6 uşaqdan (3 qız və 3 oğlan) biri olan Aygün dünən axşam saatlarında Yuxarı Aran kəndindəki evlərindən çıxıb. Gecə saatlarında isə Beyləqan-Kəbirli yolunun kənarında onu ölümcül halda aşkarlayıblar və hadisə yerinə gələn polis əməkdaşlarının köməkliyi ilə qız xəstəxanaya çatdırılıb.

Məlumata görə, döyülərək öldürülən Aygün Quliyeva subay olub. Onun ötən gecə kiminlə görüşməsi, harda və hansı şəraitdə döyülməsi hələlik məlum deyil. Kənd sakinləri qızın ailəsinin sakit həyat tərzi sürdüyünü və kiminləsə düşmənçilik etmədiyini deyiblər.

Araşdırmalar davam etdirilir.