Zarafat qanla bitdi: həmkəndlisini öldürdü
Tovuz rayonunda qətl hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisə rayonun Aşağı Ayıblı kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini Elməddin Quliyev həmkəndlisi, 1997-ci il təvəllüdlü Asəf Rüstəmov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən A.Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, hadisə zamanı hər iki şəxs spirtli içkinin təsiri altında olub.
Bildirilib ki, tərəflər kafelərdən birində içki məclisində olublar. Bu zaman Asəf Rüstəmov digər masada əyləşən şəxslərlə zarafat edib.
Onun bu hərəkəti həmkəndlisi Elməddin Quliyevin iradına səbəb olub. Bundan sonra hər iki şəxs arasında mübahisə yaşanıb. Aralarındakı gərginlik yaxınlıqdakı çayxanaya qədər davam edib. Bu zaman A. Rüstəmov bıçaqla onun ürək nahiyyəsinə zərbə endirib. Nəticədə E. Quliyev elə hadisə yerində vəfat edib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.
