ONN İnformasiya Agentliyi

10 manat və AZAL … – Cavid İSMAYIL yazır

10 manat və AZAL … – Cavid İSMAYIL yazır
09 İyun 2022 - 12:43

Əfəndilər!

Yaxşı xatırlayıram. Zaman-zaman AHY-nın kredit və ya zərərlə işləməsi xəbərləri mediada yayımlandıqdan bir müddət sonra, Bakı-Naxçıvan aviabiletlərinin qiymətinin qalxması məsələsi gündəmə gəlir. Bir müddət əvvəl  AHY-nın zərərlə işləməsi yenə də mediada gündəm oldu.

Doğrudur, bəlkə də iqtisadi cəhətdən Naxçıvana aviabiletlərin dəyəri baha ola bilər.Təbii ki, bunun üçün Bakıdan Naxçıvana uçan təyyarə, onun uçuş xərcləri və s. yəni kalkulyasiya haqqında məlumatım olsa idi tam dəqiq qeyd edərdim. Yeri gəlmişkən, AHY-nin  bu məlumatı açıqlamayacağına əminəm. Lakin məhz bu məsələ insanlarımızın bütün təbəqəsinə bilavasitə və dolayısı ilə aidiyyəti olduğundan Hesablama Palatası və ya Maliyyə Nazirliyi tərəfindən ictimaiyyətə məlumat verilməsini alqışlayardım. Onu da qeyd edim ki, dəyərin formalaşma kalkuliyasiyası acıqlanmasa da, qeyd edilən reysin dövlətə 1 istiqamətə 1 nəfər üçün 70 manata başa gəldiyi bildirilir.

Nə isə indi iqtisadi məsələlərin üzərində durmaq istəmirəm. Gələk mətləbə.

Hər kəsə məlumdur ki, Naxçıvan ötən əsrin sonlarından blokada şəraitində yaşayır. Doğrudur, blokadada olsa da dövlət tərəfindən düzgün siyasi-iqtisadi idarəetmə mexanizminin qurulması nəticəsində türkün dədə yurdu Naxçıvan düşmənlərə sinə gərərək yaşayır və blokada şəraitində maksimum dinamik inkişaf edir. Onu da qeyd edim ki, AHY – nın rəhbərliyinin Naxçıvan təcrübəsindən öyrənəcəyi çox məsələ var. Məsələn, taksi və taksi sürücülərinin xidmətinin aeroportdaxili nizamlanması məsələsi. Və yaxud da, Azərbaycanda dövlət səviyyəsində nağdsız qaydada alış-verişə önəm verildiyi halda əksər istiqamətdə uçduğum təyyarələrdə alış-veriş yalnız nağd qaydada aparılır. Niyə?! Yerdəki qayda-qanun, dövlətin strateji xətlərindən olan nəğdsiz əməliyyatların aparılması yoxsa göydə keçərli deyil? Yazılarımın birində qeyd etmişdim, bu gün də aktual olaraq qalır. Göy demişkən, posterminalsız əməliyyat aparan müasir hava alverçilərinin təklif etdiyi məhsullara göydəki qiymətlə yerdəki qiymətin sözün əsl mənasında yerlə-göy qədər fərqi var. Səbəb? Nə üçün?

Əlqərəz…

Əfəndilər! Əhalinin Vətənin əsas hissəsinə – Naxçıvandan çıxışı hava yolu ilə tənzimlənir. Reyslərin arada qıtlığı, təyyarələrin daha böyük tutumlu olmaması başqa mövzunun predmetidir. Lakin düşünün, 1 nəfərin Naxçıvana gedib Bakıya qayıtması köhnə dəyərlə bir istiqamətə 50 manat, iki istiqamətdə 100 yüz manata başa gəlirdi. Hələ bunun aeroporta və ordan da çatacaq mənzilə xərcləyəcəyi vəsait, gedəcəyi doğmalarına el adətinə uyğun hədiyyə alması və s. Eyni zamanda bir ailə Naxçıvana və ya Naxçıvandan Bakıya toy və ya hüzr üçün gəlməli və ya getməlidir. Düşünün, bir ailənin iki böyük və iki uşaq olmaqla 4 üzvü olduğu halda bu rəqəm 400 manata başa gəlirdi. Və digər xərcləri də göz önünə gətirin. Onu da qeyd edim ki, insanlar var ki, hələ 50 manat olanda belə xəstə doğması, ata-anasını gedib ziyarət edə bilmirdi. Və yaxud, Naxçıvanda əsgər xidmət edir, di gəl maddi durumu aşağı olan valideyn uç Naxçıvana.

Biletin qiymətini qaldıran cənablar, bundan məlumatlısız?!  Burada qeyd edib və etmədiyim sosial məsələləri dəyərləndirmisiniz? Zamanında ümummilli lider Heydər Əliyev və cənab Prezidentin bu məsələ ilə bağlı tövsiyyələrinə bir göz gəzdirdinizmi?

Cənab bileti qaldırıb, AHY- xərclərini 10 manat Naxçıvan reysinin üzərində rentabelliyə çevirənlər sizi bilmirəm amma mənim yaxşı yadımdadır. Sizə də xatırladım. Elə son dəfə 11 avqust 2002-ci il tarixdə Naxçıvanda olarkən ümummilli lider Heydər Əliyev, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərova növbəti bir dərs vermişdi. O, insanların Naxçıvandan başqa yerlərə, xüsusən Bakıya, digər şəhərlərə getməsi, əsasən, hava yolu vasitəsilə təmin olunduğunu və o dövr üçün “Azərbaycan Hava Yolları” Konserninə ildə 45 milyard manat subsidiya ayrıldığını xatırladaraq nə üçün vəsaitin ayrıldığını ona bir daha başa salmışdı. Eyni zamanda ciddi tənbeh edərək demişdi “… biz subsida ayırmasaq biletlərin qiyməti 2-3 dəfə artıq olacaqdır … “, “… Mən də buna imkan vermirəm. Çünki hesab edirəm ki, Naxçıvanda yaşayan insanların təyyarədən istifadəyə ehtiyacı bütün başqa yerlərdə yaşayan insanlara nisbətən çoxdur.”

Dünyaya neft satdığımız halda bizdən alınan yanacaqla təyyarələri uçan dövlətlərdən daha bahalı olan bilet qiymətləri də göz qabağında. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə biletlərin suni artımı ilə bağlı ciddi iradlar tutub.

Əfəndilər, birini xatırladım. 2015-ci ilin iyulun 13-də Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da növbəti dəfə  aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırıldığını irad tutaraq Azərbaycanın yanacağı xaricdən almadığını və yerli istehsal olduğunu,  başqa ölkələrə nisbətən ağ neftin Azərbaycanda ucuz qiymətə verildiyini, AHY-na  dövlət tərəfindən böyük subsidiyaların ayrıldığını, bütün aeroportların dövlət hesabına tikildiyini, bütün təyyarələrin dövlət büdcəsinin vəsaiti hesabına alındığını xatırladaraq, aviobiletlərin nəyə görə baha  olduğunu sual etmişdir.

Bəli, Azərbaycan bu gün daha qüdrətli və daha da inkişf etməkdədir. Belə olan halda AHY-nın xərclərinin ötən əsrin sonlarından ağır blokada şəritində olan, DÜŞMƏNLƏRƏ SİNƏ GƏRƏN, YAĞILARA GÖZ DAĞI, DOSTLARA MƏRDLİK QALASI, QOCA ŞƏRQİN QAPISI, TÜRKÜN QEYRƏT QALASI olan Naxçıvana biletlərin dəyərini 10 manat qaldırmaqdan başqa yol tapa bilmədiniz? 

Və sonda bir təklifim var. Naxçıvana Bakıdan dövlət işləri ilə bağlı uçan böyük yetkililərin, təbii ki, Millət vəkilləri olmaqla bilet xərcləri dövlət büdcəsi tərəfindən ödənilməsin. Bəlkə ara-sıra şəxsi vəsaitləri hesabına biletə vəsait xərcləyələr ki, bilet pulları ilə bağlı deyilənləri tam qəbul edələr.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png