ONN İnformasiya Agentliyi

“Mənim vətəndaş mövqeyim” və sözlərdən ibarət sərvət

“Mənim vətəndaş mövqeyim” və sözlərdən ibarət sərvət
10 İyun 2022 - 21:12

YUNUS OĞUZ

yazıçı-publisist

Bu gün kitab yazan çoxdu. Haqqı çatan da yazır, çatmayan da. Olsun. Onsuz da yaxşı ilə yamanı sən seçə bilirsən, əziz Oxucu. Sən bilirsən ki, nəyi oxumaq olar, nəyi kənara atmaq lazımdı. Sən hansısa bir kitabı əlinə alıb vərəqləyəndə, ilk səhifələrinə göz gəzdirəndə başa düşürsən ki, o, söz yığını, cızmaqaradı, yoxsa dəyərli SÖZlərdən ibarət sərvətdi?! Bəri başdan səni əmin edirəm ki, əlində tutduğun kitabdan faydalanacaqsan, öyrənəcəksən, üstəlik mənbə olaraq istifadə edib öyrədəcəksən də. Yaxşı kitaba həmişə ehtiyac var. Yaxşı kitabı da yaxşı adam yazır və o, öz oxucusunu tapır.

“Mənim vətəndaş mövqeyim” məhz yaxşı kitabdı, məhz yaxşı adam yazıb – heç bir zaman sağa – sola sarpmayan, öz yolunda gedən, Azərbaycana canı, qanı ilə bağlı olan, vətəni sevən, millət qədri bilən, Turan sevdalısı, türkçülüyü yorulmadan təbliğ edən, dövlətə və dövlətçiliyə xidmət göstərən Cavid İsmayıl. Sevimli Oxucu, elə bilmə ki, sadaladığım bu təşbehləri Cavid müəllim üçün elə-belə deyirəm. Yox, əlbəttə. Onu yaxından görənlər bilirlər ki, Cavid müəllimdə saxta sevgi yoxdu, varlığı ilə torpağa bağlıdı, təpədən-dırnağa vətənsevərdi, əsil vətəndaşdı, “vətən daşıdı”. Əminəm ki, yazılarını oxuyanlar da onun şəxsiyyəti ilə qiyabi tanış olmaq fürsəti əldə edirlər. Çünki hər sözün, hər fikrin altından qoyulan imza müəllifin şəxsiyyətindən xəbər verir. C

Cavid İsmayılın mövqeyi bəllidi – bunu hər kəs bilir, əvvəldə də yazdım. Amma bilməyənlər üçün bir neçə kəlmə yazıb “Mənim vətəndaş mövqeyim” haqqında fikirlərimi bölüşmək istəyirəm. Öncə onu deyim ki, Cavid müəllimin vətən sevgisi ona qanla keçib – genetik olaraq. Çəkinmədən deyə bilərəm ki, babasından atasına, atasından da ona miras qalan Vətən eşqi, türk sevgisi onun başqa sevgilərindən üstündü. Əziz oxucu, əgər bu dediklərimin gerçək olduğuna şübhə edirsənsə, heç tərəddüd etmədən əlindəki kitabın ilk səhifələrindən başlayan “Xatirələrdə yaşayan partizan Tağı” nı oxu. Diqqətlə oxu, düşünərək oxu, sevərək oxu. Çünki bu hekayədə gerçək insan taleyi qələmə alınıb. Bir yurdsevərin, bir vətən aşiqinin mübarizələrlə dolu həyatından bəhs olunur. Bir ömür haqsızlığa qarşı döyüşən, ədalətsizliklə mübarizə aparan, mövcud quruluşun çirkinliklərinə boyun əyməyən, üsyankar Tağı Məşədi Mahmud oğlu İsmayılov Cavid İsmayılın babasıdı.

O, babasını oxucularına tanıtmaqla, məncə, demək istəyib ki, özünün də damarlarında axan qan əsil qandı, təmiz qandı, qarışıqqanlılarla heç bir əlaqəsi, heç bir yaxınlığı yoxdu. Hekayəni oxuyanda görəcəksiniz ki, Tağı Məşədi Mahmud oğlu o dövr üçün ziyalı sayıla biləcək bir ailədə doğulub, zəmanənin naqisliklərinə göz yumulan bir mühitdə tərbiyə alıb. Və bu tərbiyə onun cəsur, mərd, mübariz olmasında, döyüşkən və üsyankar kimi formalaşmasında böyük rol oynayıb. Cavid müəllim Tağı Məşədi Mahmud oğlu İsmayılov haqqında babası olduğu üçün yox, məhz Azərbaycan xalqının mərd, igid, qeyrətli oğlu olduğu üçün yazıb.
Mərdlik, igidlik qanla keçir, tərbiyə ilə formalaşır, ətraf mühitin təsirindən bərkiyir. Tağı Məşədi Mahmud oğlu 71 illik ömründə uzun bir yol keçib. Bu yolda o, həbsə düşüb, amma bir müddət sonra qaçmağa müvəffəq olub. Sibirə sürgün olunmaqla hədələnib, amma qorxmayıb. Gizli siyasi təşkilat yaradıb, əsgərlər arasında təbliğat apararaq açıq fikirli əsgərləri mübarizəyə cəlb edib. Əsasən də ermənilərlə döyüşüb, onların ayağını Naxçıvan torpağından kəsmək üçün var gücü ilə vuruşub. Yaxşı döyüş taktikası olub. “Partizan Tağı” ləqəbini şərəflə daşıyan Məşədi Mahmud oğlu ermənilərə qan uddurub. Qafqaz Müsəlman Ordusunun komutanı Nuru Paşa tərəfindən qiymətli daşlarla bəzədilmiş xəncər və “Türk çapı” mükafatını alan Partizan Tağının bütövlükdə taleyinin necə olduğunu, sevimli Oxucu, “Xatirələrdə yaşayn şərurlu partizan Tağı”nı oxuyanda biləcəksən.

Əziz Oxucu, sən bu kitabdan bilirsənmi daha nəyi öyrənəcəksən? Biləcəksən ki, illər sonra Partizan Tağının nəvəsi hələ 17 yaşında SSRİ-nin dağılmasında, böyük bir imperiyanın çökməsində iştirak edib. SSRİ-nin İranla sərhədinin sökülməsində göstərdiyi fəallıq Cavid müəllimin taleyindən qırmızı xətlə keçir. O bu barədə qardaş Türkiyə Cümhuriyyətinin “Turkish – news” qəzetinə verdiyi müsahibədə ətraflı danışır. Sən həmin müsahibəni və digər maraqlı yazıları əlindəki kitabdan oxuyub bir Vətən oğlu ilə tanış olacaqsan. Biləcəksən ki, jurnalist düşüncəsi ilə ayrı-ayrı mövzular üzrə qələmə alınan yazılaradakı fikirlər, hiss və həyəcan dolu sözlər müəllifin iç dünyasından xəbər verir. Çünki hər bir jurnalist yaza-yaza nəyisə öyrənir və nəyisə oxucuya başa salır, təlqin edir. Kitabda da faktların dili ilə danışan Cavid müəllim oxucusunu yormaq istəmir. Bəzi yazıları qısadı, lakin konkret fakta söykənib. Bəzi yazılarını ürək ağrısı ilə qələmə alıb. Bakının, ümumilikdə Azərbaycanın dərdlərini çözməyə, dərmanını tapmağa çalışıb. Elə yazısı da var ki, ilk cümlələrdən Cavid müəllimin harayını, SOS siqnalını “eşitmək” olur. Ümumilikdə kitabda toplanan yazılarda müəllif siyasi -iqtisadi düyünlərdən, ədəbiyyat, mədəniyyət, din və mənəviyyat məsələlərindən, səhiyyədə, təhsildə baş verən çirkin əməllərdən, ana dilinin müqəddəsliyindən və ona kəc baxanlardan söhbət açır, eləcə də həmin problemlərin aradan qaldırılması yollarını göstərir.

Əziz Oxucu, mən buradaca yazıya nöqtə qoyuram. Sənə az da olsa istiqamət verən bu “Ön söz”dən sonra oxuyacağın yazılar inan ki, həyatında nəyinsə dəyişməyinə, nəyisə yenidən öyrənməyinə təkan verəcək.

Və mən bəri başdan həm səni təbrik edirəm, həm də Cavid İsmayılı!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png