ONN İnformasiya Agentliyi

Aysberq qadın – Züleyxa NADİR yazır

Aysberq qadın – Züleyxa NADİR yazır
22 İyul 2022 - 10:45

Jurnalist ömrü, qəzetçi taleyi başqalarına bənzəmir. Tam fərqli bir taledir, fərqli bir yaşamdır bu ömür. Bu ömürdə yaşananlar başqa peşə sahiblərinin taleyində olmur. Jurnalistin həyatı çalxantılarla, fırtınalarla dolu olan bir ömürdür. Onun gündəlik iş rejimi də fərqlidir. Əsil jurnalistin ürəyi həmişə sızlayır. Əsil jurnalistin beyni daim fəaliyyətdə olduğu üçün ağrıyır. Lakin bu sızıltılar, bu ağrılar çox şirindi. Belə ağrılarla yaşadığım üçün həzzi mənə də tanışdır. Bu sızıltılarla yaşayan jurnalistləri mətbuat cameəsində yaxşı tanıyırlar. Onlar ömürlərini SÖZə fəda edən, taleyin hər cür  oyunlarından SÖZlə çıxanlardı. Onlar müqəddəs SÖZün qulu,  jurnalistikanın fəhlələri olan fədakarlardı, medianın sütunlarıdı.  Azərbaycan mətbuatı bu gün məhz həmin  fədakar jurnalistlərin çiyni üzərində dayanıb. Belə fədakarlardan biri də Fatma xanım Abbasquliyevadı – “Olaylar” qəzetinin  redaktoru və “yük daşıyanı”.

Diqqətli və zövqlü oxucu, eləcə də SÖZ əhli yəqin ki, sonuncu ifadənin hansı anlama gəldiyini bilməmiş deyil. Mətbuat “yükü” elə ağırlıqda olur ki, zərif qadın çiyinlərinin onu daşıması üçün  jurnalistin fiziki və mənəvü gücü heç vaxt tükənməməlidir. Azərbaycanda çox “mənəm-mənəm” deyən jurnalist var ki, bu dediyim nəsnədən  uzaqdadı. Fatma xanım isə ömrünü bu yükü daşımağa həsr edib, taleyini jurnalistikanın düyünlərini çözməyə bağlayıb. Bu, yaxşıdımı, pisdimi?  Bilmirəm. Amma Fatma xanımı nəhəng aysberqə bənzətsəm görünən tərəf  hər şeyin yaxşı olduğunu diqtə edir. Əks halda bir gün olsun belə kompüter arxasında oturaraq yazıları saf-çürük etməz,  “Olaylar”da   redaktənin, üstəlik də məsul katibliyin  “əsiri” olmaz.

                                                          ***

Jurnalistikada fədakarlar könüllü olaraq  SÖZə əsir düşür, ürəkdən ona təslim olurlar. SÖZün başına oyun açanlar, onu belədən – belə, elədən – elə sürüyənlər bu əsirliyin, bu təslim olmanın həzzini heç vaxt yaşaya bilməzlər. Fatma xanım illərdi SÖZlə yaşamağa, SÖZlə nəfəs almağa özünü “məhkum” edib. O,  “SÖZ məhbəsində könüllü olaraq, özü də məhkəməsiz, müddətsiz işgəncə çəkir, ağrılarla yaşayır”. Bəlkə də bu işgəncə, bu ağrı onun taleyinə Allah tərəfindən bəxş edilmiş bir lütfdü.  Məncə, bu, Allahın hikmətdi. Onun hikmətini  isə sorğulamaq bəndənin həddi deyil.

 Nə zaman zəng vurub nəsə soruşmaq istəyərsən iş başından cavab verəcək: işdəyəm, canım, sonra zəng vuraram. Vəssalam. Qısa, kəsə. Sonra nə sən ona təkrar zəng vurub işindən ayırmağa qıyırsan, nə də onun vaxtı imkan vermir ki, yaxın saaatlarda səninlə əlaqə qursun. Ona görə də bir çox hallarda evə gedərkən, elə yoldaca telefonla əlaqə saxlayıb nə üçün zəng vurduğunu soruşar, nə problem olduğu ilə maraqlanar, hansısa çətinliyə düşməyindən dolayı qayğılandığını söyləyər. Amma biləndə ki, yox, elə-belə, hal-əhval tutmaq üçün axtarırasan, rahat nəfəs aldığını telefonun bu başından hiss edirsən. Və təkrar vəd verir: evə çatım danışarıq. Sən isə bilirsən ki, bu danışıq olmaya da bilər. Ailədə onu daha başqa işlər gözləyir. Evinin işi-gücü, mətbəxdəki biş-düş, məişət problemləri, yeganə övladının qayğıları, həyat yoldaşının narahatlıqları, qohum-əqrəbanın hansısa düyününü çözmək, dost-tanışın sıxıntılarını ortadan qaldırmaq və s. və i. Arada kompüterin qarşısına keçərək qəzetin eyniadlı saytına nəzarət etmək, hansısa materialı  panelə yerləşdirmək, ən son xəbəri gecəyarısı oxucuya çatdımaq da ev işlərinin arasından hər gün  “boy göstərir”.

                                                           ***

Mən heyrətsiz və sevgisiz jurnalistika təsəvvür edə bilmirəm. Yoxsa ən əzablı və ən məşəqqətli hədəf olan həqiqətin sərhədlərini tapa biməzsən. Bunu bacarmayan adam peşəkar jurnalist ola bilməz. Fatma xanım məhz peşəkardı. Ona görə də heç vaxt SÖZlə kobud rəftar etmir, onu eybəcərləşdirmir. Onun SÖZü özü kimi dünya gözəlidi. Onun SÖZü  özünün əxlaqı kimi təmiz, mənəviyyatı kimi zəngindi. Dünyanın mizan-tərəzisinin pozulduğu – yaxşının yamanı üstələdiyi, əyrinin doğrunu kəsdiyi, çirkinin gözələ ağız büzdüyü, savadsızın savadlıya rişxənd etdiyi, qorxağın igidə çirkab atdığı, dinsizin, imansızın  Allah sevgisinə tənə etdiyi, qanmazın, anlamazın meydan suladığı  bir zamanda Fatma xanım həm gözəl qalmağı, həm də mənən zəngin olmağı bacarıb. Bunun səbəbi sadəliyi və mehribanlığıdı. İmzasına hörmətlə yanaşması, qələminə xəyanət etməməsi də onun gözəlliyinin  atributudu.

 O, illərdi bu əzablı, çətin, lakin şərəfli və müqəddəs yolun yolçusudu. Onu tanıdığım gündən bəri bir dəfə də olsun  “yoruldum”, “usandım” sözlərini eşitmədim. Çünki SÖZün qədrini bilir, onu ucalıqda saxlayır. SÖZə tapınıb onunla sirdaş olduğu üçün bu sevimli  xanım jurnalist peşəsini ürəkdən sevir. SÖZ Allahdan sonra gələn ikinci müqəddəs varlıqdı. SÖZlə qolboyun olan Fatma xanım hər gün  bu müqəddəsliyin işığında ucalır.

                                                         ***

Qəzetçilik çətin işdi. Saatlarla stol arxasında oturub düşüncələrini bir yerə toplayaraq yaxşı məqalə yazmaq, fikirlərini oxucuya doğru-düzgün çatdırmaq hər jurnalistin işi deyil. Qəzetdə işləyən  jurnalistin beyni 24 saat işləyir. Oturanda – duranda, yeriyəndə – yüyürəndə, yeyəndə-içəndə, toyda-nişanda, ezamiyyətdə,  məzuniyyətdə, lap elə səyahətdə olanda, hətta yatanda da düşünür. Sabahkı yazıda hansı cümləni necə qurmaq, hansı abzasda hansı fikri qabartmaq fikri ilə gözlərini yumur. İllah da ki, qəzetin bütün məsuliyyəti onun üzərində olanda bu işin ölçüsünü, miqyasını jurnalist olmayan heç anlaya bilməz.

Qəzet redaktoru doğum evinin qabağında dayanıb körpəsinin dünyaya gəlməsini gözləyən ataya bənzəyir. Dünyaya gətirdiyi körpəsinin qığıltısını eşidəndə keçirdiyi dəhşətli ağrıları unudan anaya da bənzəyir qəzet redaktoru.  Dünənki “ağrılardan” sonra işə gəlib  gecə “dünyaya gələn körpəsini” – “Olaylar”ı stolun üstündə görən redaktor rahat nəfəs alır. Fatma xanım ömrünü “dünyaya körpə gətirməyə” həsr edən bir redaktordu.                                                  

Onu tanımayanlar, uzaqdan-uzağa imzasını görənlər, sadəcə adını eşidənlər bu xanımın nələri fəda etdiyini, nələrdən keçdiyini əsla kəsdirə bilməzlər. İllərin  ağrı-acısını əlinin tərsi ilə geri çevirməyi bacaran nə qədər insan var bu həyatda? Bilən varmı?  Rahat evində oturub qarşında çay əsnəyə-əsnəyə kimisə mühakimə etmək, qiyabi olaraq ona pislik damğası vurmaq asandı. Və asan olduğu qədər də ədalətsiz  və çirkin mühakimədi. Kimsə Fatma xanımı mühakimə edə bilməz. Vicdanlı, ədalətli, xeyirxah, humanist bir insanın yaxşılıqları anındaca onun yolunu kəsəcək.

                                                          ***

Mən onu çox sevirəm, həm də lap çox… Fatma xanım mənə sərhədsiz əzizdi, doğmalarım qədər dəyərlidi, sevimlidi. İllər  əvvəl “Arena” qəzetində işləyirdim. “Olaylar”a getmişdim. İlk dəfə orda gördüm. Getməmişdən əvvəl telefonda danışdım. Səsinə heyran oldum, yox… bəlkə də vuruldum. İncə, zərif, sanki musiqili bir səsin cazibəsi məni işlədiyi redaksiyaya apardı. Halbuki getməyə də bilərdim. Amma onu lap yaxından görmək üçün, bu gözəl səsin sahibini canlı olaraq yenidən dinləmək üçün yollandım. Və o gün, bu gün həmin qəşəng, laylay kimi şirin, musiqi kimi həsin səsi dinləyirəm – yorulmadan, usanmadan, heyranlıqla. İllər keçib, dünya dəyişib, amma o səs dəyişməyib…

                                                             ***

Elə insanlar var ki, onunla tanışlığına peşman olursan. Eləsi də var ki, bu tanışlığı Allahın lütfü sayırsan. Fatma Abbasquliyeva Tanrının mənə  lütfüdü. Bu xanımı tanıdığıma görə Allaha hər gün yüz dəfə, min dəfə şükür etsəm də azdı. Allah onu mənə ikinci dəfə taleyimin elə bir  dönəmində qarşıma çıxardı ki, həyatın bütün ağırlıqları çiyinlərimdə idi,  həm fiziki, həm də mənəvi tərəfdən gücdən düşmüşdüm. O, əlimdən tutdu, ayağa qaldırdı, güc verdi.

Əslində mən hər adamla dil tapa bilən biriyəm, adamayovuşmaz deyiləm. Ona görə də çevrəmdə dostum, tanışım çoxdu. Aralarında zəif, mənən kasıb, zahirən güclü, daxilən qorxaq olanı da var. Eləsi də var ki, onu öz səviyyəmə qaldıra bilmədiyim üçün, bəzən onun səviyyəsinə enməli oluram. Məcburən yox, bilərəkdən, onun mənasız deyil, gərəkli ola biləcəyini özünə anlatmaq üçün belə edirəm.  Həyatın bir gerçəkliyi var: insan yaşadığı zaman kəsiyində müxtəlif xarakterlərlə üzləşir. Sadaladığım bu tip insanlar bəlkə də şanssızlığımdı, amma mənə həyat təcrübəsi qazandıranlardı.

 Bir də var ki, böyük hərflərlə yazılan YAXŞI İNSANlar və onların mənim əhatəmdə olmaları. Yaxşılarla dostluq, qardaşlıq etmək, həmdərd, sirdaş olmaq taleyimin işıqlı tərəfidi.  Bu dünyada mənim borclu olduğum, ölsəm də unuda bilməyəcəyim YAXŞI İNSANlar var. Fatma xanım məhz borclu olduğum, unuda bilməyəcəyim  YAXŞI İNSANdı, rəfiqədi, bacım qədər doğmadı, əzizdi,  gözəl dost və dəyərli həmkardı. O, mənim həyatımın çətin dönəmində qarşıma çıxan şansımdı…

Bu gün jurnalistlərin bayramıdı, qəzetçilərin özəl günüdü.

Peşə bayramın  mübarək, AYSBERQ QADIN!..

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png