ONN İnformasiya Agentliyi

Bakirəliyi pozulan şəhər – Züleyxa NADİR yazır

Bakirəliyi pozulan şəhər – Züleyxa NADİR yazır
29 Aprel 2019 - 10:35

Züleyxa NADİR, xüsusi olaraq ONN üçün.

 Birinci kursda oxuyurdum. Bir gün İçərişəhərdə kirayə qalan xalam qızını görməyə getdim. Amma evi tapa bilmədim. Birinci dəfə bacımla getdiyim evə indi təkbaşına yollanmışdım. Bütün İçərişəhəri axtardım, bu küçədən vurub o biri küçədən çıxdım. Hara getdimsə qarşıma  oxşar qapılar çıxdı.  Evlər hamısı bir-birinə bənzəyirdi, daş  döşənmiş küçələri ayıra bilmirdim. Küçənin sonunda  hündür qala divarı ilə rastlaşırdım. Sanki labirintin içindəydim. Saatlarla dolaşdım. Ağlamağa başladım. Əvvəlcə sakit, səssiz göz yaşı axıtdım, sonra hönkürdüm. Bir baxdım ki, Qız Qalasının yanındayam. Dənizi görüb çox sevindim. Metronun Bakı soveti ( indiki İşərişəhər) stansiyasının yanından içəri girdiyim yol məni Xəzərin sahilinə aparmışdı. Onda 1977-ci il idi…

                                                               ***

İçərişəhər… nağıl şəhər, gözəl şəhər, sevimli şəhər.  Azəbaycan tarixini, milli mədəniyyəti bu günə daşıyıb gətirən şəhər. Əsrlərin ənənəsini  daş yaddaşına hopduran şəhər. Dəmir dövrünün yadigarı, tunc dövrünün abidə şəhəri, müasir dövrün tarixi-memarlıq qoruğu olan şəhər. Nəhayətdə bu sadaladıqlarım və hələ sadalamadığım çoxlu sayda məziyyətləri ilə UNESCO-nun ümumdünya irsi siyahısına daxil edilmiş şəhər. Bir azərbaycanlı olaraq səni çox sevirik, səninlə fəxr edirik, qürur yerimizsən. Amma nə yazıqlar ki, bəzən sənə uzanan əlləri  geri çəkə  bilmirik, gücsüz oluruq, acız qalırıq.   

Dünyanın başqa xalqları belə bir abidəni canı-qanı bahasına qoruyur, üstündə əsirlər. Keçmişini yaşadan,  qədim tarixini gələcəyə daşıyan obyekt kimi baş tacı edirlər. Biz nə edirik? İçərişəhəri olduğu kimi qoruya bilirikmi? Onun hər daşına, hər  küçəsinə xarici turistlər kimi heyran ola bilirikmi? Yox. Biz ancaq nəfsimizi qoruyuruq, tamahımıza heyran oluruq. İçərişəhəri pul ehtirasımıza, qazanc sevgimizə qurban veririk. İçərişəhəri hər gün ev-ev, küçə-küçə, məhəllə-məhəllə, daş-daş “əridirik”. Bu nağıl şəhəri satırıq. Bu gözəl şəhəri söküb eybəcərləşdiririk. Sevimli şəhərdən üz döndəririk. Çünki biz qarnımız üçün yaşayırıq, qarnımızın yolunda da ölürük.

                                                             ***

Son günlərin  İçərişəhər mövzusu ürəkdağlayan bir gündəmə çevrilib. İçərişəhərdə Qala divarının yanında restoran tikilməsi insanların heysiyyatına toxunub. Sosial şəbəkələrdə yayılan foto hər kəsdə qıcıq yaradıb. Pulu çox olan insanların qala divarlarına əhəmiyyət  verməməsi, İçərişəhərin tarixiliyini bərbad edəcək qədər vecsiz olması sadə vətəndaşların, ziyalıların etirazına səbəb olub.

Kimsənin “gözün üstə qaşın var” deyə bilməyəcəyi adamların harınlığına qəzəblənməmək olmur. Belələri insanlarla davranışını da pul kisəsindəki pulların miqdarı ilə tənzimləyirlər. Onlardan ötrü İçərişəhər kimi tarixi abidə, milli-mənəvi heysiyyat, ali dəyərlər xarici banklarda saxladıqları pullardan aşağıda dayanır. Ona görə də qala divarını söküb yerində obyekt tikən adam etiraz edənlərə əhəmiyyət vermir. Türk demiş,  bu təpki ona vız gəlib, tırız gedir. Puluna güvənən adam İçərişəhərin əsrlərin izini özündə yaşadan daşını, divarını, məhəlləsini ayağının altında əzir.

Bir yandan da xəbərin yanlış olduğu deyilir Həmin fotonun illər öncə Qala divarı bərpa olunarkən çəkilən şəkil olduğu bildirilir. Nə gözəl! Keşkə bu xəbər doğru olsun. Keşkə ortaya çıxan bu cür fotolar əsassız olsun,  IP  yığan saytların “xəbəri” kimi gündəmə gəlsin. Buna dözmək olar. Bəlkə bu piarda da bir hikmət var. Bəlkə belə əsassız informasiyada bir mistika var. Bəlkə Tanrı bununla işarə verir ki, İçərişəhərin dağıdılmasına son qoyulsun. Ki… oranı dəyişməyə çalışanlar Allahın qəzəbinə tuş gəlməsinlər.

Amma gerçək olan, mistikadan-filandan uzaqda dayanan son 20-25 ildə tarixiliyini restoranlara, kafelərə qurban verən İçərişəhərin halına acımamaq olmur. Nə fərqi var bu gün sökmədilər, amma dünən, srağagün ki, dağıdıblar.  İçərişəhəri ilmə-ilmə sökməyə çalışanlar bu millətin düşmənləridi, xalqın qanına susayanlardı – istər azərbaycanlı olsun, istərsə də xarici vətəndaş, istər bu gün olsun, istərsə də dünən. Bütün hallarda İçərişəhəri məhv etmək vicdansızlıqdı, allahsızlıqdı. İçərişəhər tarixin dolanbaclarından keçib gəlib. Özünün əzəmətini,  vüqarlı görünüşünü XX əsrə daşıyıb.

                                                              ***

Bu günlərdə Fransada Paris Notr-Dam kilsəsi yanıb kül oldu. Fransızlarla yanaşı dünyanın başqa millətləri də fəlakətdən dolayı məyus oldular. Belə bir tarixi abidə dünyanın harasında olmasından asılı olmayaraq mədəni insanların diqqətini cəlb edir, onlarda maraq oyadır. Yanğının səhəri günü, hələ külünün altında sönməmiş qor olacağı ehtimalını bildikləri halda,  kilsənin bərpası üçün fransız milyarderləri və milyonçuları ianə toplamağa başladılar. Düşünürəm, təəccüb edirəm,  beynimdə səslənən sualdan can qurtara bilmirəm: bizim milyarderlərin nəyi fransızlardan əskikdi, yaxud artıqdı? Hamımızın bildiyi bir cavab var: bizimkilərin pul ehtirası, davranışlarındakı “millət necə tarac olur-olsun nə işim var” elementi fransız həmkarlarının mərhəmətini, vətəndaşlıq borcunu,  xalq, dövlət sevgisini üstələyir. Bu, çox pisdi, həm də sonu olmayan bir istəkdi. Başa düşürük, kömək etmək üçün mərhəmətin yoxdu, humanist hisslərdən məhrumsan, qanında xeyirxahlığın əlamətləri görünmür. Heç olmasa olana toxunma, onu dəyişmə, zədələyib tarixiliyinə xələl gətirmə. İçərişəhər  sənin qan yaddaşındı. Yaddaşını korlama.

                                                    ***

İçərişəhər özündə nağıl gözəlliyini büruzə verirdi. Amma bu gün  real eybəcərlik şəhərin görüntüsünə təsir edir. Pul, çoxlu qazanc istəyinə qurban gedən İçərişəhər ağlamalı günə qaldı. 40 il əvvəl mən İçərişəhərin küçələrində yolumu azanda fərasətsizliyimə ağlamışdım, amma indi buradakı restoranlara, kafelərə, ən müasir otellərə baxıb ağlayıram.

40 il əvvəl İçərişəhər oxşar doğulan ekizlər kimi idi. Küçələr, evlər, darvazalar bir-birindən  seçilmirdi. Bu bənzərlik göz oxşayırdı, adamın ürəyi açılırdı. Amma indi hərəsi bir kişidən olan bic uşaqlar kimi cürbəcür,  fərqli görünüşü olan iaişə obyektləri adamın ürəyini ağrıdır. 

İçərişəhər bakirə qız kimi idi. Amma illər öncə onun bakirəliyini pozdular. Bakirəlik azərbaycanlılar üçün qeyrət, namus məsələsidi.

Namusumuzu itirməyək…

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png