ONN İnformasiya Agentliyi

Bayramların zərifi, gözəli – Əbülfət MƏHƏRRƏMLİ YAZIR

Bayramların zərifi, gözəli – Əbülfət MƏHƏRRƏMLİ YAZIR
08 Mart 2019 - 9:30

Əbülfət MƏHƏRRƏMLİ – xüsusi olaraq ONN media üçün.

Bayramlar çoxdur və onların hər birinin öz gözəlliyi, bənzərsizliyi var və bu bayramların hər biri əzizdir, əlamətdardır. Ancaq elə bayram da var ki, həmin gün bütün kişilər səhər tezdən qar kimi ağappaq, tərtəmiz köynək geyməyi, ürəyindən keçən dünyanın ən gözəl hədiyyəsini alıb anasına, sevimli qadınına, əziz qız balasına aparmağı düşünür. Yəqin söhbətin  8  Mart Qadınlar Günündən getdiyini anladınız. İlin-günün bu vaxtında,  baharın bütün coşqu ilə qapını döydüyü bir zamanda bu bayramı qeyd etmək lap yerinə düşür. 

Azərbaycan qadını başımızın tacı, ömrümüzün yaraşığıdır və bundan da artıq sevgiyə, diqqət və qayğıya layiqdir. Bu zərif insanlar həmişə aza qane olmağı, canıyananlığı, ailəyə bağlılığı, fədakarlığı ilə seçilib, ağır vaxtlarında kişilərə dəstək verməyi bacarıb, cətin günlərdə onlarla çiyin-çiyinə addımlayıblar.

Bu gün xalqımızın ən ağrılı yeri olan Qarabağ müharibəsini, xanımlarımızın hərbi əməliyyatlarda iştirakını xatırlamamaq, zənnimcə, yerinə düşməz. Ermənistan hərbi birləşmələri torpaqlarımıza təcavüz edəndə qeyrətli qadınlarımız da silah götürərək Azərbaycan oğulları ilə çiyin-çiyinə döyüşlərə atıldılar, müharibənin odundan-alovundan keçdilər. Döyüş yolu keçmiş adam kimi deyə bilərəm ki, könüllü cəbhəyə gedən qadınlar qorxmazlığı, cəsurluğu ilə dərin hörmətə layiqdilər. Qarabağ müharibəsində fərqlənmiş Azərbaycanın milli qəhrəmanları arasında Salatın və Gültəkin Əsgərova kimi rəşadətli qadınlarımız olub və var.

Deyirlər, əsl yurdsevərlik Vətənin ağır günündə təmənna ummadan ən çətin işin qulpundan yapışmaqdır. Cəbhəyə yollanan qadınlarımızın əksəriyyəti məhz belə idi. İndi onlardan birini, Laçında gedən ağır əməliyyatların iştirakçısı olmuş Qubatel İsayevanı xoş duyğularla xatırlayıram.

Əslən göyçəli olan bəstəboylu, əsmərbənizli Quba xanımın (hamı onu taborda belə tanıyırdı) nə qədər böyük ürək, iradə sahibi olduğunu 1993-cü ilin soyuq, qarlı yanvarında Qızartı yüksəkliyi uğrunda gedən döyüşlər vaxtı görmüşdüm. O, əsgərlərimizin həm bacısı idi, həm silahdaşı. O, ürəklə həm döyüşə yollanar, həm yaralıların zədəsinə sarğı qoyardı. Onları ruhlandırmaq üçün döyüşdən əvvəl cərgə qarşısında “biz ki, varıq, cin kimi uşaqlarıq” deyər, əsgərlərsə uca səslə onun dediklərini qürurla təkrar edərdilər. Avtomatı çiynindən asanda az qala qundağı topuğuna dəyən Quba xanımın bu sözləri döyüşçülərə əlavə ruh, cürət, mətinlik verərdi. Hər döyüşçü ölümünü öz əzizinin itkisi kimi qəbul edərək hönkür-hönkür ağlayan İsayeva həm də beləcə incə qadın qəlbinə malik idi. Sonralar o, ordudan tərxis edildi və indi harada olduğunu bilmirəm. İnanıram ki, sağ-salamatdır. Bu bayram günündə Qubatel xanımı səmimi qəlbdən təbrik edir və ona xoşbəxtlik buketi arzulayırıq.

Müharibə vaxtı Azərbaycan oğulları ilə ciyin-çiyinə vuruşan qadınlarımız az olmayıb. Şəmkir rayonundan Məlahət Nəsibova da belə vətənsevər xanımlarımızdan idi. O, 2 avqust 1992-ci il Kəlbəcər rayonunun Heyvalı kəndinin düşməndən azad edilməsi uğurunda gedən döyüşdə düşmən gülləsinə tuş gəlib. Bu bayram günündə qulaqları cingildəsin, ruhu şad olsun.

Üç qardaşın bir bacısı olan Gülbar Heydərova Füzuli rayonunun Qaraməmmədli kəndindən idi. Könüllü orduya yazılan Gülbar artıq bütün bölmənin bacısı olmuşdu. Düşmən mərmisinin partlaması nəticəsində həlak olmuş Gülbar da xalqımızın qeyrətli övladlarında idi. Qəbri nurla dolsun.

Bu bayram ərəfəsində, düşünürəm ki, bu xanımlarımızı xatırlamaq yerinə düşdü. Çünki Vətənin çətin vaxtında onlar öz zərif çiyinlərini çox ağır, qadın işi olmayan bir yükün altına vermişdilər. Ölənlərə Allah rəhmət eləsin, qalanları təbrik edir, onlara qadın səadəti arzulayırıq. Bu gün də ordu sıralarında yüzlərlə qadın əyninə hərbi mündir geyinərək cəbhə xətti hərbi hissələrində, arxa cəbhə bölmələrində Vətənimizin müdafiəsi üçün imkan və bacarıqlarını əsirgəmirlər. Onları, eləcə də bütün qadınlarımızı, xüsusilə hərbi xidmətin çətinliklərini zərif çiyinlərində dözümlə daşıyan  xanımlarımızı bayram münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda onlara uzun ömür, bol-bol sevinc,  müfəffəqiyyət, həqiqi qadın xoşbəxtliyi arzu edirik!

Budur, yenə bahar öz coşqunluğu ilə ömrümüzə qədəm qoymaqdadır və özü ilə sevdiyimiz insanların bayramını da gətirib. Bu xoş gündə hər kəs çalışır ki, sevimli anasına, qadınına, qızına və əlbəttə, sevgilisinə yaddaqalan hədiyyə etsin. Beləcə zəif və zərif cinsin nümayəndələrinə sevinc bəxş etməkdən  gözəl nə ola bilər?! Bütün qadınlar xoşbəxt olmağa layiqdirlər və bu biz kişilərdən asılıdır. Hansı cəmiyyətdə qadınlar özlərini daha çox xoşbəxt hiss edirlərsə, həmin cəmiyyətin kişiləri ən böyük hörmətə layiqdirlər.

Heç vaxt təbəssüm qadınlarımızın gözəl çöhrəsini tərk etməsin! Ona görə ki, qadınlarımız  bəxtəvər  olarlarsa, hamı özünü xoşbəxt hiss edər. Xoşbəxt olun, əziz qadınlar!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png