Biz haqqın yanındayıq! – Cavid İSMAYIL yazır

Bu gün Ukraynada gedən savaş təkçə Rusiya  və  Ukrayna  arasında gedən savaş deyil. Bu gün şərlə – xeyirin, haqla – nahaqqın, zalımla – məzlumun, ağla – qaranın savaşı gedir.

SSRİ dağıldıqdan sonra   Rusiya əvvəlcə   demokratikləşmə yolu tutduğunu göstərsə də, əfsuslar  olsun  ki, az sonra   yenə də qanlı rus imperiyasının dirçəldilməsi üçün  bütün  iyrənc  vasitələrə  əl  atdı.  İndi o şovinist  niyyətini açıq şəkildə ortaya qoyaraq Rusiya imperiyasının bərpa edilməsinə  çalışır, SSRİ-nin  himninə kiçik dəyişiklik etməklə  Rusiya Federasiyasının himni  kimi səsləndirir və bununla da məkirli hədəfini dünyaya rəsmən bəyan edir. Son  zamanlar isə ən hündür kürsülərdən keçmiş possovet ölkələrinə qarşı torpaq iddiası səsləndirməyə başladı və bu adi hala çevrildi.

Yeri gəlmişkən qeyd edim ki, mənim üçün ABŞ da  Rusiya və Fransa kimi    dünyada fitnə yuvalarındandır.

Rusiya əvvəlcə   məqsədli olaraq Qarabağ, Dnestryanı, Abxaziya, Şimali Osetiya kimi yanar ocaqların yaradılmasına  nail olmağı bacardı. Dünyanın gözü qarşısında suveren ölkə olan Gürcüstanı bombaladı və ərazilərini işğal etdi. Bir az özündə daha artıq güc tapdıqdan sonra bütün beynəlxalq normaları tapdalayaraq  müstəqil ölkə olan Ukraynanın Krım bölgəsini ələ keçirdi və Krımı öz ərazisi elan etdi. Eyni zamanda Ukraynanın ərazisində növbəti şeytan yuvası, “Donetsk və Luqansk xalq respublikaları” yaratdı.

Bəli, cətini bir dəfə  cinayət etməkdir. Daha sonra ardı gəlir. Və nəzərə alsaq ki, irticaçı  rus imperiyasının əsrlərə dayanan qanlı cinayət təcrübəsi var, tarixi məqam yaranan kimi o xislət özünü biruza verir.  Müasir Rusiyanın rəhbərliyi də öz dədə-baba kökünə sadiq qalaraq fürsət  düşən  kimi  bu məkrli, irticaçı hərəkətlərini intensivləşdirməyə başlayıb. Və  bu  gün dünya  bu   imperiyanın  növbəti şovinizmi, təcavüzkarlığı, quldurluğu  ilə üz-üzədir!

Ukrayna müharibəsindən öncə Azərbaycan Rusiya ilə müttəfiqlik müqaviləsi bağladı. Bəli, bunu real qiymətləndirməyən sadə insanlar qınanmalı deyi, çünki böyük siyasət sadə gözlə görünmür. Eyni zamanda bizim cəmiyyətimizdə zəmanənin çopur cabbarları o cümlədən saxta türkçülər, “Türkiyə tərəfdarları”, sapı özümüzdən olan baltalar tez cibindəki üfunət iyi verən alternativ mətni dəyişib bu dəfə “nicatımız şimal küləyindədi” moizələrinə başladılar. Moizə demişgən, iranpərəstlər də yenə dini, imanı arxa plana qoyaraq məzlumun deyil, zalımın yanında yer almağa davam etdilər.

Əslində Vladimir  Putinin cənab İlham Əliyevlə görüşü Rusiyanın barıt çəllləyi olan Qafqazdan narahatçılığının göstəricisi və  gözlənilən beynəlxalq iqtisadi sanksiyalara qarşı Azərbaycandan, əsasən də enerjidaşıyıcı baxımından dəstəyini  istəməsi idi. Bəli, cənab prezident dəfələrlə qeyd edib ki, “Bizim sözümüz imzamızdır,” lakin Putin daha rahat olmaq istəyib. Çünki özü bir gündə bir neçə dəfə həm mövqeyini, həm də sözünü dəyişməyi məharətlə bacarır. Söz demişkən, elə həmin görüşdə şeytani gülüşlə “biz heç bir imperiya bərpa etmirik, fikrimiz  də yoxdur” sözünə təbii ki, nə o masa ətrafında oturanlar, nə də ki, bizlər inanmadıq. Çünki, şimal küləyi heç vaxt  səmimi olmayıb, bu dəfə də səmimi deyildi. Bu görüş həm də, Azərbaycanın  regional dövlətlər içində əsas nüfuz sahibinin olduğunun daha bir göstəricisi idi. Hələ mən o müqavilədə Azərbaycanın Rusiyadan sökə-sökə əldə etdiyi diplomatik uğurları sadalamıram.

Bu gün  Rusiya “Ukrayna xalqını xilas etməyə gedirik” cəfəng şuarını səsləndirsə də, dünyanın  gözü önündə əsl simasını göstərir. Belə ki, işğalçı rus əsgərləri əllərində SSRİ  bayrağı  tuturlar  və “Biz SSRİ-ni bərpa edirik” deyirlər.

Keçmiş xülya ilə yaşayan, çürümüş, üfunət iyi verən çarlıq sevdası yenə də dinc əhalini tankların tırtılı altında əzir, yaşayış massivlərini ağır aviabombalarla bombalayır, toplarla yaşayış binasını dağıdır, gecə dinc vətəndaşları saxlayır, zorlayır və s. Ac-yalavac, dilənçi vəziyyətində olan rus əsgərinin mağazalardan ərzaq və s. talan etməsi də gözlərimizin önündədir. Təbii ki, rusun daima istifadə etdiyi ermənilər də iş başındadır, ölülərin cibini qarət edir, evlərə soxulur və qarətlə məşğuldurlar.

Bu xronologiya, tarixi kökə bağlanan iy verən üfunətli rus imperiya marağının əsl simasıdır.

Bu gün qəhrəman Ukrayna xalqı mərdlik və rəşadətlə ordu ilə bərabər ölümünə savaşır, Vətənini qoruyur. Bu fonda  qəhrəman Azərbaycan oğullarını görmək bizi çox sevindirir. Onlar təkçə ikinci vətəni saydıqları Ukrayna uğrunda savaşmırlar, onlar bəşəriyyəti qana bürüdən məkrli – qanlı rus süngüsünə qarşı döyüşür və həlak olurlar.

Azərbaycan oğulları Ukraynada pulsuz ərzaq paylayır. Ukraynada yaşayan Azərbaycan anaları, qız – gəlini yemək bişirib ehtiyacı olan insanlara paylayır. Azərbaycan dövləti Ukraynaya, yəni haqq tərəfə, məzlum olan tərəfə hərtərəfli dəstəyini əsirgəmir. Pulsuz yanacaq, külli miqdarda humanitar yardım göndərir. Bəli, müstəqil və qüdrətli Azərbaycanın vətəndaşı olmağımla  bir daha fəxr edirəm.

Bütün dünya bir daha gördü ki, biz daima haqqın yanındayıq.

Ukrayna, səninləyik!

Cavid İSMAYIL.