ONN İnformasiya Agentliyi

Bizim Hikmət Hacıyev- Züleyxa Nadir yazır

Bizim Hikmət Hacıyev- Züleyxa Nadir yazır
03 Sentyabr 2022 - 15:44

Züleyxa NADİR

İki il əvvəl, hələ Vətən müharibəsinin bitmədiyi günlərdə Azərbaycan Respublikası prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyevin doğum günündə onu təbrik edənlərin sayı-hesabı bilinmirdi. Sosial şəbəkələr sanki 15 oktyabrı “Hikmət Hacıyev günü” elan etmişdilər. İstər facebook səhifəsində, istərsə də twitter və instaqram hesabında, hətta whatsapp paylaşımlarında Hikmət Hacıyevin unvanına xoş sözlər yazılır, içdən gələn ən səmimi arzular ifadə edilirdi. Hər kəs onunla fəxr etdiyini söyləyirdi. Bəli, bəli… məhz fəxr etdiklərini, qürur duyduqlarını bildirirdilər. Hikmət Hacıyev qısa bir müddətdə hər məmura nəsib olmayan sevgi qazandığı üçün “təbrik yağışında islanmışdı”. Əminəm ki, haqqında yazılan xoş sözləri oxumuş və ünvanına sərgilənən sevgi dolu münasibətdən dolayı məmnun olmuşdu. Nə gözəl! Hikmət Hacıyev bundan da yaxşı münasibətə, bundan da artıq sözlərə layiq idi, bu gün də eyni sevgini haqq edir.

Və bir də… bu gözəl, səmimi təbriklərin arasından etiraz səsini qaldıran bir nəfər facebook istifadəfəçisi tapılmışdı: “Məmur üçün niyə belə növbəyə durmusunuz? Bu qədər şişirtməyin, adam sadəcə işini görür”. İlk baxışda xoş olmayan fikir olsa da bir həqiqət var idi. Hikmət Hacıyev gerçəkdən də fövqəladə, yaxud da əlahiddə bir iş görmürdü, vəzifəsini icra edirdi. Amma daha boyük, daha vacib olan başqa həqiqət də var ki, onu qətiyyən danmaq olmaz. Hikmət Hacıyev boynuna düşən vəzifənin haqqını layiqincə verir, vicdanla çalışır, hətta lazım olduğundan artıq yükü çiyninə qaldırmışdı. Bax, məsələ də məhz bunda idi. O vaxta kimi can yanğısı ilə çalışan, hər gün, hər saat xalqın yanında olan hansı məmuru görmüşdük? Müharibə gedən o günlərdə, hər kəsin ürəyinin və beyninin 24 saat döyüşdə olan bir vaxtında Hikmət Hacıyevdən başqa daha hansı yüksək vəzifəli, səlahiyyətli şəxsin səsini eşitdik? Hikmət Hacıyev bu xalqın indiyə kimi gördüyü vicdansız, vecsiz məmurlardan deyildi. İşinin məsuliyyətini dərk edirdi. Cəmiyyətin yaralı yerini axtarıb ora məlhəm çəkməyə çalışırdı. Millət Hikmət Hacıyev kimi bir məmura təşnə idi. Bu zamana kimi görünməmiş hadisə baş vermişdi: dövlət adamı dövlətin özəyindən çıxıb sadə xalqla birlikdə addımlayırdı. Savaş günlərində hər kəsin dilində üç Hikmət var idi: Hikmət Mirzəyev, Hikmət Həsənov və Hikmət Hacıyev. Hikmət Mirzəyev və Hikmət Həsənov birbaşa ön cəbhədə vuruşurdular. Hikmət Hacıyev isə arxa cəbhədə savaşırdı. İnsanların gözünün önündə savaşdığı üçün ona “bizim Hikmət Hacıyev” deyirdilər.

24 saat Hikmət Hacıyevə azlıq edirdi. Sanki ölkənin bütün problemlərinin açarı onda imiş kimi hər işin “qulpundan” tuturdu. Vətən müharibəsindən əvvəl başlamış koronavirusla müharibədə də Hikmət Hacıyev öndə idi. Bilavasitə xidməti vəzifəsinə daxil olmasa belə COVİD – 19 pandemiyasının tüğyan etdiyi günlərdə xalqın qarşısına çıxıb hesabat verən də o idi, məsləhət və tövsiyyə verən də. Qəribə idi ki, insanlar TƏBİB – dən ummurdular, bütün ümidlərini Hikmət Hacıyevə bağlamışdılar. Brifinq olan günlərdə hər kəs Hikmət Hacıyevin nə danışacağını acgözlüklə gözləyirdilər. Çünki Hikmət Hacıyev baş vermiş hadisənin məzmununu dəqiq və aydın şəkildə, həm də sadə dildə, üstəlik də diplomatik xarakterdə tamaşaçıya, dinləyiciyə çatdırmaqla onun ağlına, düşüncəsinə təsir edirdi. Bu ondan irəli gəlir ki, gözəl nitq qabiliyyəti var, yüksək mədəniyyət sahibidi, səviyyəli davranışla yanaşı oturuşu-duruşu da sadədi. Mükəmməl natiqlik qabiliyyətinin kökündə savadı, zəngin dünyagörüşü, iti hafizəsi və yaddaşı dayanır..
Çoxlu sayda yüksək ranqlı məmur var ki, insanların gözündə bir heç qədər qiymətləri yoxdu. Elə nazir, komitə, şirkət rəhbəri var ki, ömrünün ahıl çağındadı, amma tutduğu vəsifə kreslosundan ikiəlli yapışıb. Onların kim olduqlarını yazmaq istərdim, amma nə gərək var ki?! Zatən bu an adları da yadıma düşmür. Çünki onlar bizdən deyil, bizim deyil, özgələrindi. Özləri üçün yaşayır, özləri üşün qazanırlar. Amma bizim Hikmət Hacıyev sevimlidi, bizimdi, bizimlədi. Kabinet adamı deyil, xalq adamıdı, millətin oğludu. Üzdə özünü dost sayan, arxada ayağımızın altını qazan, Azərbaycan dövlətinin kürəyinə xəncər saplamağa hər an hazır olanların qarşısına çıxmaq üçün maksimum diplomatik gedişat etmək lazım idi ki, Ali Baş Komandan bunu da Hikmət Hacıyevdən başqa kimsəyə etibar etməmişdi. Bəlkə də günlərdi yatmadığını televiziya ekranlarından görmək olurdu, gözləri qan çanağına oxşayırdı. Amma o, istirahət etməyi düşünmürdü. Prezident İlham Əliyevlə birlikdə çiyin-çiyinə “döyüşürdü”. Ön cəbhədə əsgərlərimizin qələbəsi üçün əlindən gələni edirdi, yorulmurdu, usanmırdı. Çiyinlərində vəzifə məsuliyyəti ilə yanaşı böyük xalq sevgisi daşıyan Hikmət Hacıyevə insanlar “mülki general” adı vermişdilər. Bu, doğrudan da belə idi. Bu adın da kökündə onun əxlaqı, vicdanı dayanırdı. O, Ali Baş Komandan İlham Əliyevin ən sadiq, ən etibarlı əsgəri idi. Təkcə yerli jurnalistlərin deyil, xarici mətbuat nümayndələrinin də qarşısına çıxır, ən qəliz sualları asanlıqla cavablandırırdı. Azərbaycanın haqq səsini var gücü ilə dünyaya çatdırırdı. Bir sözlə, həmin günlərdə Hikmət Hacıyev prezidentin köməkçisi olmaqdan başqa, həm də jurnalist idi, həkim idi, müəllim, iqtisadçı idi, siyasi arenada diplomat idi və xalq arasında sadə vətəndaş idi, böyüklə böyük, kiçiklə kiçik idi. Hadisələrin ən qaynar yerində Hikmət Hacıyev var idi. Hər kəs onu öz doğması sayır, oğlu, qardaşı kimi sevirdi. Sadəliyi ilə hər kəsin qəlbində taxt qurmuşdu. Məhz həmin sadəlik idi ki, təkcə ictimaiyyətdə deyil, hər evdə, hər ailədə tanınırdı, qəbul olunurdu. Bu gün də o, sadaladığım bu ali keyfiyyətləri itirməyib, əksinə bir qədər də artırıb.

Nə yazıqlar ki, indi Hikmət Hacıyevə dil uzadanlar tapılıb. Sən demə onu bəyənməyənlər, qəbul etməyənlər varmış. Orda-burda haqqında xoşagəlməz ifadələr işlədir və bunları da sosial şəbəklərdə tirajlamağa cəhd edərək onu nüfuzdan salmağa çalışırlar. Gah qərbpərəst, gah iranpərəst, gah da ruspərəst damğası vurmaq istəklərini gizlətmirlər. O bunların heç birini nə əməlində, nə də xarakterində daşımır. Onun tək bircə “pərəsti” var. O da vətənpərəstlikdi! Quru palçıq divara yapışmaz. Unudurlar ki, ölkə başçısı İlham Əliyevlə hər gün ünsiyyət qurmaq, birgə fikir mübadiləsi aparmaq, sonra da xalq qarşısına çıxıb hesabat vermək hər oğulun bacardığı iş deyil. Bunun üçün sən bu etimadı qazanmalısan, prezident sənə güvənməlidi. Azərbaycan üçün taleyuklü məsələlərin təbliğini doğru-dürüst aparmaq işi ötən iki ildə olduğu kimi, bu gün də Hikmət Hacıyevin öhdəsindədi. Çünki o, öz yerindədi, təsadüfi adam deyil. Uğurlu kadr olduğu hər addımında görünür. Centlmenliyi ilə cəmiyyətin düşüncə tərzində ucalığa qalxa bilib. Nəinki daxildə, xaricdə də əxlaqı, tərbiyəsi, savadı və elmi potensialı ilə Azərbaycan xalqını təmsil etməyə layiqdi.

Hikmət Hacıyev diplomatiya sahəsində yetişən mükəmməl şəxsiyyətdi, peşəkardı. Bir neçə xarici dil bilir, amma ən yaxşı bildiyi diplomatiya dili və Azərbaycan xalqının dilidi. Xalqla xalq dilində danışanda, öz səviyyəni onun səviyyəsi ilə bərabərləşdirəndə hər şey gözəl olur, mükəmməl görünür. Onun siyasi arenada fəallığı, diplomatik istedadı, təcrübəsi bir şəxsiyyət kimi dəyərini ucaldır. Əminəm ki, diplomatın bu parametrləri onun haqqında əks fikir yaratmağa çalışanların yoluna çıxdığı üçün sürətli addımlaya bilmirlər. Əlac qalır nəyə? Hikmət Hacıyev haqqında qara piar aparmağa. Amma qara piar da, ağ piar da bumeranqdı, dönüb-dolaşıb sahibinə qayıdır.
Adamlar tanıyırıq ki, titulları, orden-medalları ilə insanların gözünə girməyə çalışsalar da, onların varlıqları ilə yoxluqları bilinmir. Cəmiyyət belələrini ələyəndə təltifləri də, titulları da ələkdən keçmir. Hikmət Hacıyevin də ordeni və medalı var. O, layiq olduğu bu mükafatları gənc yaşlarında alıb. Məncə, onun ən dəyərli ordeni xalq sevgisidi, “Bizim Hikmət Hacıyev” adıdı…

P.S. Nə 2020-ci ilin, nə də 2021-ci ilin oktyabrında Hikmət Hacıyevin doğum gününü ayrıca təbrik etməmişəm. Facebookda bəyəndiyim bəzi təbrik yazıları olub ki, şərh yerində qısaca xoş söz yazmışam. Bizim Hikmət Hacıyevin növbəti doğum gününə isə 45 gün qalıb…

P. P.S. Məqsədim Hikmət Hacıyevi 45 gün əvvəldən təbrik etmək deyil. Sadəcə ona irad bildirənlərin səhv etdiyini söyləmək fikrindəyəm. Bir də iki il əvvəl “məmur üçün niyə belə növbəyə durmusunuz?” sualının geniş cavabını vermək istədim – gec də olsa…

Vəssalam!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png