ONN İnformasiya Agentliyi

İndiki həyat tərzim əməlli-başlı fərqlidi – NARGİS

İndiki həyat tərzim  əməlli-başlı fərqlidi – NARGİS
20 Noyabr 2017 - 13:26

NARGİS

Bir yazar olaraq bu mövzuya toxunmağın nə qədər düz, nə qədər səhv olduğunu, açığı, bilmirəm. Bildiyim tək bir şey var ki, keçmiş adı verib bəyənmədiyimiz keçmişimizdəkilər, yəni nənə, baba, ata ana, dayı, müəllim və b. kimi başlıq altında toplaya bildiyimiz şəxslər bizdən daha zövqlü, daha sədaqətli imişlər.

Bəli, bizdən daha çox zövqlü imişlər. Mən gözümü balaca və ucqar kənddə açmışam. İndiki həyat tərzim  əməlli-başlı fərqlidi. Yəni bir çox şəxsin ifadə tərzindəki kimi sıxıcı, eyni, monoton deyil.  Maraqlı, dəyərli, dolu-dolu və ekstrimdir. Düşünürəm ki,  həmin o sadə kənddə yaşadıqlarım  indiki mənim formalaşmasında əhəmiyyətli olmaqla birlikdə, ruhumu da rəngarəngləşdirib.

Belə ifadə etmək düzgündürsə əgər, gözümü açandan bəri evimizdə taxtadan hazırlanmış bəyaz rəngli  kitab rəfi ilə qarşılaşmışam. Bu kitab rəfində  yer alan əsərlərin  hər biri dəfələrlə oxunub. Bu səbəbdən də onlar çox zərif şəkildə yıpranıblar. Yəni  həmin kitab rəfindəki əsərlər hər kəs tərəfindən xüsusi sayğı və hörmət görüblər. Bu da o nimdaş kitab rəfini indiki kitabxanalardan daha dəyərli və səviyyəli edən məqamlardan biri kimi son dərəcə əhəmiyyətlidir. Mən kofe, ya da bahalı brendlərdən sayılan chanel, dior, hermes qoxusundan daha çox sevdim kitab qoxusunu…

Bu qoxu mənim kimi həmin köhnə evdə yaşayan hər kəsin iliklərinə hopmuşdu. Həmin o kitab rəfində xarici yazarların əsərləri var idi. Qeyd edim ki, bu əsərlərə sahib olmaq o dövrdə heç də asan olmayıbmış. Babam danışırdı ki, o kitabları soyuq və amansız çörək növbələri kimi növbələrə yazılaraq, saatlarını bəzənsə, günlərini həsr etdiyi mübarizələr sonucunda əldə edib. Bəzənsə çox arzuladığı pencəyi almaq üçün topladığı pulu həmin kitablardan bir neçəsi üçün sərf edib. Ancaq ən qəribəsi bu idi ki, babam da, nənəm də, anam da çox sevərək, həzz duyaraq danışırdılar bunları mənə. Heç biri hər hansı kitabı aldığı, oxuduğu üçün peşiman deyildi. Mən dünya ədəbiyyatına heyran idim. İlk oxuduğum kitablar məhz dünya klassiklərinə məxsus idi. Sonralar bu,  indiki kariyerama da təsirsiz qalmadı. Mən bu sahədə müdafiə etdim. İndi daha çox, daha dərindən bələd olmağa başladım dünyanın ədəbiyyatına. Ancaq bir haşiyə çıxım ki, həmin o nimdaş, bəyaz kitab rəfinin ən başında bizim doğma ədəbiyyatımıza yer ayrılmışdı. Mənim ailəm öz ədəbiyyatını – Azərbaycan ədəbiyyatını mənimsəmədən dünya ədəbiyyatını öz xanəsinə buyur etməmişdi.  Ancaq təəssüf ki, zaman dəyişilib. Xüsusilə gənclər dünya ədəbiyyatına bələd olmağa daha çox üstünlük verməyə başlayıblar. Kafkadan, Markezdən, Coysdan danışmaqdan yorulmayan mühitimiz öz doğma ədəbiyyatına ögey münasibət bəsləyir. Öncə evin içi, sonra eşiyi fikrinə sadiq qalaraq demək istəyirəm ki, öz dilini, öz ədəbiyyatını bilməyən bir gənclik ölkəmizin gələcəyi üçün hansı xidmətləri göstərə bilər? Axı biz vətənimiz üçün övlad yetişdiririk. Amerika, Rusiya və s. öklələr üçün deyil… Mən bir yazar olaraq Azərbaycan oxucusuna şans verirəm… Azərbaycan oxucusu da Azərbaycan yazarına, doğma ədəbiyyatına şans verməlidir…

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png