ONN İnformasiya Agentliyi

Gülsüm müəllim ikiqat qəhrəmandı- Züleyxa Nadir yazır

Gülsüm müəllim ikiqat qəhrəmandı- Züleyxa Nadir yazır
03 Mart 2020 - 12:50

Züleyxa NADİR

Son üç gündü cəmiyyətin zehnini, ağlını, düşüncəsini və gözlərini zəbt edən hadisə orta məktəb müəlliminin rəqsidi. Gülsüm müəllim sinifdə musiqi sədaları altında rəqs edir. Nə gözəl! İlk baxışda adamın içindən  keçən duyğu bu iki sözü özündə birləşdirən xoş auradı. Bakıdakı 184 saylı məktəbin müəllimi Gülsüm Biləndərlinin rəqsinə  tamaşa edən adam da ona qoşulub rəqs etmək istəyir. Amma hər kəsmi? Nə yazıq ki, yox. Nə yazıq ki, ağına-bozuna baxmadan insanı mühakimə edənlər cəmiyyətdə istənilən qədərdi. Onlar cəmiyyətin özəyi olan MÜƏLLİMi birtərəfli olaraq mühakimə edirlər.

Gülsüm müəllim pis bir iş görmür, xoş əhval yaradaraq  8 saatlıq iş yorğunluğunu, stresini aradan qaldırmağa çalışır. Amma kəmfürsət adamlar  az qala onu “qova-qova namərd etmək” istəyir, sanki, ürəyinə tikan batırmaq üçün yarışırlar. Bu adamlar qabaqlarında çay, əllərində telefon, barmaqları klaviaturanın üstündə əsnəyə-əsnəyə Biləndərlini  mühakimə edir, qiyabi olaraq ona pislik  damğası vurur, dünya işığıdan məhrum etməyə cəhd edirlər. Dünyada belə mühakimələrdən ədalətsiz, vicdansız bir iş təsəvvür etmək mümkünmü? Halbuki insanı hiss etmək, duymaq lazımdı. Və bu insan sənin iş yoldaşın, rəfiqən,  qohumun, qonşun, dostun, tanışın olanda işin məzmunu və rəngi dəyişir. Məlum hadisədə Gülsüm müəllimin hansısa iş yoldaşı özünün  pislik torbası olduğunu ortaya qoyub. Bəlkə də həmkarının  yaxşı insan, savadlı müəllim olduğunu gözü götürməyib. Əlinə fürsət düşüb, Gülsüm müəllimi pis vəziyyətə salmaq istəyinin qarşısında dura bilməyib. Paxıllıq çox mənfur xəstəlik, çox pis hissdi. O, insanı içdən gəmirir, çöldən eybəcərləşdirir.  Həmin görüntünü internetə ötürən o eybəcər adam əslində zərbəni özünə vurmuş oldu, ailəsini biabır etdi. Sabah hüquq-mühafizə orqanı onu  üzə çıxarıb ifşa edəndə kimsənin üzünə baxa biləcəkmi?

Rəqs etmək nə üçün lazımdı? Kimlərsə səni mühakimə etsin deyə, yoxsa həm öz əhvalında, həm də ətrafında xoş aura yaratmaq üçünmü? Təbii ki, ikincisi. Rəqs etmək,  həm də beynin sağlamlığı üçün çox gərəklidir. Mütəxəssislərin  fikrincə, rəqs ağrıları azaldır, insana xoşbəxtlik bəxş edir, zehni problemləri aradan qaldırır, mənəvi və fiziki cəhətdən əlil olmağa şərait yaratmır. Məlum hadisənin qəhrəmanı bütün bu sadaladıqlarımı 2-3 dəqiqəlik rəqsi ilə əldə etməyə çalışıb. Burda pis nə var ki? Pis onun inamından və etibarından istifadə edərək video – görüntüyə neqativ don geyindirməkdi, internetdə yayımlamaqdı. Bundan da pisi və ən alçağı Azərbaycan mətbuatını təmsil edən bəzi saytların həmin görüntünü anındaca öz panelində yerləşdirməsidir. Bununla iş bitmir ki?! Görüntünü əks fikirlərlə şərh etməyə geniş meydan verərək  tirajlayırlar. Bir müəllimin, qadının, ananın, bacının, ən əsası bir insanın heysiyyatı ilə oynayır,  qürurunu və ləyaqətini sındırmağa çalışaraq, şəxsiyyətini alçaltmağa cəhd edirlər. Düşünmürlər ki, o, iş yerini itirə bilər. Nə yaxşı ki, bu hal baş vermədi. Tam tərsinə, Təhsil Nazirliyi öz müəlliminin yanında durdu, onu müdafiə etdi. Nə gözəl! Bundan da gözəl olan məqam isə cəmiyyətin Gülsüm müəllimi müdafiə etməsidi. Çoxluq onun bu hərəkətini alqışladı, hətta qadın və peşə həmrəyliyi nümayiş etdirərək rəqsləri ilə sosial şəbəkədə fləşmob keçirdilər.

Gülsüm müəllimin facebook səhifəsinə baxdım. Paylaşımları məktəblə, şagirdləri ilə bağlı olan tədbirlər, daha çox isə heyvanlarla bağlı maraqlı görüntülərdi.  Hiss olunur ki, heyvanları sevən, onlara diqqət və qayğı göstərən insandı. Heyvansevər şəxs, xüsusislə də o, qadın olanda və müəllim kimi fəaliyyət göstərəndə ətrafına heç vaxt pislik ələmir. Davranışının vicdanlı və ədalətli, eləcə də xarakterinin şəfqətli, rəhmli və səxavətli olduğundan xəbər verir, şən və həyatsevər insan kimi diqqət çəkir. Əminəm ki, Gülsüm Biləndərli məhz belə xanımdı. Əks halda rəqs etdiyini kimsədən gizlətməzdi. Biləndərlinin özünü hamıdan çox bilən sayan “çoxbilmiş” həmkarı isə özü də anlamadan son vaxtlar  cəmiyyətdə müəllimə olan aqressiyanın üstünə sərin su səpmiş oldu. Seçkidə saxtakarlığa yol açan  bəzi müəllimlərin “oduna”  bütünlükdə Azərbaycan müəllimlərini “yandıran” insanların fikrini dəyişdi. Bu hadisədə Gülsüm Biləndərlinin simasında MÜƏLLİM qazandı, cəmiyyət  MÜƏLLİMin itmək təhlükəsində olan hörmətini birə-beş artırdı. Dünən az qala müəllimlik adına ləkə salan bəzilərinin simasında MÜƏLLİMə qarşı nifrət qusanlar bu gün əks fikirlə üzə çıxdılar.

İstəyirəm yazam ki, Gülsüm müəllim əcəb edib oynayıb (yazdım da… və bu yerdə bir təbəssüm işarəsinə ehtiyac var).  İstəyirəm özünü jurnalist adlandıran, amma onun əxlaq kodeksindən xəbəri olmayan, jurnalist etikasının nə olduğunu bilməyənlərə deyim: mən universitetin jurnalistika fakültəsində oxuyanda müəllimlərimiz bizə xəbəri hardan götürməyi, necə yazmağı öyrədirdilər. Deyirdilər ki, xəbər ictimi əhəmiyyət kəsb edən hadisəni özündə tam əhatə edən 5 -10 cümlədən ibarət olmalıdır. Deyirdilər ki, əgər bir it insanı  dişləyibsə bu, xəbər deyil. Amma insan iti dişləyibsə, xəbər məhz budu. Siz insanı dişləyən itdən xəbər yazmısınız. Təkrar edirəm: Gülsüm müəllim çox yaxşı edib  “Məsti xumar”mahnısına oynayıb. Millətin başının altına yastıq qoyaraq onu məsti xumar edən korrupsioner məmurlardan yazmağa  cəsarətiniz varmı? Cəmiyyəti barmağında oynadanların vicdansızlıqlarını mətbuata çıxara bilərsinizmi? İnsanların qanını soran, dövlətə və dövlətçiliyə zərbə vuranlardan xəbər verə bilərsinizmi? Yox! Çünki sizin buna cəsarətiniz və gücünüz çatmaz. Gücünüzü  müəllimə, qadına göstərə bilərsiniz. Bir həmkarım demiş, bu cür “xəbərlər” fonunda ölən mətbuatım, vay!…

Gülsüm müəllim pedaqoqdu. İllərdi məktəbdə dərs deyir, şagirdlərini gələcəyə aparır. Əminəm onun çoxlu sayda şagirdi var ki, bu gün Azərbaycanın inkişafında, dövlətin idarəçiliyində, cəmiyyətin formalaşmasında çox böyük rol oynayırlar. Bundan yazmaq lazımdı, topluma tanıtmaq vacibdi.

Gülsüm Biləndərlini rüsvay etmək cəhdi alınmadı. Əksinə Gülsüm müəllimi, sözün yaxşı mənasında, qəhrəman etdilər. Müəllimlik özü bir  qəhrəmanlıqdı. Bu peşənin üzərinə onu daşıyanın şəxsiyyətini də əlavə edəndə həmin qəhrəmanlıq ikiqat artır.

Gülsüm Biləndərli məhz ikiqat qəhrəmandı…

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png