ONN İnformasiya Agentliyi

İranın ağası və… dığası- YUNUS OĞUZ yazır

İranın ağası və… dığası- YUNUS OĞUZ yazır
13 Oktyabr 2021 - 19:59

Yunus Oğuz

Felyeton

Səhər-səhər qrupda dostlarımdan biri mənə bir link atdı. Oxudum, uğundum, az qaldı qəşş eləyib gedim işimin dalınca.  Son vaxtlar bu qədər heç gülməmişdim. Ay sənin evinəcən, Rəsul Quliyev!

Deməli, jurnalist ona sual verir:

– Turanla İranın fərqi nədədir?

Rəsul da cavab verir:

– Metanla etanın fərqi nə qədərdisə, o qədərdir. Onun siyasi hazırlığını qoyuram bir kənara. A kişi, day molla əmilərə heç olmazsa bu qədər yaxınlıq eləmə də. Məgər bilmirsənmi,  gəncləri tiryəklə göylərdə uçurdub “cənnətə” göndərən, özünü şiələrin lideri elan (şəxsən biz xahiş etməmişik, heç yalvarmamışıq da) edən ölkədə “ağa” və “dığa” (“dığa” ermənicə “oğlan” deməkdir) eyniləşdirilir? Nə gözəl səslənir: Ağa və dığa. 

O gün İranda yaşayan biri mənə zəng edib “ağa” deyə müraciət edir.

Soruşdum:

– Əvvəllər bizə “baba” deyə müraciət edərdiniz, nə oldu, belə?

Gülə-gülə cavab verdi:

– Ağa, daha sizi babalıqdan çıxartdıq.

Elə bildim şuxluq (zarafat) eləyir. Mən də gülə-gülə yenə sual verdim:

– Niyə?

Bu dəfə tam ciddi şəkildə dilləndi:

– Bizim dığaların xətrinə dəymisiniz. Başbilənlərimiz ermənilərə söz vermişdilər ki, bəs nə qədər biz varıq, onlar sizinlə müharibə etməyə curət etməzlər, çünki Azərbaycan bizim arxa bağçamızdır. Nə istəsək, orada əkə bilərik. Bizim molla fəqih dığaları o qədər arxayın etmişdi ki, ermənilər Qarabağda at oynadırdılar. – Sonra pıçıltıya keçdi.  – İnsafən, biz də pis qazanmırdıq. Bir xeyli adam Qarabağdan çörək pulu çıxarır. Elə ki, siz savaşa başladınız, torpaqları aldınız, bu dığaların başbilənlərindən bir neçəsi gəlib oturdu ayətullahi fəqihin qapısının ağzındakı qara daşın üstündə. Bəs, söz vermişdiniz, bağça  belə gəldi, nə istəsək əkmək belə getdi. Nə oldu?  Baxdıq ki, deyəsən Azərbaycanda çəkilən xərc hədər imiş. Orada heç yel də əkə bilmirik. Odur ki, sizi babalıqdan çıxartdıq. İndi dığalarla vermişik baş-başa. Sizdən incimişik, daha ölkənizə dua və aftafa göndərməyəcəyik.

Kişi sözünü bitirən kimi dedim:

– Ağa və dığa çoxdan qardaş idilər. Azərbaycanda yel də əkə bilməyəcəyinizi əvvəldən duymalı idiniz. Vaxtın varsa, ayətullahdan bir əhvalat danışım.

– Buyur, – dedi və hiss etdim ki, ayətullah sözünü eşidən kimi bütün diqqətini mənə yönəltdi.

– Deməli, ayətullahın kənddə, – aram-aram danışmağa bağladım, – kasıb vaxtları idi. Başını camaata dua yazmaqla dolandırır. Kimisi qovun, kimisi yumurta, xoruz, çolpa verməklə ömür sürür. Bir qonşu kənddən xəbər gəlir ki, bəs bir xəstəyə dua yazmaq lazımdır. Başını orda islat, burda qırx. Neyləməlidir?  Əlbəttə, durub getməlidir, işıq gələn yerə barmağını soxmayacaq ki?  Palanı eşşəyin üstünə atır, xurcuna da bir kiçik qovun qoyur ki, bəs yolda yeyərəm. Yolu yarı etməmiş acıyır. Eşşəyini bir ağacın altında saxlayıb xurcundan qovunu çıxardıb kəsir, yarısını yeyir. Qovun da nə qovun, şipşirin. – Tanışımdan soruşuram. – Ağa, başını ağrıtmıram?

İranlı dərhal cavab verdi:

– Yox, ağa, nə danışırsan? Elə şirin danışırsan ki, adam lap uyuyur.

Atmacamdan qalmadım:

– Siz elə yüz illərdir uyuyursunuz. Ayılan vaxtınız olub ki? – Əhvalatın davamını danışmağa başladım. – Hə, elə ki, qovunun yarısını yeyir, nə fikirləşirsə, o biri yarısını götürmür. Öz-özünə deyir ki, qoy buradan hörmətli bir ağanın keçdiyini düşünsünlər. Yoluna davam edir, amma qovunun dadı damağından getmir. Fikri yarımçıq qalmış qovunda olur. Geri dönüb o biri yarısını da ədəb-ərkanla yeyir. “Qoy desinlər ki, ağanın nökəri də vardı, qovunu səxavətlə nökərilə bölüb” düşüncəsilə eşşəyinə minib getmək istəyəndə, gözü qovunun dadlı qabıqlarına sataşır. Qabıqdan da keçə bilmir. Təzədən eşşəkdən düşüb qabığı da yeyir. Sonra da özünə təsəlli verir: “Qoy desinlər ki, ağanın eşşəyi də vardı”.

Susmağımla telefonun o biri başında qəhqəhə səsini eşitdim. Bir qədər güldükdən sonra soruşdu:

– Ağa, indi bu danışdığının mənası nədir?

Dedim:

– Qardaş, özünüzə bir gün ağlaya bilmirsiniz, ölkənizin içi bu gündə, çölü başqa gündə. Bir dığaya görə bütün müsəlman dünyasına sinənizi sipər etmisiniz. Görmürsünüz bu dığalar sizi hara aparır? Uçuruma! Bütün qonşularla, dığalardan başqa, nəinki qonşularla onlara görə hamı ilə üz-göz olmusunuz.

Baxdım ki, ağa telefonun o biri başında dərin sükuta gedib. Handan-hana dilləndi:

– Ağa, düz deyirsən, bu dığalara görə qardaşlarımızın üstünə gedirik. Bu dığalar nəmənə şeydir ki, bizim başbilənlərimiz onların başlarını buraxmaq istəmirlər? Bəs neyləmək lazımdır?

Yadıma sovetdənqalma lətifə düşdü:

– Ağa, şura vaxtı bir təbliğatçı Nehrəm kəndinə gəlir. Camaatı yığıb deyir ki, tələsməyin, bir ayağımız sosializmdə, bir ayağımız da kommunizmdədir, az qalıb. Bunun üstündən beş il keçir. Bu təbliğatçı yenə Nehrəmə gəlib həmin moizəni oxuyur:

“Bir ayağımız sosializmdə, bir ayağımız kom…” demək istəyəndə arxadan bir ağsaqqal ayağa durub onun sözünü kəsir: “Ay oğul! Nə vaxta qədər biz haça-paça qalacayıq? Ayaqlarımız ağrayır axı”. İndi də İran haça-paça qalıb. Bizə uyuşdurucu, xurafat, Ermənistana isə silah, neft göndərir. Elə bilir, bunu görmürük.

İranlı tanışım uzun duşuncədən sonra dilləndi:

– Duz deyirsən, ağa! Bu ağa-dığa məsələdi İranı haça-paça edib. Belə getsə təkcə ayaqlarımız yox, başımız da çox ağrıyacaq.

İndi mən qorxuram ki, burada da bəziləri uzun müddət haça-paça qalsın.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png