ONN İnformasiya Agentliyi

İşıq Adam- Yunus Oğuzun doğum gününə – Züleyxa NADİR yazır

İşıq Adam- Yunus Oğuzun doğum gününə – Züleyxa NADİR yazır
22 İyul 2022 - 9:30

İnsanın xoşbəxtliyi nə tutduğu mövqedən, yaşının az və ya çox olmasından asılı deyil. İnsan xoşbəxtliyini o zaman dərk edir ki, illər onun  taleyində gərəkli bir iz buraxır və  o da özündən sonra bu həyatda iz qoyduğunu  əvvəlcədən hiss edir. Həm də elə bir iz ki,  bu izlə gedənlərin yolu hər zaman  ucalıqlardan keçir. Allahın bəxş etdiyi ömrün məsuliyyətini aylarla, illərlə çiyinlərində daşımaq xoşbəxtliyini hamı bacara bilmir. Əslində bu elə çətin bir iş də deyil. Sadəcə çiyinlərini bu məsuliyyətin altına vermək lazımdır. Mənim tanıdığım Yunus Oğuz illərdi bu məsuliyyətin yükünü daşıyır- yorulmadan, usanmadan. Nədi bu yük? Bu, ədəbiyyatdı, SÖZdü, bədii yaradıcılıqdı, publisistikadı. Ki… Yunus bəy bunların hər birini ayrı-ayrılıqda canına-qanına hopdurub. Ona görə də çiyinləri  ağrımır, dünyanın ən müqəddəs SÖZ yükünü bütün çalarları ilə gələcəyə ötürür. Bu günün ağrı-acısını, varını-yoxunu sabaha  ötürmək hər adamın bacardığı iş deyil. Bunun üçün yuxusuz gecələr, saatlarla ac-susuz qalmaq, stol arxasında oturmaqdan düz qəddini əymək var. Başın ağrıması, gözün zəifləməsi,  yazmaqdan barmaqların mazol olması var. Amma bütün bunlar o qədər xoş, o qədər müqəddəsdir ki,  SÖZlə “yarışa çıxan” Yunus Oğuz heç bir zaman geri çəkilib, əlinin arxasını yerə qoymayıb. SÖZ onu bu günkü ali məqama ucaldıb.
Yazdığı hər  romanı bitəndə,  çap olunan hər kitabını görəndə doğum evinin qarşısında  saatlarla dünyaya gələcək övladını  gözləyən  atanın körpəsinin səsini eşidəndə, üzünü görəndə keçirdiyi sevinc hisslərini yaşayıb. Bu elə bir yaşantıdır ki, Allah onu insana duyguların ən alisi, ən dəyərlisi kimi bəxş edib. Yunus bəy bu müqəddəs duyğunu dəfələrlə yaşayıb. Yazdığı romanlar, pyeslər bədiilik və tarixilik süzgəcindən keçərək doğma övladına çevrilib.  Yaradıcı insanın hər əsəri onun bir övladıdır. Bu baxımdan Yunus bəyin 30-dan çox övladı dünyaya gəlib. Onların arasında  zərif, incə və xoş duyğuların daşıyıcıları da var, qəhrəmanlıq, kişilik, mərdlik, ərlik  nümunəsi sərgiləyənlər də var. “Nadir şah”, “Təhmasib şah”, “Səfəvi şeyxi”, “Şah arvadı və cadugər”,  “Sultan Alp Arsalan”, “Atabəy Eldəniz” tarixi romanları ikincilərdəndi. (Bunlar Yunus Oğuzun əsərlərinin hamısı deyil, əlbəttə. Digər  əsərlərinin adını yazıb sadalamağa ehtiyacın olmadığını dşünürəm). Əminəm ki, bu tarixi romanlar onun həyatının qızıl parçasıdır.Həmin  parcada qədim dövrlə müasir zaman birləşərək  möhkəm körpü yaradıb.  O körpünün özülündə azərbaycançılıq, milli dövlətçilik, vətənpərvərlik duyğuları var. Akademik İsa Həbibbəylinin Yunus bəyin  romanları haqqında dediyi bu sözlər  fikrimin təsdiqidir: “Onun tarixi romanlarında Azərbaycanın dövlətçilik tarixi, milli təfəkkür, azərbaycançılıq ideyaları ön planda dayanır”.
Yazıçılıq elə bir duyğudur ki, bu işin içində olanlar  yazar olduqlarına görə  xoşbəxtdirlər, həm də bədbəxtdirlər. Çünki  yazıçı və şairlər  yaşadıqları  zamanın sevincindən çox ağrı-acısını, qəm yükünü iç dünyalarının  bir elementinə, daha doğrusu, canlı bir bədən üzvünə  çevirirlər. Qələmə aldıqları əsərlərin  qəhrəmanlarının taleyi yazıçının iç dünyasında yaşayır, onunla birlikdə nəfəs alır, ürəyi döyünür. Yunus bəyin  canı-qanı ilə yazdığı bədii əsərlərinin hər biri fundamental bir  tədqiqat məhsuludur. Tarixi vərəqləmək, keçmişə səyahət etmək, olub-bitənləri bilmək,  şəxsiyyətlərin həyatını öyrənmək istəyən hər kəs bu romanlara üz tutur. Nədən tarixi romanlara üstünlük verməsinə gəlincə isə… bir müsahibəsində bu sualın cavabını  belə verib: “Tarixi roman bu günümüzə işıq salır. Məsələn, XVI, yaxud XVII-XVIII əsrlərdə yazılan tarixi məsələlər indi də aktualdır. Vergi məsələsi və digər məsələlər var ki, dünyanın müxtəlif ölkələrinə baxanda da o sahədə oxşar problemlərin olduğunu görürsən. Siyasi məsələlərdə də bunu görmək olar. Tarixə baxanda görürsən ki, o gələcək üçün bir işıqdır. Tarixi öyrənmək gələcəyimizə işıq salar. Keçmiş hadisələrdən dərs alıb kifayət qədər o səhvləri etməməyə çalışmalıyıq”.  Əlavə şərhə gərək yoxdu..
Mənə elə gəlir ki, Yunus Oğuz bu mövzuları işləyərkən fikri-zikri, düşüncələri keçmişdə olub. Bu günün yaşantıları onu əsla keçmişdən ayıra bilməyib, daha doğrusu, keçmişdən bu günə körpü  salmağa çalışıb. Və istəyinə nail olub. Romanlarını oxuyan hər kəs deyir ki,Yunus Oğuzun tarixi əsərlərində keçmişlə bu gün arasındakı körpü aydın görünür. Çəkinmədən deyə bilərəm ki, Yunus Oğuz Azərbaycan yazıçıları arasında körpüsalan “vəzifəsini” uğurla  yerinə yetirən tək SÖZ adamıdı.  Məlumdur ki, körpü tikmək olduqca çətin bir işdi. Bunun üçün orda çalışan hər kəsdə fil gücü, dəvə səbri  və kəl kimi işləmək qabiliyyəti olmalıdı. Yazıçı da belədi. İstedadlı yazıçı bu parametrləri özündə cəmləyəndi. Yunus Oğuz son 10-15 ildə gerçəkdən də kəl kimi işləyərək  böyük ədəbiyyat yaradıb. Qələmi əlinə alaraq kağızda bir, ya iki cümlə yazıb tərəddüd edən  zəif adamdan yazıçı olmaz.  Amma güclülər tərəddüd etmirlər. Başladığı işi sona çatdırmamış ayağa durmurlar. Kağızlar qaralanır, yazılır, pozulur, qələm sınır, mürəkkəb bitir… amma son nöqtəni qoymaq istəyi bütün bunları arxa planda saxlayır. Yunus Oğuz məhz bu cür – yorulmadan, usanmadan çalışan istedadlı yazıçıdı.  Fransız yazıçısı Jül Renar yazıb: “Ən güclü kəllər dahilərdi, nəfəs dərmədən sutkada 18 saat işləyənlərdi”. Bəlkə dəYunus bəy bu fikirlərimi oxuyanda  “kəl” sözündən  xoşlanmayacaq. Bəlkə də üzündə  xoş bir təbəssüm yaranacaq. Ki…o gerçəkdən də fasiləsiz yazan bir SÖZ adamıdır. Roman bitən kimi, dram əsərinə başlayır, arada poeziya nümunəsi yaradır. Bu üçünün arasında nəfəsini dərmək üçün bir balaca fasilə yarananda publisistik yazılara üz tutur. “Bunları hardan bilir?” sualı beynində səslənəcək, amma məndən soruşmayacaq. Gərək bilməyəcək. Mən isə bu iş qrafikini onu yaxından izləyən bir oxucu kimi aydınca hiss edirəm, görürəm. Əgər bu qədər istedadlı və zəhmətkeş olmasaydı, əsərləri Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatıda, Bişkekdə və başqa şəhərlərdə çap edilməzdi…
*
Bu gün Yunus Oğuzun 62 yaşı tamam  olur. Zahirən ona bu yaşı vermək olmaz, amma əminəm ki, iç dünyasının yaşı daha çoxdu. Yazıçının, jurnalistin daxili aləmi  gənc yaşda da, orta yaşda da, lap elə ahıl yaşda da müdrik olur. Yunus bəyi şəxsən  tanımayanlar belə onun əsərlərini oxuyarkən anlayırlar ki, o, uşaqlıqdan  iç dünyasındakı müdriklik işartıları ilə SÖZ dünyasına istiqamət götürüb. SÖZ aləminin əzablı, işgəncəli yaşantıları yazar üçün mənəvi rahatlıqdı. İçindəki hiss və duyğuları kağıza  köçürdükcə daxili dünyandakı əzablar bitir, sən xoşbəxtlik qapısını açmağa doğru qanad açırsan. Bu qanadlar uşaq yaşlarından çıxmağa başlayır. Sonra isə həyat yollarında bərkiyir, heç bir zaman sınmır. Yunus bəy özünün qanadları haqqında müsahibələrinin birində  belə deyib: “Mən 13-15 yaşlarımdan yazmağa başlamışam. 15 yaşımdan Əli Bayramlının “İşıq” qəzetində ştatdankənar müxbir işləmişəm. Xatirə kimi onlar da arxivimdə durur. Həm də 10-cu sinifdən pyeslər, hekayələr yazmağa başlamışam. Hər halda o zaman yolum, istiqamətim artıq müəyyənləşmişdi. Lakin sonradan uzun müddət bu işimlə məşğul olmadım. Belə imkan yarananda, çox güclü istəklə bunları həyata keçirməyə başladım”.
Ömür yolu deyilən bir nəsnə var.  Bu  yolun yaşantılarını hərə bir cür anlayır və bu anlam daxilində də başa vurur. Çünki bir yandan boşalan, bir yandan dolan , bir ucu ölümlü, bir ucu da gəlimli dünyanın gələni-gedəni arasında insanın özünəməxsus, həm də lazımlı və dəyərli olduğu qədər də  məsuliyyətli, şərəfli ömür yaşaması elə də asan deyil. Kimi  bu yolda ömrünü ağır, məşəqqətli, kimi  çox asan keçirir. Kimi də taleyinin hər zərrəsini, hər anını yaşadığı ömrün dəyərləndirilməsinə, örnək olmasına, bu dünyanın puçluğu içində  ağrılı-acılı, burulğanlardan və fırtınalardan keçən məsuliyyətli bir həyat, şərəfli bir iz qoymağa sərf edir. Çünki bir də görürsən ki,  həyata göz açdığın gündən yaşadığın hazırkı anlara qədər bir ömür yol gəlmisən, lakin  dönüb arxaya baxanda kecdiyin yolda  heç bir iz görmürsən. Məncə, mənasız həyat bax elə budur, həm də mənasız olduğu qədər də deyərdim ki, dəyərsiz bir taledir. Yunus Oğuzun  isə ömür yolunda qırmızı xətlə keçən yazıçılıq taleyi hər zaman əlindən tutub, ən doğru yolu göstərib.
Yunus bəy həm də jurnalistdi, qəzet təsisçisi və baş redaktordu. O, 24 saat SÖZ dünyasındadır. Bu dünyadan  kənarda bir həyatı varmı, yoxmu bilmirəm.  Əminəm ki, yoxdu. Əlində qələm olan insan bir ömür qələm dünyasının içində yeni dünya qurmağa çalışır. Qələm əhlinin,  SÖZ adamının qurduğu bu dünya  rəngarəng olur. Bu baxımdan Yunus Oğuzun dünyası yaxşılıqlardan, humanizmdən,  xeyirxah və nəcib əməllərdən  toxunmuş bir çələngdir. Bu  çələngin ən cazibəli rəngi 22 iyul günüdür. Həmin gün Yunus bəyin dünyaya gəldiyi gündür.  Azərbaycan mətbuatının bayram edildiyi gün jurnalist və baş redaktorun 62 yaşının bayramı olacaq. Nə qəribədi, deyilmi? Azərbaycanda neçə nəfər  jurnalist var ki, doğum günü  22 iyuldu. Bəlkə də xoş bir mistikadı. Yunus Oğuz media kapitanıdı. Onun idarə etdiyi gəmi 27 ildi media sularında üzür. Bu  27 ildə  “Olaylar” gəmisi  qəza törətməyib, heç bir aysberqlə toqquşmayıb, suya qərq olmayıb, əksinə ən güclü  fırtınaları aşıb, mənzil başına vaxtında çatıb. Bu, kapitan Yunus Oğuzun məharəti, peşəkarlığı, ustalığıdı.
Kapitanın 62 illik ömür yolunu, görəsən, neçə hissəyə bölmək olar? Sualın cavabı  təbii ki, bilməyənlər üçün çətindi. Hər halda bunu özü daha yaxşı bilər. Mən isə onu deyə bilərəm ki, taleyinin  çox şərəfli və müqəddəs, bulaq suyu kimi şəffaf, təmiz və saf bir sənət olan SÖZ yaradıcılığına həsr etdiyi illəri onun bu həyatda qoyduğu izlərin toplusudu. SÖZün dəyərini, müqəddəsliyini hər zaman qorumağa çalışan ziyalılardandır. Məncə, onun həyatda tutduğu mövqe də, qazandığı uğurlar da SÖZ işığının, SÖZ nurunun süzgəcindən keçib. SÖZ adamının  iç dünyasında həmişə bir işıq yanır. Çəkinmədən deyə bilərəm ki, Yunus Oğuz məhz içində işıq yanan ziyalıdır, yazıçıdır, insandır!
Yunus Oğuzun SÖZ İŞIĞINDA bir “Cığır” da var. O cığır ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqına baş ucalığı gətirdi, ona zəfər hissini daddırdı, 30 illik yurd həsrətinə, 200 ildən çox davam edən utanca son qoydu. Mənə elə gəlir ki, Yunus Oğuza sərkərdələr haqqında yazmaq missiyası Tanrı tərəfindən verildi və Yunus Oğuz bu missiyanı özünün “Cığır” romanında Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin obrazında tamamladı. Söz adamı, işıq adam məhz belə olmalı idi. 
İşığınız bol olsun, Yunus bəy!

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png