ONN İnformasiya Agentliyi

Jukovun xaşlıq papağı- TAHİR TAHİROVİÇ yazır

Jukovun xaşlıq papağı- TAHİR TAHİROVİÇ yazır
16 May 2019 - 14:49

Tahir Tahiroviç, xüsusi olaraq ONN media üçün.

Qudan müharibə iştirakçısı idi. Hətta marşal Jukovun Belarusiya cəbhəsindəki qərargahında qapıda növbətçi də dayanmışdı. Dediyinə görə,  Jukov qarlı bir gecədə çölə çıxarkən Qudanın üşüdüyünü görüb başındakı göy rəngli papağı və şineli ona verib.

Müharibədən 50 il keçməsinə rəğmən,  Qudan hələ də o papağı başından çıxarmamışdı. Heç yumurdu da. Deyirdi bu papağın üstünə çox bombalar yağıb, qiymətli xatirədir.

Qudan həmişəki kimi səhər tezdən saat 05:00-da   kafesini açıb mətbəxə keçdi. Xaşın qoxusu kafeni bürümüşdü.  Dünən gecə yarısından qazana yığdığı mal dırnaqlarını qarışdırmaq istədi. Qazanın qapağını açanda gözlətinə inanmadı. Dırnaqlar gömgöy idi. Gözlərini ovuşdurub bir də baxdı ki, bəlkə, ona elə görünüb. Qaçıb pəncərə pərdələrini açdı ki, işıq düşsün. Bayırda alaqaranlıqdı,  hava hələ işıqlanmamışdı. Mal dırnaqlardan birini kəfkirlə götürüb kənarda yenidən diqqətlə baxdı. Kor kor, gor gor, xaş gömgöy idi.  Qeyri-iradı iri bir qaşıqla qazanı yenidən qarışdırdı, birdən ilan görmüş kimi sıçradı,  marşal Jukovun papağı xaşın içində qaynayırdı.

Qayıdaq dünən axşamçağına. Qudan dırnaqları yuyub sıra-sıra qazanın dibinə düzür, dodağının altında “Katyuşa”nı oxuyurdu. O qədər araq içmişdi ki, ayaq üstə dayana bilmirdi. Səngərləyə – səngərləyə mal ayaqlarını qazanın dibinə düzəndə başından papağın qazanın içinə düşməsindən xəbəri də olmayıb. Otağın qaranlıq, özünün  də  kefli olduğundan hiss etməyib. Papağın üstündən bir sıra da mal dırnağı düzüb. Bax beləcə, papaq xaşla bərabər səhərə kimi qaynayıb.

Qudan bilmədi neynəsin. Başına hava gələcəkdi. Nə az, nə çox, 45 pay dırnaq atılmalı idi. Nə fikirləşdisə tez ayağa qalxıb motorollerini işə saldı. Bayırda qar yağırdı. Naxçıvanın kəskin şaxtası buz kimi kəsirdi. Qudan kürkünü belə geyinməyib motorolleri ilə şütüyürdü. Evə çatıb əl damına daxil oldu. Keçən il şüşəbəndini göy rənglə rəngləmişdi. Bankanın dibində az da olsa qalmışdı. Onu götürüb tez özünü kafeyə çatdırdı. Ayağının altına kətil qoyub elektrik lampalarını göy rənglə rənglədi. Kafe göy rəngə büründü. Hara baxırdın göy rəngdə idi. Qudan tam arxayın olmaq üçün gedib güzgünün qarşısında dayandı. Özünü güzgüdə göy rəng görəndə sevindi.

 Xaş sevərlər ara sıra gəlməyə başladılar. Qudan qonaqlara elan etdi ki, bu gün marşal Jukovunad günüdür, araq pulsuzdur. Bunu eşidən xaş sevərlər sevindilər. Qudanın məqsədi hava işıqlanmamış xaşı satıb qurtamaq idi. Hamı bir-bir Qudandan xaşın niyə belə göy rəngə çaldığını soruşurdu. Qudan hirsli-hirsli sovet hökümətinin düzəltdiyi lampaları söyürdü. Bir saata yaxın göy rəngə fikir vermədən bütün sağlıqlar marşal Jukovun adıyla bağlandı. Qonaqlar arağın pulsuz olduğundan məmnun idilər. Bax beləcə, Qudan 45 pay xaşını satdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png