ONN İnformasiya Agentliyi

Kaş ki…- ZÜLEYXA NADİR YAZIR

Kaş ki…- ZÜLEYXA NADİR YAZIR
12 May 2020 - 13:25

Züleyxa Nadirdən xüsusi olaraq ONN media üçün.

KAŞ Kİ….
İki gün əvvəl professor Ramiz Əsgərin facebookda bir yazısını oxudum. Mədəniyyət naziri
Əbüzlfəz Qarayevin həbs olunacağından dolayı narahatlığını bildirmişdi. Nədənsə professorun
ürəyinə damıb ki, nazir ən ağır cəza ilə “mükafatlandırıla” bilər. Ramiz müəllimin bu narahatlığı
heç də mədəniyyət nazirinin həbsi ilə əlaqədar deyildi. O, Azərbaycan mədəniyyətinin
çökməsindən dolayı ölkənin dünyada rəzil olacağından qorxmuşdu. Əslində professor ikibaşlı,
ironiyalı fikir bildirmişdi. Onun ironiyasında Azərbaycan mədəniyyətindəki mədəniyyətsizlik
ifşa olunmuşdu.
“Dünyanı gözəllik və sevgi xilas edəcək” deyirik. Yalanmı? Deyil, əlbəttə. Bu gözəlliyin,
sevginin kökündə mədəniyyət dayanır. Bütün dünyadakı mədəniyyətlər xilaskarlıq missiyası
daşıyırlar. Bu, bizdə də belə olmalıdı. Amma nə yazıq ki, bu gün onun tərsi ilə üz-üzə
dayanmmşıq. Bir ölkənin ki, mədəniyyətinin başbilənləri eybəcər işlərlə məşğuldu orda
gözəllikdən danışmaq olmaz. Bir halda ki, mədəniyyət yükünə çiyin verənlər sevgidən
məhrumdurlar, orda dünyanın xilasi nəinki mümkündü, əksinə bəşəriyyətin ölümə sürükləndiyi
labuddü. Bir halda ki, mədəni işlərlə məşğul olanlar DTX tərəfindən qandallanırlar, deməli, o
qurum çürüyüb. Elə olmasaydı Dövlət Təhlükəsizlik Xidməti insanlıq ruhunun qidası olan
mədəniyyət sahəsinə qədəm basaraq orada kök atmış korrupsiya yuvasını dağıtmazdı.
Mədəniyyət “ruhun bəslənməsi” deməkdi. Mədəniyyət barbarlığın rədd edilməsində bir vasitə
olaraq insanın mükəmməl varlığa çevrilməsində böyük rol oynayır. Amma Azərbaycanda
mədəniyyəti özündə ehtiva edən qurumun başçısı və onun yan-yörəsindəkilər illərdi bu
mükəmməlliyin məhvi ilə məşğul olur, mədəniyyətsiz formada talançılıq edirlər. Amma hər
şeyin bir sonu, hər kəsin bir aqibəti var. Bu gün 26 il nazir vəzifəsi daşıyan Əbülfəz Qarayev və
əlaltılarının sonudu.
Qarayevlər nəslinin əvvəlki nümayəndələri Azərbaycan tibb elmində və mədəniyyətində əbədi
ehtirama layiq olan yer tutublar. Akademik Abdulla Qarayevin, bəstəkar Qara Qarayevin, adını
daşıdığı babası pediatr həkim Əbülfəz Qarayevin, məşhur cərrah olmuş atası Mürsəl Qarayevin
adını ona görə yazıram ki, işdi-şayət bu yazını oxuyası olsa babalarını xatırlasın, o insanların
hörmətinə, izzətinə ləkə saldığını anlasın. Nəhayət başa düşsün ki, nəslinin layiq olduğu
ehtiramı daşıya bilmədi.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov
milyon dollara “Torqovı” da obyekt alır, amma nazirin bundan xəbəri olmur. Digər bir müavin
Rafiq Bayramov büdcə vəsaitlərini talayır, mədəniyyət şöbələrinə rəhbər təyin etdiklərindən
rüşvət alır və Qarayevin bundan ruhu da incimir. Nazirliyin vəzifəli şəxsləri səlahiyyətlərini
aşırlar, amma nazir görmür. Bu, necə mexanizmdir ki, rəhbər öz tabeliyində olan işçinin
fəaliyyətindən xəbərsizdi? O boyda nazirlikdəki korrupsiya şəbəkəsini görməzdən gəlmək nə
deməkdi? Bu, mümkünmü? Deyil. Sadəcə cənab Qarayevə 26 illik fəaliyyətində bir dəfə də
olsun “gözün üstə qaşın var” deyən olmayıb. Və o, özünü külli-ixtiyar sahibi hesab edərək
əlaltılarına meydan verib. Təbii ki, meydanın mərkəzində də özü yerləşib. Əminəm ki, qarşıdakı
günlərdə, həftələrdə onun həmin meydanın mərkəzində necə oturduğunu da görəcəyik. Görəsən
o, əvvəlki 12 il ərzində Gənclər, İdman və Turizm Nazirliyinə rəhbərlik edəndə də işçilərinin
fəaliyyətindən xəbərsiz olub? “Cənab Qarayev, bütün bu illərdə sən nə işlə məşğul olmusan ki,
nazirliyin şöbə müdirlərinin, idarə rəhbərlərinin çirkab içində olduğunu görməmisən?” sualının
cavabını almayan adamın ağlına yüz cür qara-qura fikir gəlir. Kaş ki, Qarayevin heç bir qara işlə
məşğul olmadığı ortaya çıxsın. Kaş ki, onun hörmət-izzət sahibi olan nəslinin ədəb-ərkanlı
nümayəndələrinin ruhu inciməsin. Kaş ki…
Əbülfəz Qarayevin fəaliyyəti ilə bağlı o qədər “kaş ki…” demək olar. Rayonlardakı mədəniyyət
şöbələrinin yarıtmaz işindən başlasam, bu sahəyə ayrılan təmir-tikinti pullarının
mənimsənilməsində dayanıb nəfəs ala bilərəm. Bu iki məsafə arasında yerləşən mədəniyyət evi,
klub, kitabxana, musiqi məktəbi, teatr, muzey, rəsm qalereyası haqqında da xoş sözlər demək
olmur. Onların çoxunun adı var, özü yoxdu. Hələ onu demirəm ki, illərlə incəsənət
nümayəndələrinə göstərilən fərqli münasibət, birini o birindən üstün tutmaq, digərini aşağılamaq,
bəzilərinə efir qadağası qoymaq kimi “görkəzmə” işlərin də başının altından Mədəniyyət
Nazirliyi çıxır. Teatr və kino xadimlərinə fəxri adlar, təqaüdlər veriləndə, filmlərə, ssenarilərə
ayrılan vəsaitlər mənimsəniləndə görəsən, Əbülfəs Qarayev neçənci yuxuda yatırmış? 26 illik
yüksək vəzifə sahibi kimi çiyinlərində nazir “titulu” daşıyasan, amma bütün bunlar haqqında
məlumatın olmaya… nədənsə, adama inandırıcı gəlmir.
1996-cı ildə Türkiyədə terroçu Abdullah Çatlı ilə bağlı baş vermiş “Susurluq qəzası”nda bir
nəfər polis ölmüşdü. Həmin polis Abdulla Çatlıya xidmət edirmiş, bəlkə də etmirmiş, təsadüfən
hadisə vaxtı orda olub, dəqiq məlum deyil. Amma ölkənin daxili işlər naziri sıravi bir polis
əməkdaşının tarixə ”Susurluq qəzası” kimi düşmüş olayda görünməsindən çox narahat olub. O
“rəhbərlik etdiyim qurumda çalışan bir əməkdaşın adı terrorçu ilə yanaşı çəkilirsə mənim nazir
postunda oturmağım doğru deyil, bu cöx utancvericidir” deyərək istefa verib.
Nə gözəl jest, deyilmi?! Bizdə indiyə kimi hansı nazir belə bir addım atıb? Azərbaycanda bu cür
nümunənin şahidi olan varmı? Yoxdu. Amma istərdim ki, Əbülfəs Qarayev məhz eyni hərəkəti
etsin. Yazdığı istefa ərizəsində utanc keçirdiyini xüsusi vurğulasın. Bu, həm gerçəkdən də
korrupsiyaya bulaşmadığının göstəricisi ola bilər və Qarayevlər nəslinin üzünü qara etməz, həm
də professor Ramiz Əsgərin narahatlığına son qoyular, Azərbaycan dövləti mədəniyyətdən
dolayı rəzil olmaz.
Kaş ki…

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png