ONN İnformasiya Agentliyi

Keçmişdən gələcəyə nə daşıyırıq? ONUNCU YAZI-YUNUS OĞUZ YAZIR

Keçmişdən gələcəyə nə daşıyırıq? ONUNCU YAZI-YUNUS OĞUZ YAZIR
08 May 2020 - 13:49

Fəlsəfi-tarixi-publisist düşüncələrim

Yunus Oğuz

Epiqraf

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

Yunus Oğuz

  • Onuncu yazı

a) tarix ibrətdir.

Tarixin kinayəsinə bir baxın! Bu sətirləri Xocalı faciəsinin düz 28-ci ildönümündə, yəni 26 fevral 2020-ci ildə yazıram. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi, ermənilərdən və ruslardan təşkil olunmuş canlı qüvvəsi Xocalını mühasirəyə aldı.  Fikir verirsinizmi hansı qüvvələrlə şəhər mühasirəyə alındı. Özü də düşmən bilirdi ki, şəhərdən dinc əhalidən bircə nəfər də çıxıb getməyib. İşıqsız, çörəksiz, müdafiəsiz qalan əhali öz tarixi torpağından  getmək istəmirdi.

Ermənilər isə ən müasir silahlarla  hücum edərək onu yerlə-yeksan etdilər. Şəhər tam dağıdıldı, atəşə verildi və əhali xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və başqa vəhşiliklərə, işgəncələrə məruz qalanlar çoxluq təşkil edirdi. Ermənilər əhali üçün dəhliz açmışdılar ki, guya çıxıb getsinlər. Əslində bu tələ idi. Dəhlizə girən kimi uşaq, qadın, qoca dərhal qətlə yetirilirdi. Sağ qalanların çoxu əvvəli məhz ermənilərin açdığı dəhlizə girməyənlər idi. Onlar ayaqyalın, başıaçıq, qarın içində meşələrlə, dağlarla Ağdama doğru irəlilədilər. Yolda neçəsi dondu, onlar qətliamdan sonra şəhərətrafı axtarışda ermənilər tərəfindən ələ keçdi.

Mənim aşağıda verəcəyim rəsmi rəqəmlər heç də həqiqəti əks etdirmir. Çünki bu soyqırımda daha çox insan məhv edilib, çünki itkin və əsir düşənlər haqqında çox az məlumat var. Onlarınsa sayı yüzlərlədir.

Bu soyqırımın rəsmi nəticələrinə görə, 613 nəfər öldürülmüşdü. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi.

Bunların içərisində

– 8 ailə tamamilə məhv edilmişdir,

– 56 insan işgəncə ilə öldürülmüşdür,

– 27 ailənin yalnız bir üzvi sağ qalmışdır,

– 25 uşaq hər iki valideynini itirmişdir,

– 130 uşaq valideynlərindən birini itirmişdir,

– 230 ailə öz başçısını itirmişdir,

– 487 insan şikəst olmuşdur (onlardan 76 nəfəri uşaq və yeniyetmədir),

– 1275 insan əsir götürülmüşdür,

– 1165 nəfər girovluqdan azad edilmişdir,

– 150 nəfərin taleyindən indiyə kimi heç bir xəbər yoxdur.

Biz nə qədər də çalışsaq soyqırımın geniş təsvirini verə bilməyəcəyik, baxmayaraq bununla məşğul olan rəsmi qurumlarımız  bu ağlagəlməz hadisə haqqında kifayət qədər şahidlərin dilindən material toplayıblar və müxtəlif dillərdə dərc edib dünyaya yayıblar. Amma, erməni tərəfinin ideoloqlarının fəxrlə bu hadisələri təsvir etməsi bir daha sübut edir ki, bu soyqırım hansı miqyasda baş verib və gələcəkdə bunun nəticələrindən nə gözləmək olar. Texnikanın inkişafı dövründə biz hadisələri audio və video izləyə və dünyaya fakt kimi təqdim edə bilərik. Bəs yüz il, iki yüz il bundan qabaq türklərə və müsəlmanlara qarşı bundan da betər vəhşiliklər törədilib, ancaq heç bir fakt fiksə olunmayıb. Yalnız ağsaqqallardan eşitdiyimiz xatirələr ağızdan-ağıza keçərək nəql edilib və hadisələrin mahiyyəti ortada itib batıb, çünki heç kim faciələri ümumiləşdirib  fakt kimi ortalığa çıxartmayıb. Hadisənin görülən, yaxud şahid olunan hissəsini kimsə danışıb və bununla kifayətlənib. Bunun nəticəsidir ki, faciəni qlobal şəkildə heç kim təsvir etmədiyindən, buna lokal toqquşma kimi yanaşmşıq. Məhz bunun səbəbindən “kirvəlik” institutu yenidən dirçəldilib və sürətlə inkişaf etdirilib, hətta hayastanla Azərbaycan qardaşlaşıblar. Bu üzdə belə idi və hadisələrin məğzinə dostluq və kişilik prizmasından baxdığımız üçün, biz həqiqətən belə düşünürdük ki,  erməni bizim dostumuzdur. Ermənilər tərəfdənsə bu dostluğun alt qatında məkr və hiylə ilə böyük faciələrə hazırlıq işləri gedirdi. Hətta bəziləri şəstlə deyirdilər ki, Qarabağda yaşayan ermənilər öz balalarımızdırlar, onlar bizə dostdurlar və nə desək onu edərlər, çünki anaları erkəkləri bu işdən çəkindirərlər.

Tarix bir ibrətdir. Onu dərindən öyrənməsən, nəticə çıxartmasan, gələcək olacaqlara hazırlaşmasan o yenə təkrarlanacaq.

Baxın, oxuyun, görün erməni  “ziyalısı” Xocalı soyqırımı haqqında yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı  kitabında nələri yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz  evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hiss-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.

Fikir verdinizmi, soyadı türk mənasında olan Bala+yan bir neçə cümləlik iqtibasda 7 dəfə “türk uşağı” yazır, özü də nifrətlə. Bunu o bizim üçün yazmır, ermənilərin gənc nəsli və hələ dünyaya gəlməyən körpələr üçün yazır. Yəni, eşidin və bilin, nəinki böyüklər, hətta türk uşaqları da bizim düşmənimizdir, nəbadə onlara rəhm edəsiniz. “Ruhumuzun dirçəlişi” yalnız bundan keçir: “Yaşından asılı olmayaraq bütün türkləri əzab verib öldürmək, hər türkü öz qanına bələmək.

Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan  Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. Kitabın 19-76-cı səhifələrində müəliif yazır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim…”

“Martın 2-də Qaflan erməni qrupu (meyidləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının bir km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır, soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq , o hələ də sağ idi.

Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub üzərinə mazut tökülmüş cəsədlərin içinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi…”

Oxudunuzmu David Xerdiyanın yazdığı sözləri? 2000 cəsədi tonqalda Qaflan qrupu yandırıb, hətta bəziləri sağ ola-ola. Elə isə bu 613 rəqəmi hardan çıxdı? Çox güman ki, bu rəqəmdə bizim tərəfdən toplanan cəsədlərdən söhbət gedir, amma bu da alınmır. Bəzi mənbələrin dediyinə və yazdığına görə Ağdamda milli qəhrəman Allahverdi Bağırov 1000-ə yaxın cəsədi meşədən toplayıb, yaxud da erməni əsirlərinə dəyişdirilib. Fakt odur ki, bu rəqəm 613 deyil, 2613-dən çox olmalıdır və bunu belə də dünyaya çatdırmalıyıq. Olmayan aprel soyqırımını  ermənilər milyon yarıma çatdırıblar,  baxmayaraq ki, o zaman Osmanlı imperiyasında bütövlükdə  beş yüz minə yaxın erməni yaşayırdı.  Onun da kişilərinin əksəriyyəti Çar Rusiyası tərəfində vuruşurdu  və sultanın kürəyinə xəncəri saplamaqda davam edirdi. Biz isə utandığımızdan olan rəqəmləri kiçiltməklə məşğuluq.

Ermənilərin türklərə necə nifrət etdiyini göstərən çox da uzaq olmayan tarixi bir hadisəni yazım. 1988-ci ilin dekabrında  Ermənistanın Spitak şəhərində baş verən dəhşətli zəlzələni yəqin ki, yaşlı adamlar xatırlayır. Şəhər yerlə-yeksan olmuşdu. Bütün dünya onlara köməyə gedir, dağıntılar altında qalan insanları çıxardır, evsiz-eşiksiz qalanlara yardım aparır, kömək edirdilər.

1988-ci il hadisələri haqqında bu kitabda qeyd yazanda, bildirmişdim ki, Bakıdan köməyə gedən təyyarənin Spitak enişində koordinatlar bilərəkdən düzgün verilmədiyindən təyyarə dağa çırpılmışdı. 100-ə yaxın insandan yalnız bir nəfər sağ qalmışdı.  Ə. Vəzirov o hadisənin üstünü örtdü və imkan vermədi ki, istintaq-təhqiqat işləri aparılsın.

İki daşın arasında, görürsünüzmü necə qanımıza susayırlar? Dünya bunlara ağlayır, bunlarsa sanki zəlzələni biz törətmişik deyə bizdən qisas alırlar.

İkinci bir hadisə isə daha dəhşətdir. Hamı hay-vay içində olan zaman bir qrup erməni Spitakda yaşayan  və hələ çıxıb getməyə imkan tapmayan onlarla azərbaycanlını toplayaraq iri diametrli boruların içinə doldurublar və boruları hər iki tərəfdən qaynaqlayıblar. Bir neçə dəqiqədən sonra havasızlıqdan borunun içindəkilər dünyalarını dəyişiblər. Belə faktlar kifayət qədərdir və bunları dünyaya, ən əsası isə öz xalqımıza çatdırmaq lazımdır ki, qoy ibrət olsun.

Xocalı soyqırımı Azərbaycanın daxilində də daşların düzümünü dəyişdi.

Yuxarıda qeyd etdiyim kimi 6 mart 1992-ci ildə A. Mütəllibov xalqın təzyiqi ilə Xocalı hadisəsinə, insanların kütləvi şəkildə qətlə yetirilməsinə görə istefaya göndərildi. Milli  Azadlıq Hərəkatı demək olar ki, sonuncu günlərini yaşayırdı, ancaq onun öncül təşkilatı olan Azərbacan Xalq Cəbhəsi təşkilatı çox güclü idi və hadisələrə diqtə edə bilirdi. Bəli, qeyd etdiyimiz kimi Milli Məclis mühasirəyə alınmışdı 5-6 martda. (Müzakirələr istefaya qədər iki gün davam etdi.)  Əslində xalq Xocalı soyqırımına (o zaman hələ bilmirdik bu soyqırımdır) görə məmurları, deputatları didib parçalamağa hazır idi. Bütün günahları daxildə (qeyd etdiyimiz kimi soyqırımın icraçıları bəlli idi) A. Mütəllibova doğru yönəlirdi, çünki o zorla olsa da müstəqillik aktını imzalamışdı və saxtakarlıqla prezident seçilsə də ölkəyə o cavabdeh idi. O isə Xocalı hadisəsinə o qədər də önəm vermədi.  Düşündü ki, onsuz da hər gün Qarabağdan belə xəbərlər gəlir. Bu xəbərlər onun üçün adiləşmişdi. Onsuz da hər səhər yuxudan duranda məlumat verirdilər ki, filan kənd boşaldılıb, filan qədər adam öldürülüb. Həm də o komandasız idi. Artıq, o tənha işləyirdi, hərəkatçılar da onunla müəyyən dərəcədə işləyirdilər, hətta bir neçə naziri prezident cəbhəçilərdən təyin etmişdi.

Ardı var…

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png