ONN İnformasiya Agentliyi

Kimlərə qaldı dünya…

Kimlərə qaldı dünya…
16 Noyabr 2017 - 18:17
Dünya yaranandan bu günə qədər insan olan məxluq daha çox varlanmağa, mənsəb sahibi olmağa, torpaqlar və ərazilər zəbt etməyə çalışıb. Bunun üçün birinin haqqını yeyib, digərlərinin hüquqlarını tapdalayıb, başqasını isə müxtəlif vasitə və üsullardan istifadə etməklə sıradan çıxarmağa çalışıb. Ən maraqlısı və diqqətçəkən odur ki, bu istəklərə nail olmaq yolunda qarşıya çıxan maneələrin ən sərt formada aradan qaldırılmasına cəhdlər göstərilib. Bu maneənin önündə qohum-qardaş, dost və tanış olsa belə, sıradan çıxarılmasında tərəddüdlər olmayıb. Çarpışmalar, çəkişmələr xırda insidendlərlə müşayiət olunsa da, sonradan lokal toqquhmalara, hətta müharibələrə gətirib çıxarsa da, Adəm övladı öz prinsipiallığından dönməyib. Onun üçün fərq etməyib, kim öləcək, kim qalacaq və ya şəhərlər, ölkələr viran olaraq dağılacaq. Əsas o olacaq ki, xəyallarında canlandırdığı, düşüncəsində formalaşdırdığı istək və arzularını reallaşdıracaq. Bəlkə də, fərdi mübarizələrə və xırda çəkişmələrə göz yummaq olar. Amma şəxsi maraq və mənafeyi naminə böyük dağıntılara və qırğınlara səbəb ola biləcək hadisələr yaşananda dəhşətə gəlirsən. Az qala var gücünlə qışqırıb demək istəyirsən: niyə və nə üçün? Alfred Nobelin ibrətamiz bir kəlamı var: “Müharibə – dəhşətlərin dəhşətidir. Bu, ən qorxulu cinayətdir. Elə dağıdıcı gücə malik maddə və cihaz ixtira etmək istərdim ki, bütün müharibələr qeyri-mümkün olsun”.
Böyük alimi başa düşmək olar, amma çox təəssüflər ki, onun böyük arzuları yuxarıda qeyd etdiyim mənsəbpərəst insanların baxışları və yanaşmaları səbəbindən, reallaşması qeyri-mümkündür. Çünki insan görünüş və formaca dəyişə bilər. Amma onun daxili aləminin fərqli bir forma ala biləcəyi mümkünsüzdür. Bir də görürsən ki, insan talan edir, dağıdır və israfçılığa yol verir. Sual edəndə ki, niyə belə edirsən? Cavabı qısa olur, – ömür qısadır, ye-iç, kef elə. Bəzən də beş günlük dünyadır, mənə qalan yeyib-içmək, var-dövlət yığmaq qalacaq, – deyə bildirir. Ağrılı məqam odur ki, bu nadanların düşüncələrinə uyğun şeirlər də yazılır, meyxanalar da qoşulur. Amma dərk etmək istəmirlər ki, ömür bəxş edilibsə, onun qədrini bilmək lazımdır. Hər dəqiqəni, hər saatı, hər günün cəmiyyətə, insanlara xeyir verə biləcək bir formada keçirməyə çalışmaq lazımdır. O dar düşüncəli insanların fikri ilə razılaşıb, onlar kimi hərəkət edilsəydi, onda görün, nə baş verərdi? A.Nobel, Nyuton, Eynşteyn, Eyfel, Nizami Gəncəvi, Nəsimi, Mirzə Ələkbər Sabir, Lütfi Zadə və bu kimi digər şair, yazıçı, memar və rəssam işlərini yarımçıq qoysaydılar və ya həyata keçirdikləri işləri, ümumiyyətlə etməsəydilər, onda dünyamızı hansı formada təsəvvür etmək olardı. Təbii ki, zəif, yazıq, gücsüz və digər aşağılayıcı və xoş duyğulardan uzaq bir formada. Ona görə də, dünyaya gəlmisənsə, buna şükür et. Həyatını sağlam və cəmiyyətə, insanlara xeyir verəcək formada keçir. Həm də elə yaşa ki, dünyanı dəyişdikdən sonra dodaqlarda “bir yaramaz da cəmiyyətdən rədd oldu getdi” kimi sözlər pıçıldamasın. Deyir bir gün bir nəfər uca peyğəmbərimiz Məhəmməd (ə.s.) yanına gəlib – etdiyim günahlarımı bu dünyada çəkmək istəyirəm, mümkündürmü? – deyə sual edir. Peyğəmbər isə – elə yaşa ki, sanki heç zaman ölməyəcəksən, həm də elə yaşa ki, sanki bu dəqiqə öləcəksən, – deyə cavab verir.
Məncə, artıq şərhə ehtiyac yoxdur.
İ.ƏLİYEV
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png