ONN İnformasiya Agentliyi

KONFLİKT- Züleyxa Nadir yazır

KONFLİKT- Züleyxa Nadir yazır
23 Dekabr 2022 - 22:00

Yenə gündəm zəbt olunub. Yenə nişangahda müəllimlərdi. Yenə bəzi sayt və sosial şəbəkələr, eləcə də televiziyalar üçün müzakirə mövzusu tapılıb. Artıq ikinci həftədir ki, orta məktəblər haqqında gedən qızğın müzakirələr səngimək bilmir. Orta məktəblərdə müəllim-şagird münasibətlərində yaranan xoşagəlməz hallar haqqında fikir bildirən insanlar iki yerə bölünüblər. Bir qrup insan müəllimləri pisləyir, digər qrup isə ailə tərbiyəsi görməyən şagirdlərin davranışının məktəbdə konflikt yaratmasını ön plana çəkir. Bəri başdan deyim ki, mən ikincilərdənəm.

Sosial mediada əsasən müəllimlər təhqir olunur. Onların ünvanına kim necə istəyir, ürəyindən nə keçir yazır, xoş olmayan ifadələr işlədirlər. Cəmiyyətdə sanki, müəllimə qarşı bir səlib yürüşü başlayıb. Özü də bu səlib yürüşü bu gün deyil, illərdi başlayıb. Dayanmadan gedirlər. Millətə, dövlətə yazıq. Halbuki müəllim bütün zamanlarda öyrətmək, insan yetişdirmək kimi şərəfli işlə məşğul olub.

Müasir zamanın insanları sovet təhsil sistemini bəyənmir, yaşlı müəllimləri qəbul etmirlər. Bir məqamda onları anlamaq olar. Dünya son 30 ildə çox dəyişib. Elmi-texniki tərəqqi o dərəcədə inkişaf edib ki, bəşəriyyət az qala cib telefonu ilə idarə olunacaq səviyyəyə çatıb. Belə bir zamanda sovet müəllimlərinin əxlaqi və mədəni davranışı, tərbiyə üsulları, pedoqoji təcrübələri “keçmiş” hesab olunaraq kölgədə qalıb. Halbuki sovet tərbiyə üsulu dünyanın heç bir yerində bizdə olduğu qədər müsbət effekt verməyib. Bircə fakt deyim. O dövrdə orta məktəb müəllimi gerçəkdən də hər kəs üçün müqəddəs idi. İnsanlar orta məktəbə pir kimi yanaşır, onu göz bəbəyi kimi qoruyurdular. Yaşından asılı olmayaraq müəllim olan yerdə ədəb-ərkan gözlənilir, mədəni davranış nümayiş olunurdu ki, müəllimdən ayıbdı, həddimizi aşmayaq, oturuşumuzu-duruşumuzu nizamlayaq. Valideynlər uşaqlarını məhz bu yönümdə tərbiyə edirdilər.

Amma indi hər şey tərsinə dönüb. Valideyn uşağını sanki, məktəbə yox biyara göndərir. Məktəbin təhsil yuvası, elm ocağı olduğunu anlamayan bir çox valideyn uşaqlarını təhsil almağa, elm öyrənməyə yox, vaxt keçirməyə göndərir. Adama elə gəlir ki, belələri dünyaya övlad gətirəndə öhdəlik götürüblər ki, uşaqlarını məktəbə “yükləsinlər”. Daha acınacaqlısı odur ki, öz “yükünə” dözməyən valideyn məktəbin çiyninə qoyduğu “yükün” ağırlığına tab gətirməyi müəllimdən yüksək səslə tələb edir. Bəli, bəli, məhz tələb edir. Bu səbəbdən də uşaqları məktəbdə istədikləri kimi hərəkət edir, sinif yoldaşlarını döyür, müəllimə kobud cavab qaytararaq onu təhqir edir.

Ailələr tanıyıram ki, 11 il ərzində övladlarının məktəbdə nə etdiklərini, nə iş gördüklərini qətiyyən soruşmayıblar. Cırcırama misalı həmin illərdə “kef edib, nəğmə oxuyublar”. Bir də gözlərini açıblar ki, oğul-qız orta məktəbi başa vurub. Necə oxuyub, nə əldə edib, ali məktəbə hazırdılarmı? Həyat məktəbinə hansı qiymətlərlə daxil olacaqlar, bu məktəbi şərəflə başa vuracaqlarmı? Bu, həmin valideynləri qətiyyən maraqlandırmayıb. Amma yeri gələndə müəllimin üstünə hücum etməyə, məktəbi tərsinə çevirməyə hazır olublar. Belələrinin övladından nə gözləmək olar? Məktəbdə aşırı tərbiyəsizlik, həyasızlıq sərgiləyən uşaq gələcəyin potensial oğrusu, banditi, yolkəsəni və quldurudu…


Yuxarı sinif şagirdlərinin əksəriyyəti özlərini hədsiz dərəcədə sərbəst aparır. Tənəffüslərdə divara təpik atır, qapı-pəncərəyə yumruq vurur, qarşısına çıxan aşağı sinif şagirdlərini itələyir, müəllimi saymır, hətta ona irad tutan məktəb rəhbərliyinə belə əhəmiyyət vermirlər. Dərs saatlarında da öz amplualarından çıxmırlar. Müəllimə qulaq asmaq, dərs dinləmək əvəzinə telefonda TikToka baxır, youtubda porno izləyir, whatsapda səsli mesaj göndərir.

Heç kimi saymayan, heç nəyi eyninə almayan bu cür yeniyetmənin evdə valideynləri ilə də davranışını təsəvvür etmək çətin deyil, məncə. Bu, həmin valideynlərdi ki, bəlkə heç məktəbin yolunu da tanımırlar. Amma çox rahatdırlar. Çox əmindirlər ki, uşaqları məktəbdə nə etsələr də onlara “gözün üstə qaşın var” deyən olmayacaq. Çünki valideyn üçün əziz olan uşağın “kaprizi” müəllimə yüklənir. Müəllim isə intellekti, bilik və təcrübəsi, mehriban davranışı, ünsiyyəti ilə şagirdin diqqətini cəlb etməyə çalışsa da həmin “kapriz” yolunu kəsir. Əlacsız qalan müəllim yüngülvari cəza verməyə məcbur olur.

Müəllim şagirdinə bir şillə vurur. O şagirdə ki, ipə-sapa yatmır. Özünü bandit kimi aparır, az qala quldurluq edir. “Burda mənəm, Bağdadda kor xəlifə” deyib hər kəsin üstünə xoruzlanır. Əslində beləsini bir şillə ilə də islah eləmək mümkün deyil. Ailəsindən aldığı tərbiyəni məktəbdə nümayiş etdrən bu cür uşağın yeri məktəb deyil. Otuz-qırx il əvvəl çətin tərbiyə olunanlar üçün Mərdəkan qəsəbəsində xüsusi məktəb var idi. Bu cür uşaqlar ora göndərilir, orda həyata hazırlanırdı. İndi də belə bir məktəbin fəaliyyət göstərməsinə mane olan nədir, görəsən? Yoxsa təhsilin başında duranlar öz müəllimini alçaltmaqdan həzz alırlar? Öyrətmən bir şillə vurduğu şagirdindən üzr istəyir, valideyni qarşısında diz çöküb yalvarır. Çox utanverici mənzərədi. Həm güclü, həm suçlu şagird müəllimini alçaldır. Üst qurum isə buna susur, sadəcə tamaşa edir.

Seyid Əzim Şirvani “Oğluma nəsihət” şeirində məktəbi sevməyi, müəllimə hörmət etməyi bu cür qələmə alıb:

Sənə hər kimsə eyləyər təlim, ona vacibdi eyləmək təzim.

Harda gördün ona salam eylə, baş əyib qul tək ehtiram eylə.

Gəlin görək bu günkü valideyn övladına bunu deyirmi? Çoxları demir. Əksinə uşağını tənbeh edən müəllimi ləyaqətsiz sözlərlə təhqir edir. Bununla da ürəyi soyumur, uşağının əlinə telefon verib deyir ki, video çəkib onu sosial şəbəkələrdə tirajlasın. Sosial şəbəkələr də ki, maşallah, saatlı bomba kimidi, anındaca partlayır. Və bu partlayışın qəlpəsi müəllimi yaralayır, ya da öldürür – Qaraçuxur qəsəbəsindəki 146 saylı məktəbin müəllimi Kazım Caniyev kimi. O hələ ki, konfliktin sonuncu qurbanıdı. Səkkizinci sinifdə oxuyan şagirdinə bir şillə vurduğuna görə işdən azad edilib. Bu, başqa müəllimlərə dərs vermək, “gözü çıxan qardaşından öyrənmək” xəbərdarlığıdı. Guya demokratiyanın tələbidi. Uşağın şəxsiyyətini hörmətə mindirməkdi. Bəs, valideyn uşağını döyüb, üz-gözü göyərmiş, bədəni qançır olmuş halda məktəbə göndərəndə həmin “demokrat” rəhbərlik ondan niyə hesab soruşmur? Lazımi qurumlara nədən xəbər vermir? Verməz. Nəyinə lazımdı? “Az aşım, ağrımaz başım” deyib gücünü müəllimin üstündə sınayır. Sanki bütün qınaqlar, sınaqlar, cəzalar müəllim üçün nəzərdə tutulub. Müəllimə hörmətsiz yanaşıb onu nüfuzdan salmaq, şəxsiyyətini alçaltmaq nəyə hesablanıb?

Bir şillə ilə 14-15 yaşlı şagirdə heç nə olmaz, yaxud da 15-20 dəqiqə ayaq üstə dayanmaq ölüm deyil. Bu gün müəllim şilləsindən dərs almayan, sabah həyatın amansız şilləsinə dözə bilməyəcək. Bu gün cəza olaraq ayaqüstə dayanmayan şagird sabah ayaqda dura bilməyəcək, başqalarının ayağı altında qalıb tapdalanacaq. Belə yüngül cəzalara razı olmayan şagirdlər və onların valideynləri gün gələcək ki, peşman olacaqlar. Həyatla mübarizədə kürəkləri yerə dəyəndə anlayacaqlar. Onda da gec olacaq.


Məktəb elə bir yerdir ki, burada yüzlərlə xarakter, davranış, münasibət hər gün bir-biri ilə üzləşir, toqquşur. Bu zaman yaranan düyünü əsasən müəllim açır. Görünən o ki, bu gün Azərbaycan məktəblərində çox hallarda həmin düyünü aça bilmirlər. Çünki müəllimlərin çoxu, eləcə də məktəb rəhbərliyində təmsil olunanların 80 – 90 faizi qadınlardı. Qadın müəllimlər də şagirdlərlə çox məsafəli davranırlar. Qorxurlar ki, birinə bir söz desə o biri şagird anındaca video çəkib internetdə paylaşacaq. Anlamaz valideynlərin tərbiyə etdiyi oğlanlar qadın müəllimləri saymır, onları dinləmirlər. Nəticədə məktəb məktəbliyindən çıxır. Ən çox söyülən, döyülən bir qurum olaraq mətbuatın və sosial medianın gündəmindən düşmür. Oturuşu-duruşu, sanballı davranışı və şəxsiyyəti ilə nümunə ola biləcək kişilər təhsil ocağında baş verəcək xoşagəlməz hadisələrdən uzaq olmaq üçün məktəbdə işləmirlər. Zərbə altında qalan qadın müəllimlər həmin şagirdlərin hər cür tərbiyəsizliyinə tab gətirməyə məcbur olurlar. Əks halda valideynlər onları didib-parçalayarlar. Bu, müəlliminə sahib çıxa bilən cəsarətli məktəb rəhbəri olmayanda daha qabarıq formada özünü göstərir.

Hər kəs gözəl bilir ki, şagird dərs prosesini müntəzəm pozmasa, müəllimin şəxsiyyətini alçaldan hərəkətlər etməsə, tərbiyəsizlik nümunəsi sayılan əməllərdən çəkinsə, heç bir müəllim övladı, yaxud nəvəsi yaşında şagirdi döyə biləcək dərəcədə əsəbləşib vurmaz. Axı, müəllim də insandı. Onun da hiss və duyğuları var. Məktəbliyə elm öyrədənin, təhsil verənin əsəbləri ilə oynamaq nə dərəcədə xoşdu? Müəllim-şagird konfliktinin yaranmasında müəllimi “döyən tərəf” qismində ön plana çəkmək haqsızlıq deyilmi? Şagird isə cəmiyyətə “zərərçəkmiş” qismində ötürülür. Müəllimi ittiham etmək asandı. Çünki şagirdin yaratdığı münaqişə arxa planda qalır. Onun hüquqları qorunur, formalaşmayan şəxsiyyəti müəllim şəxsiyyətindən üstün tutulur. Şagird hər şey edə bilər, amma müəllim cəzalandıra bilməz? Şagird qoçu Əsgərin keçisidi? Məktəblini toxunulmaz ediblər, onlara yaxın durmaq tabu elan olunub. Bu, təhlükəli tendensiyadı. Sən öyrənmək istəyirsənsə ağladan yanında otur, güldürəndən uzaq dur. Çünki o, bu gün səni öyrətmək üçün ən çətin yollardan keçməyə məcbur edir ki, sabah daha əzablı yollardan asanlıqla keçə biləsən…

Nə yazıq ki, bu gün müəllim cəmiyyətin özəyi olaraq onun üst pilləsində yer tutacağı halda, ortadan da aşağı mərtəbədə oturdularaq şərəfini ayaq altına alanlar çoxdu – həm yuxarılarda, həm də aşağılarda. Halbuki müəllim əli öpüləsi, qarşısında diz çöküləsi bir varlıqdı. Valideynlər uşaqlarına bunu təlqin etsələr bəlkə də məktəblərdə bu qədər konflikt baş verməz.

Məktəb cəmiyyətin üst qatıdı. Məktəb millətin dünəni, bu günü və gələcəyidi. Məktəb öyrədənlər və öyrənənlər üçün müqəddəs məkandı – Məkkədi, Mədinədi, Kəbədi. Məktəb səcdəgahdı, qibləgahdı. Bu parametrlərin daşıyıcıları orta məktəb müəllimləri və şagirdləridi. Əgər hər iki qrup arasında qarşılıqlı sevgi, hörmət, səmimiyyət, ən azı, anlaşma olmasa məktəbin ocağı sönür. Ocağın sönməsində birinci rolu ailə tərbiyəsi görməyən şagirdlər oynayır. Onlar elm ocağına “yüklənmiş” partlayıcılardı. Demək olar ki, hər gün, hər saat hansısa bir məktəbdə partlayıcılar tərəfindən konflikt yaranır.

Bu konfliktlərin qarşısını alan niyə yoxdu?..

Züleyxa NADİR

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png