Millət üçün, gələcək üçün möhtəşəm bir abidə istəyir… – Züleyxa NADİR yazır

Züleyxa NADİR.

Üç gün öncə televiziyada Zəhra adlı gənc bir qızın  faciəli taleyindən bəhs edən verilişə baxdım. Çox da təsirləndim. Zəhranın erkən yaşdan ərə getməsi hər iki ailəyə faciəli sonluq “bəxş” edib. Dünən axşam da  eşitdim ki, tanış ailənin 4 yaşlı Zəhra adlı qızı qida zəhərlənməsindən dünyasını dəyişib. Bir neçə gün öncə də facebookda professor Əjdər İsmayılovun 2017-ci ilin yayında erməni qatillərinin  atdığı bombadan həlak olan yaş yarımlıq  Zəhranın 40-cı yas günündə ölkə prezidentinə ünvanladığı müraciətin gündəmə gəldiyini gördüm. Doğrusu, 2-3 gün ərzində Zəhra adlarının  ard-arda səslənməsi, yazılması məndə qəribə bir hiss oyatdı. Sanki Zəhra sözündə bir mistika varmış kimi anlaşılmaz duyğular keçirdim. Və elə həmin  andaca tanıdığım Zəhra adlı qızların taleyini vərəqləməyə başladım və gördüm ki, çoxunun  “tale kitabının” səhifələri faciələrlə yazılıb.

Buradaca qeyd edim: elə başa düşülməsin ki, Zəhra
adına etiraz edirəm. Qətiyyən. Dünyanın hər yerində həyatının xoşbəxtliyini
yaşayan  tanıdığım və tanımadığım yüzlərlə,
minlərlə  Zəhra var. Sadəcə son illərin  azərbaycanlı zəhralarının çoxu, sanki, bu
dünyaya faciə yükü ilə gəlir. Adam istər-istəməz həmin adın uzaq tarixdən gələn
hörmətinə xələl gəlirmiş kimi  soyuq  bir sızıltı keçirməli olur. Niyə məhz 18 aylıq
Zəhra alçaq düşmən tərəfindən qətl olunmalıdı? Niyə onların  silahı, məsələn,  öz  balaca zaruhilərinin başında partlamır? Nədən?
Təbii ki, cavabı çətin olan sualdı. Həm də ona görə çətindi ki, körpə Zəhranın
günahsız ruhu hələ də  göylərdən  boylanır. Hələ də onun kimi yüzlərlə azərbaycanlı
körpənin qisası alınmayıb.

90-ci ilin yanvarından üzü bəri vətən yolunda, torpaq uğrunda şəhid
olan onlarla azərbaycanlı uşaq var. Qanlı yanvar gecəsində azadlığa gedən
yolu açanların sırasında 13 yaşlı Larisa və İlqar, 14
yaşlı Nəriman, 16 yaşlı Vera da var idi. Həyatın  acısını-şirinini dadmayan bu uşaqlar  heç vaxt düşünməzdilər ki, erkən
yaşlarından  düşmən gülləsinə tuş gələcəklər.
Bu gün Şəhidlər Xiyabanında uyuyan həmin uşaqların xatirəsi oranı ziyarətə gələnlər
tərəfindən ehtiramla anılır. Azərbaycan durduqca, xalq, millət yaşadıqca bu
uşaqlar da xatirələrdə yaşayacaq, yaddaşlardan yaddaşlara köçəcək. Gələcək
yüzilliklərdə də əziz xatirələri anılacaq.

Professor Əjdər
İsmayılov da məsələyə məhz bu baxımdan yanaşıb. Şəhid uşaqlarımız heç bir zaman
unudulmasın. Adları tarixə qanla yazılmış bu uşaqların ruhu rahat olsun. Professorun  üç il əvvəl  prezident İlham Əliyevə ünvanladığı müraciətində
deyilir: “…Erməni qatillərin kəndlərimizdən keçən
çaylara axıtdıqları uşaq oyuncaqlarına yerləşdirdikləri partlayıcıları
axıtmaqla Tovuz rayonu sakini 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızını, Ağdam
rayon sakini 9 yaşlı Farizi snayperlə qətlə yetirməkdən, həyətdə
oynayan  uşaqlarımızı güllə ilə dəlik-deşik etməkdən ürəkləri soyumadı.
Körpə balalarımızın qanı hələ qurumadan uşaq qatili olan ermənilər bu il iyulun
4 də yenicə dil açan, “ata-ana” deyən 18 aylıq  məsum körpə Zəhra
balamıza bomba atdılar, onu ana məhəbbətindən məhrum etdilər. Erməni qatillərinin
uşaqlarımıza qarşı zaman – zaman törətdikləri qətliamları,  eyni zamanda
milli tariximizi yeni nəslin qəlbində əbədi yaşatmaq üçün qətl edilmiş
uşaqlarımızın xatirəsinə bir memorial kompleks yaradılmasını bir ziyalı kimin təklif
edirəm. Xatırladım ki, Çexiyanın mərkəzi Praqadan təqribən 20 kilometr aralıda
yerləşmiş, qanayan yaramız 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirilən Xocalı
ilə qardaşlaşan Ledice qəsəbəsində alman faşistlərin məhv etdikləri uşaqların
xatirəsini  əbədiləşdirən möhtəşəm abidənin bənzərini biz də
yaratmalıyıq”!

Alim haqlıdır,  sözünün çəkisi və sanbalı var. Dünya görmüş
ziyalı müraciətində  səmimidir.
Qəlbindəki vətən sevgisi, torpaq məhəbbəti, 
eləcə də xalqına, millətinə olan vurğunluğu vadar edib ki, belə bir
müraciətə imza atsın. Dünyanın bir çox xalqı uşaqlarını baş tacı edir, birinin
burnu qanayanda həyəcan təbili çalır, səbəbini araşdırır, günahkarı
cəzalandırır. Cünki uşaqlar millətin sabahıdır, işıqlı gələcəyidir. Ona güllə
atmaq cinayətdir. Amma bu gün dünyanın gözü azərbaycanlı uşaqların qətlini
görmür. Dünyanın qulağı kar olub. Gözü yaxşını-yamanı seçmir. Nə yazıq ki,  dünyada uşaq qatili kimi  tanınan erməni faşistlərinə “gözün üstə aşın
var” deyən yoxdu. Dünyanın ikili standartı hər zaman ermənidən yana çalışır. Bu
da təbii ki, bizim hər irimizin qəlbimizi ağrıdır. Amma nə etməli?  Səbrlə gözləyirik ki, cinayətkarlar bir gün
layiq olduqları cəzanı alacaq, ən azı, ilahi ədalət qarşısında hesab verməli
olacaqlar.

Professor Əjdər İsmayılov qəlb yanğısı ilə SOS
verib, həyəcan təbili çalıb: uşaqlarımız müqəddəsdi, safdı, təmizdi, toxunulmazdı.
Onların qatillər tərəfindən öldürülməsinə göz yummaq özü bir günahdı. Günaha
batmayaq, ən azı, onların xatirəsini əbədiləşdirək – dövlər səviyyəsində.  Azərbaycan dövləti və onun başçısı bu
məsələlərdə çox həssasdı – bunu hər kəs bilir. Amma  üç il əvvəl professorun müraciətinə niyə
etinasız yanaşılıb? Bir neçə gün əvvəl 
bu məsələ yenidən gündəmə gəlib. Müzakirə iştirakçılarının qəti fikri
belədir ki, həmin  müraciət ölkə
başçısının diqqətinə çatdırılmayıb. Bu, məncə də belədi. Prezident İlham
Əliyev  özü  bir neçə dəfə vurğulayıb ki,  bəzən vətəndaşların  təklif və şikayətlərini ona çatdırmırlar. Niyə,
görəsən? Bəlkə ona görə ki, bu işə məsul olanlarda, birbaşa cavabdehlik
daşıyanlarda  xalq, millət sevgisi,
vətənpərvərlik hissi yoxdu. Bəlkə valideynlik duyğusundan məhrumdular?! Ola
bilərmi ki,  balaca zəhraların xatirəsinə
ucaldılacaq abidənin  nə olduğunu,  onun hansı anlam verəcəyini bilmirlər? Yoxsa
yaddaşlarımı zəifdi? Bu qədərmi unutqandılar ki, xalqın ziyalısının, aliminin
cox ciddi məsələ ilə bağlı müraciətini  prezidentin diqqətinə çatdırmağı gərəksiz
hesab ediblər?!

Dünyanın bütün xalqlarında şəhidlik müqəddəslik mərətəbəsi sayılır. Bütün
xalqlarda şəhidlər ən ali pillədə bərqarar olurlar. Çünki ŞƏHİD canını havasını
udub, suyunu içdiyi VƏTƏNdən, qanını üstündə yeridiyi TORPAQdan üstün saymır.
Şəhidin bir amalı olur: uğrunda döyüşdüyü 
torpağın, canını fəda edəcəyi vətənin azadlığına qovuşan ruhları
səmalarda rahat dolaşa bilsin.

Bu gün Azərbaycan  səmasında ağ
göyərçinlər sayağı minlərlə şəhid ruhu “qanaq çalır”. Düşmən tapdağı altında
olan torpaqlarımızın işğaldan azad olacağı günün həsrətini çəkirlər. Müharibədə ölən uşaqlar da müqəddəslik
zirvəsindədirlər.  Amma bir fərqlə: əlinə
silah alıb düşmənə atəş açmayan körpələr sabahın əsgəri, əsgər anası, əsgər
bacısıdı. Uşaqlar millətin gələcəyidi.

Professor Əjdər İsmayılov məhz bu səbəbdən bu millət üçün, gələcək üçün möhtəşəm bir abidə istəyir…

P.S.
Yazını bu gecə
Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu ərazisində şəhid olan əsgərlərimizin
ağrı-ascısını canıma hopduraraq hazırladım….