“Onun Tanrısı Sözləridir”-Sevil Ülvi Yazır

Şairlər dünyamızın seçilmiş insanlarıdır. Görəsən insan duyğularının zahirə təzahür olunmasını Sairlər qədər bacaran və bunu təmin edən varmı?.. Bəzən insana elə gəlir ki, hər şeydən yazılmış, hər söz deyilmişdir. Lakin Rüstəm Behrudini oxuduqca anlayırsan ki, onun yazdıqları yazılmışlardan, deyilmişlərdən fərqli, çünki: “Onun Tanrısı sözləridir!”

Ruhum məni haqq bildinsə,

Sənə özgə haqq nə gərək?!

Əgər sözüm Tanrıdısa,

Dalında durmaq nə gərək?

“Mən sözlərimi yazmadım ki, onların arxasında dayanım. Yazdım ki, kölgəsi sənin və sənə oxşayanların üstünə düşsün.”

Hamı onu dar ağacına salam verən Şair kimi tanıyır. Mən isə R. Behrudini seirləri ilə Tanrıya qapı açan, sözləri namaz əvəzi, dua tək qılınan, mələklərin tanıdığı, ayrılıqları ovudmaq üçün onu Tanrının göndərdiyini bilən, dünyanın əvvəli söz, sonunda da sözün qalacağını yazan, yollara çıxıb qurd tək ulamaq istəyən, qəbirə sığmayanların ruhu ilə danışan, ölməyi dərdinə baş əyməkdən üstün tutan, sözün içində çırpınan, qələmi ürəyinin qanına batırıb yazan Şair kimi tanıyıram.

Tanrıya gedib-gəldiyini, mələklərin onu tanıdığını yazır Şair.

Lakin hələ də Tanrını görməyib.

Allahım, kimdi, günahkar, Bəndən günahdan doymadı.

Cəhənnəmdən qalxan duman Səni görməyə qoymadı.

Qələm sözə qurulan dar ağacıdı…

Və əsil şairlər bilir,

Qələm sözə qurulan dar ağacıdı…

Mən qələmi ürəyimin qanına batırıb yazıram. Və yazdığım söz bilir Mən yaza-yaza ölümə hazırlaşıram.

Həyatın ölümlə tanışlıqdan başqa bir şey olmadığını bilən bir adam üçün ölüm qorxulu deyil. Ölümün nə olduğunu bilmək üçün ruhunu vücudundan qovur Şair:

Doyub daha bezmişəm mən,

Tövbə eylə deyən dindən.

Ruhum çıx get bədənimdən,

Ölüm, görüm səndə nə var?!

Mən R. Behrudi kimi ikinci bir Şair tanımıram, ruhunun dili ilə şeirlərində bu qədər danışsın, dərdləşsin. Sən bədənə sığmırsan neyləyim ruhum səni? Bəlkə, azad eyləyim bu cəhənnəm bədəndən. Şair həm ruhunu azad etmək istəyir, həm də ona qoşulub çıxıb getmək…

Ey ruhum getmək vaxtıdır

Qoşul mənə çıxaq gedək.

Gəl, öndə Tanrı taxtıdır,

Qoşul mənə çıxaq gedək.

Şair ruhunun dili ilə son dəfə məktub da yazmış…

Bir məktub yaz son dəfə,

Son dəfə bir məktub yaz.

Yaz, ruhum mənim, məni

Dəliyə çevirdi yaz.

Onun ruhundakı bu üsyan Tanrıqutdan, Metedən, Gürşaddan gəlir.

Ey ruhum ayağa dur,

Düşdüyüm tilsimi qır.

Zaman məndə çırpınır

Mən bir sözün içində.

Söz Tanrının mərhəmətidir, yazır Şair. Məni bəndəlikdən çıxarıb Allah, Çıxarıb ruhumu bədəndən belə. Nə vaxtsa qəribtək kəfənsiz ölsəm Məni sözlərimə büküb dəfn elə. Deyilən hər söz, yazılan hər şeir içindən çıxdığı qəlbin qiyafəsini daşıyır. İlham yalnız seçilmiş adamlar üçün Tanrı tərəfindən mükafatlandırılmış ilahi hədiyyədir. R.Behrudi poeziyasını oxuduqca qəlbin, ruhun əsrarəngizliyini duymaq, hiss etmək olur. Oxuduğun seir əgər sənin ürəyini, ruhunu həyəcanlandırırsa, deməli o Şair sənin ruhunun Şairidir. Mənim ruhumun Şairi şeirləri ilə Tanrıya qapı açmış, mən bu gün o qapını açıb, R.Behrudi poeziyasına boylandım. O bütün ömrünü şeirlərinə yazmış. Onu misra-misra oxuyun ki, bitməsin…

Sevil ÜLVİ