ONN İnformasiya Agentliyi

“Peçenye” – Tahir Tahiroviç YAZIR

“Peçenye” – Tahir Tahiroviç YAZIR
09 Yanvar 2021 - 10:41

Şoppulu aclığını qarnındakı qurultudan hiss etdi. Əlini atıb Elmar Hüseynovun şeirlər kitabını götürüb vərəqlədi. Amma aclıq imkan vermədi oxumağa. Bu vaxt masanın üstündən balaca bir siçan qaçdı. Çörək torbasını deşib aradan çıxdı.Telefonuna SMS gəldi.

“Qonararınız bu ay da olmayacaq. Sizin çəkdiyiniz sənədli filmlər bizə lazım deyil. Televiziyada ilin axırına kimi pul yoxdur. Bu dəqiqə özümüzə pul lazımdır”

Hörmətlə, Şeydulla müəllim.

Şoppulu stulu altına çəkib oturmaq istədi. Köklüyü əyilməyə imkan vermədi. Gedib pəncərənin qarşısında dayanıb SMS yazdı.

“Şeydulla müəllim. Siz 10 ildir pul yoxdur deyə-deyə bizim axırımıza çıxdız. Xəstəyəm, həkimə getməliyəm. Pulum yoxdur”

Bir tərəfdən də Eminin hamam məsələsi onu boğaza yığmışdı. İki gün idi ki, “Onsuz “Redaksiya” bağlanıb get Zəngilanda hamam tik” deyə mesaj yazırdı.

Klinikanın qarşısında xeylək adam var idi.Şoppulu həkimin yanına yaxınlaşıb gecələr yata bilmədiyini dedi. Həkim o qədər də dərinə getməyib əlüstü resept yazdı.

-Həkim: Yeməkdən sonra bir həb.

-Şoppulu: Yeməkdən əvvəl olmaz ?

-Həkim: Yox.

Şoppulu həkimə deyə bilmədi ki, o son 10 gün ərzində pul tapa bilmədiyindən normal yemək yeyə bilmir.

Aptekə yaxınlaşdı və resepti uzatdı.

-Əczaçı : 2 manat.

Şoppulu cibini qurdaladı. 10 qəpik çatmadı.

-Şoppulu :1 manat 90 qəpikdir. Bir də bunu ac qarına içsəm olar?

Əczaçı : Yox.

Şoppulu yenə də yeməyə bir şey tapa bilmədiyini dilə gətirə bilmədi.

Parka gəlib skamyaların birində əyləşdi. Ac idi. Dərmanı isə yeməkdən sonra qəbul etməli idi. Amma necə… Qarşıdakı skamyada balaca uşaq peçenye yeyirdi. Şoppulunun gözü uşağın əlində qalmışdı. Uşağa baxa-baxa xəyalən peçenyədən yedi və həbi ovcunun içinə fırladıb ağzına atdı. Boğula-boğula uddu. Bir həftə ac-yalavac dolandı. Xəstəlik keçmək bilmirdi.

Şoppulu get-gedə arıqlayırdı. Yenidən həkimə gəldi. Ağrılarının keçmədiyini bildirdi. Həkim həblə bərabər iynə vurdurmağı məsləhət bildi.

Günlər keçirdi.Şoppulu sağalmaq bilmirdi. Bir tərəfdən də Şeydullanın SMS-i onu dəng edirdi. Hər gün yazırdı ki, gəlin ərizənizi verin işdən çıxın.

On gün sonra klinikaya gəldi.

Həkim –  Ola bilməz. Keçməli idi bu dərmandan sonra. Onda bir də yoxlayaq.

Şoppulunun qanını aldılar. Həkim cavablara baxanda sifətindəki məyusluq bilindi.

Həkim –  Hmmm. Axmaq xəstəlikdi. 100.000 nəfərdən birində olur. Əlacı da o qədər də çətin deyil. Təzə doğmuş ananın südünü içməlisən.

Şoppulu –  Ac qarına olar ?

Həkim – Yox olmaz.

Hava soyuq idi. Xəstəlik bir tərəfə, dərmanı isə bir tərəf.

Şoppulu parka gəlib skamyada əyləşdi. Qarşıda uşaq yenə peçenyə yeyirdi. Bu vaxtı bir qadın qucağında körpə ilə Şoppulunun qarşısından keçdi. Onu tanıdı. Məktəbdə bir oxumuşdular.

Şoppulu – Salam.Tanımadın, sinif yoldaşın Şoppulu.

Qız : – Həəəə. Şərəf lövhəsi Şoppulu. Vay vay. Necə də qocalmısan. Arada da gic-gic rep deyərdin.

Şoppulu –  Əşi boş ver. İşsizlikdəndir. Bir  də yaman xəstələnmişəm. Sən neynirsən?

Qız – Keçən il ailə qurdum. İki aylıq uşağım var.

Şoppulu bu cavabı eşidən kimi ayaqları əsdi. Süd yadına düşdü. Fürsəti əldən verə bilmədiyini hiss edib tutula-tutula dinləndi.

Şoppulu – Sənə bir söz deyim. Bilirəm etiraz edəcəksən. Amma ölürəm. Mənə süd lazımdı.

Qız ilk anda anlamadı. Məsləhət bildi ki, “Bravo” marketdə yaxşı keçi südü satırlar. Özü də ondan istifadə edir.

Məktəb yoldaşı müəllimlərini yada salırdı amma Şoppulu bunları eşitmirdi. Südü necə istəyəcəyini fikirləşirdi. Nəhayət cəsarət tapıb tutula-tutula dedi.

Şoppulu –  Bilirsən necədir? Mənə sənin südün lazımdı.Xəstəyəm.Süd olmasa öləcəm.

Sinif yoldaşı hündürdən pis söyüş söyüb getdi. Şoppulu dilxor skamyada oturdu. Qız uzaqlaşdıqca Şoppulunun halına yazığı gəldi.

Yaxınlaşıb evin ünvanını verdi ki, iki saatdan sonra gəlib südü götürsün.

Şoppulu özü də bilmədən iri gövdəsi ilə yerində iki dəfə fırlandı və göyə tullandı. Yerə düşəndə artıq sinif yoldaşı yox idi.

Hava küləkli idi. Şoppulu gödəkçəsini bədəninə sıxıb deyilən ünvana getdi. Zəngi döyməmiş qapı açıldı. Plastmas stəkanda südü ona uzatdılar və həmən də qapı çırpıldı. Şoppulu an itirmədən südü başına çəkdi.

Həyətə çatanda yenə qarnı quruldadı. Ac idi. Binanın həyətində balaca qızcığaz əlində peçenyə yeyirdi. Ürəyindən uşaqdan peşenyə istəmək keçdi. Amma nədənsə fikirdən daşındı.

Şoppulu bir neçə gün birtəhər keçindi amma ağrılar kəsmədi. Üç gün sonra tezdən oyanıb həkimə getdi. Dəhlizdəcə həkimi yaxalayıb xəstəliyin keçmədiyini bildirdi. Həkim isə bunun mümkün olmadığını bildirdi. Şoppulu isə bir stəkan süd içdiyini bildirdi. Həkim qəfil ayaq saxladı və dedi ki, südü stəkanla yox bir başa döşdən içməlisən. Dedi və getdi.

Dərindən nəfəs alıb həkimin arxasınca bağırdı ki, onu da ac qarına içmək olar ? Həkim cavab vermədi.

Parka gəldi. Fikirdən elə zənn etdi ki, saçları ağardı. Ümid yenə də sinif yoldaşına idi. Acından artıq ölmək vəziyyətində idi. Nədənsə gözünə hamı peçenyə kimi görünürdü.

Sinif yoldaşının qapısının zəngini çaldı. Qız qapını açdı. Şoppulu salamsız zadsız dedi :

Bilirəm ki, ağır söhbətdi. Amma vəziyyətim düzəlmədi.

Qız elə anladı ki, yenə süd lazımdı. Şoppulu ürəklənib, südü bir başa döşündən içməyin lazım olduğunu bildirdi. Qız əsəbləşib söyüş söydü və qapını çırpdı.

Şoppulu həyətdə skamyada oturdu. Aclıqdan xəstəliyi belə yaddan çıxmışdı. Qulağına səsə gəldi. Bu eyvandan gələn səs idi. Sakit və pıçıltı ilə sinif yoldaşı onu evə çağırdı.

Sinəsini açdı. Şoppulu ağzını qızın döşünə dayadı. Südü balaca körpə kimi içirdi.

Qız hala gəldi və titrək səslə:

– Şoppulu həkim başqa şey demədi ?

– Yoooooxx

-Özün də bir şey istəmirsən ?

-İstəyirəm

-Nə ?

-Bir balaca peçenyə olsaydı,  südlə içərdim.

Elə bu andaca Şoppulunun telefonu cingildədi. O, yuxudan dik atıldı. Telefonun ekranında “Redaksiya bağlandı. Müdür dedi ərizə yazın” Şoppulu ürəyində söyüş soydu. Gözü stola sataşdı. Bir stəkan süd və taxta peçenye gördü.

Tahir Tahiroviç

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png