Qərar verin, İranın, ya Vətənin yanındasınız- Cavid İSMAYIL yazır

Sovetlər dönəmində  körpəlikdən ana və nənələrimizin laylalarında, ata və babalarımızın deyimlərində Vətən həsrəti, bölünmüş Vətən yanğısını eşidərdik.

Bir ömür boyu yaddan çıxmaz,  rus imperiyasının sovet dönəmində Şərur-Bakı və əks-istiqamətdə qatarla hərəkət etdiyimiz zaman böyük həsrətlə qanlı imperiyanın xalqımızın köksünə tarım çəkdiyi tikanlı məftillərin arxasından Arazın nər axıntısına baxar, böyüklərin asta səslə “yaxşı bax, bu Araz çayıdır, o tərəfdə Azərbaycandır” sözlərini dinləyərdik. Təsadüfən o taydan bir nəfər görən kimi çox sevinərdik, nisgilli nəzərlərlə ona baxar və gözlərimizi zilləyərdik ki, görəsən o taydakı qardaşımız bizi görürmü? Hərdən astaca əl də sallayardıq.

Əfəndilər! Çox faciəli mənzərədir deyilmi? Ata ilə oğulun, ana ilə qızının ortasında bir tərəfdən soldat, o biri tərəfdən sərbaz dayanırdı. Vətən köksünə tikanlı, qanlı məftillə dağ basılmış görüntünü görmək, anlayan üçün faciədən qat-qat ağır deyilmi?

Araz qırağı,  köksünə tikanlı məftillər çəkilmiş coğrafiyada yaşayan hər kəs mən əminəm ki, bu həsrəti yaxından görmüş və duymuşdu.

Bəli, həyatlarını Vətən naminə qurban edən və hər an qurban etməyə hazır olan millətin qeyrətli ziyalıları, düşünən beyinləri, Vətən qeyrətinə sarılmış bütün insanları daim inanırdılar ki, bir gün  gələcək, qanlı imperiyanın çəkdiyi tikanlı məftillər darmadağın ediləcək və qardaş qardaşa yenidən qovuşacaq.

Belə də oldu. 1989-cu il 31 dekabr məhz həmin müqəddəs tarixə çevrildi.

Şimalda Azərbaycan xalqı müstəmləkəçiliyi ilə barışmadı və Milli Azadlıq Hərəkatına başladı. Bu zaman əsrlərdi namərdlərə sinə gərən, Türkün dədə yurdu Naxçıvanda 7-dən -70-ə hamı qanlı imperiyanın tikanlı məftillərini böyük izdihamla darmadağın etdi. Bəli, Vətənimizin bağrına basılan o qanlı məftilləri nəhayət ki, məhv etdi.

Və ardı ilə …

Naxçıvanın ağır vaxtları idi.  Azərbaycanın o vaxtkı  rəhbərləri  və Moskvanın müti qulları Vəzirov və Mütəllibov zamanı Naxçıvana Sədərəkdən Ordubada qədər təkcə ermənilər və onların sahibləri ruslar deyil, eyni zamanda, Rusiya imperiya maraqlarına satılmış həmin rəhbərlər də zərbələr endirirdi.

Naxçıvan istiqamətində şərəf tariximizin “Sərhəd Hərəkatı” səhifəsi yazılarkən əsasən də Şaxtaxtı (Şimal Azərbaycan), Poldəşt (Azərbaycanın Güneyi) arası bizlər səs ucaldandan milli azadlıq şuarları, Bütöv Azərbaycan hayqıranda, o taydan mollalar “biz ağı deyək, siz sinə vurun…” “əməliyyatı”na başlasalar da, gördülər ki, yox, bu xalqı əsas məqsədindən yayındıra bilməyəcəklər.   

Daha sonra Naxçıvan blokadada olan zaman Naxçıvanda xeyriyyə cəmiyyətləri qurdular və İran dövlətindən Naxçıvana ərzaq yardımı və  güzəştli şərtlərlə ərzaq gətirilməsi az da olsa reallaşmağa başladı.

Bəllidir ki, onların əsas məqsədi Naxçıvana, Azərbaycan türklərinə yardım etmək yox, əksinə daxildə bacardıqca islam dini adı altında, əslində dindən uzaq öz məkrli köklərini salmaq idi.

Bu xəyanət missiysı daha sonra bütün Azərbaycanda başladı.

Öz missionerlərini yerləşdirərək müxtəlif yollarla bəzi insanlara nüfuz edərək özlərinə tərəfdar yığdılar, insanları öz torlarına salmağı bacardılar. Bəzi ərazilərdə qız uşaqlarını məktəblərdən yayındırmağa, erkən nigaha sövq etməyə, bəzi halda bütün xərclər qarşılanaraq insanları dini təhsil almaq adı altında İrana göndərərək orada öz torlarına saldılar və onlardan Azərbaycan düşməninə çevirməyə də müvəffəq oldular.

Beləliklə üzdə dost görsənsə də, reallıqda Azərbaycanın müstəqilliyini həzm edə bilməyən İran deyilən dövlət Azərbaycan Respublikasında əməlli-başlı “iş” aparmağa başladı və bu günə qədər də bir sıra hadisələrdən bəllidir ki, öz məkrli, mənfur istəklrinə bəzi məsələlərdə nail oldu.

Nəticədə yeni nəslin içində, kortəbii, savadsız, cahil dindarlar, öz Dövlətinə qənim kəsilənlər yetişdi.

Belələri indi içimizdə var və əfsuslar olsun ki, heç də az  deyil.

Onlar indi Vətəni Azərbaycanı deyil, dünya fitnəsinin dəstəyi ilə yaradılan İran deyilən dövləti üstün tutur, Azərbaycanın Dövlət rəhbərini deyil, İranın rəhbərini rəhbər olaraq görür, İslam dinini, Əhli-beyti  yalnız İranın formalaşdırdığı baxış bucağından görür, Azərbaycan dövlətinə deyil, İran dövlətinə rəğbət bəsləyir, və bunu açıq-publik şəkildə edir və heç kimdən gizlətmirlər.

Xüsusən də son zamanlarda bir hissəsi sosial şəbəkələr vasitəsilə, açıq şəkildə dediyim dəyərləri təhqir edir, anti dövlət təbliğatı edir və bundan çəkinmirlər. O qədər arxayınlaşıblar  ki, hətta sosial şəbəkələr vasitəsilə təhsil ocaqlarında İransayağı mərasim qurur və İran ideoloji xəttinə uşaqları cəlb edir, onu reklam edir və qırmızı sifətləri ilə hələ bir qəhrəmanlıq kimi qələmə  verirlər. Xüsusən   şərəf və zəfər tariximizin davamını yazan sentyabr şəhidlərimizin dəfni zamanı bədbinlik və məyusluq əhval- ruhiyyəsi yaradan və onu guya qəhrəmanlıq səlnaməsinin təbliğatı kimi göstərənlər də və onları müdafiə edənlər də əslində İran ideoloji xəttinin kölələridir.

Əfəndilər! Qəhrəman Azərbaycan əsgərinin tarixi zəfərindən sonra İran deyilən dövlətin özünə yer tapa bilmədiyi aşkar görsənir. Doğrudur, müharibə gedərkən ərazimizə soxularaq bir istiqamətdə ordumuzu ləngitsə də, ermənilərə yanacaq, silah, sursat və hərbi ləvazimatlar versə də, ermənilər bizə məğlub oldu və indi ermənilərin o məğlubiyyəti ilə heç barışa bilmirlər. Mənə hərdən elə gəlir ki, İranın molla rejimi ermənidən çox, ermənilərin məğlubiyyətini həzm edə bilmir. Bir sözlə, İran öz mənfur və çirkin niyyətini tam şəkildə ortaya qoyub.

Doğrudur, zamanı gələcək, İran bütün xəyanəti və məkrli xislətinin cəzasını çəkəcək. Mütləq çəkəcək. Sadəcə mənim sözüm  bilərəkdən və ya bilməyərəkdən Vətəninə qarşı düşmənə çevrilən, İran mollalarının əlində oyuncağa çevrilən, anam-atam bir kənara İran deyib qurban olanlara, Vətən uğrunda canını qurban verən şəhidlərimizə deyil, ermənilərə arxa olan və zamanında Vətən torpaqlarımızın işğal olunmasında ermənilərə birbaşa dəstək olanların ölümünə timsah göz yaşı tökən Azərbaycan Respublikasının vətəndaşlarınadır. Siz bir yaxşı düşünün və son bir qərar verin. Siz Qarabağda qız- gəlinimizin namusuna sataşan, hamilə qadınlarımızn qarnını süngü ilə yırtıb bətnindəki övladlarını deşik-deşik edənlərə, uşaqlarımızı diri- diri torpaq altına gömənlərə, borulara doldurub qaynaqlayanlara, körpə uşaqları divara diri-diri pərçimləyənlərə, cavan oğullarımızın başını kəsib qanını axıdanlara, sinələrinə xaçı dağlayıb vuranlara, ahıl-ağsaqqal ata-babalarımızı, ağbirçək nənələrimizi min bir müsibətlə qətlə yetirən düşmənimiz ermənilərə qucaq açan İranın yanındasınız,  ya Vətəniniz Azərbaycanın?

Qərar verin, Siz Azərbaycan dövlətçiliyinin yanındasınız, ya Azərbaycanın müstəqilliyini həzm edə bilməyən, hər vəchlə Dövlətçiliyimizin əleyhinə olan İranın?

Siz çəkilin bir sakitçiliyə, düşünün. Allah evinə-məsçidlərimizə donuz bağlayan, dini məbədlərimizi, qəbir evlərimizi təhqir edən, dağıdan ermənilərə qucaq açan adı müsəlman, amma əsl islamdan və əsl əhli-beytçilikdən uzaq olan İranın yanındasınız, ya Vətəniniz Azərbaycanın?

Siz bir qərar verin, Tehran şəhərində 2019-cu ildə Tasua və Aşura günlərində 51-ci erməni oyunlarının açılış mərasimini səsli-küylü musiqi və kollektiv rəqslər təşkil edən İranın yanındasız, ya həqiqətən də, İslam dinini gələcək nəsillərə olduğu kimi çatdırmaq, zülmkarlığı ifşa edib cəmiyyətdə ədaləti bərqərar etmək, Allahın haramlarını haram, halal buyurduqlarını halal bilsinlər deyə öz yaxınlarıyla böyük bir ordu ilə üz-üzə dayanan İmam Hüseyn əqidəsinin yanında?

Bir sözlə qərar verin, düşmənimiz erməninin yanında olan İranın yanındasınız , ya qəhrəman, şərəfli, dininə və əhli-beytinə bağlı olan, çiyin-çiyinə düşmənə qarşı sinə gərən Vətən oğullarıının yanında?!

Qərar verin!!!