ONN İnformasiya Agentliyi

Şəhidlərimizə borcumuz sonsuzdur – Cavid İSMAYIL yazır

Şəhidlərimizə borcumuz sonsuzdur – Cavid İSMAYIL yazır
30 Yanvar 2021 - 18:17

Əfəndilər!

Ümumilikdə etiraf  etməsələr də, artıq dünyanın  bütün aparıcı qüvvələri  Azərbaycanın 44 gün ərzində Ermənistanı darmadağın etməklə tarixi parlaq qələbə qazandığını yaxşı bilirlər.

Bu 44 gündə qəhrəman oğullarımız öz qanı, yenilməz silahlı qüvvələrimiz öz peşəkarlığı, rəşadəti və Müzəffər Ali Baş Komandan öz qətiyyətli mövqeyi ilə son 200 ildən yuxarı olan tariximizin ən şanlı səhifəsini yazdı.  Eyni zamanda Azərbaycan xalqının bu şərəfli günlərdə öz ordusunun, qəhrəman əsgərinin və Müzəffər Ali Baş Komandanın yanında olmasının da, bu qələbəni zəfərlə tamamlamış olduğunun əsas ana xətti olduğunu da qeyd etmək vacibdir.

Yeri gəlmişkən dost və düşmənlərimizin kimlər olduğunu dəqiq bilsək də, bu müqəddəs tarixi 44 gündə bir daha fikirlərimizdə yanılmadığımızın şahidi olduq.

Çıxışlarının birində Müzəffər Ali Baş Komandanın “… nə qədər ki, mən Prezidentəm, status olmayacaq…” deməsini də dost-düşmən yaxşı eşidib.

Erməni və sahibləri hələ ümummilli lider Heydər Əliyevin sovetlər dönəmində rəhbər olduğu vaxtda da yaxşı bilirdilər, nə qədər ki, Azərbaycanda Heydər Əliyev rəhbərdir, onlar Qarabağı əldə edə bilməyəcəklər. Bu baxımdan düşmənlər yenə də daxili satqın, Rusiya imperiya maraqlarının köləsinin dəstəyi ilə Heydər Əliyevi vəzifədən kənarlaşdıraraq öz məkrli planlarını işə salıb tarixi missiyalarına nail oldular.

Heç təsadüfi deyil ki, indi ermənilər yenidən “nə qədər ki, İlham Əliyev Azərbaycanın prezidentidir, biz qalib gələ bilmərik” fikirlərini səsləndirməyə başlayıblar.

İndi gələk mətləbə.

Əfəndilər, son zamanlar nələr baş verir?! Yenə ermənilər, onların sahibləri və milli satqınlar vahid istiqamət üzərində hərəkətə keçiblər. Hər vasitə ilə bu şərəfli tariximizə əllərindən gələn-gəlməyən yollarla kölgə salmaq, ləkələmək istəyirlər. İçimizə nifaq salmaq, Dövlətçiliyimizə zərbə vurmaq istəyirlər.

Bu  əvvəldən  az da olsa hiss edilirdi,  indi isə hakimiyyətə sızmış,  sadə gözlə belə görünən və görünməyən xain əllərin olduğunu yaxşı hiss edirik.

Məsələn, artıq bir neçə gündür ki,  müqəddəs Vətən torpaqlarımızın işğaldan azad olunması, tapdalanmış tarixin Şanlı tarixə çevrilməsi uğrunda, ləyaqəti və şərəfi alçaldılmış bir xalqın ləyaqət və şərəfini göylərə qaldıran, Vətən yaşasın deyə yaşama hüququndan keçən Bakının Yasamal və Nəsimi rayonundan olan bir neçə  şəhidimizin dəfn olunduğu yerlə bağlı qalmaqal yaranmasını,  bu işə biganəliyi  və laqeydliyi  təsadüf saymıram.

İlk olaraq qeyd edim ki, sözügedən qəbirstanlıq inzibati ərazi üzrə Qaradağ rayonuna aid olsa da Bakı şəhəri icra hakimiyyətinə tabedir  və həmin sahənin  artıq bir müddətdir ki, Müdafiə Nazirliyinə ayrıldığı bildirilir. Və həmin yerdə hələ Vətən müharibəsi şəhidlərinə qədər də  bir neçə Aprel şəhidimizin və müharibə veteranlarının dəfn edildiyi də xəbər verilir.

Bunları yazmaqda məqsədim  odur  ki,  bəzi jurnalistlərin  məsələnin mahiyyətini dəqiqləşdirmədən və ya dəqiqləşdirmək istəmədən cəmiyyətimizdə kimin kimdən xoşu gəlmir, məqamdır üzərinə getməsini də təbii ki, təsadüfi hesab etmirəm və qınayıram. Belə münasibət əksinə bu məsələnin daha da çoxşaxəli olması istiqamətində süni olaraq genişləndirilməsinə xidmət etdiyi üçün təbii ki, yolverilməzdir.

Eyni zamanda, ən maraqlı məqamlardan biri də budur ki, həmin ərazidə bir neçə Aprel şəhidi  illər öncə dəfn edilsə də, sosial şəbəkələrdə şəhid ailələrinin günlərlə davam  edən  fəryadından sonra bir eskiz ortaya çıxır  və oranın planı olduğu iddia edilir. Elə buradan yeni bir sual doğur, bəs nəyə görə 2016-cı ildən bu yana o məzarlıq  abadlaşdırılmayıb?! O eskiz  həyata keçirilməyib? Ümumiyyətlə o ərazidə dəfn edilənlərin qəbirüstü daşlarının və ətraflarının götürülməsində müxtəliflik olduğu fotolardan aydın göründüyündən məsələnin əsl mahiyyətindən tam xəbər vermiş olur.

Sadaladığım məsələlərlə bərabər bəzilərinin şəhid ailələri haqqında çox məsuliyyətsiz deyimləri də əksinə bu məsələni daha da alovlandırır.

Yetkililər isə…

Beləliklə növbəti sual, cənablar, bəs siz kimə xidmət edirsiniz?!

Həmin fəryad qoparan şəhid ailələrini çox yaxşı anlayıram. Niyə o ailənin  övladı  yaşadığı torpaq uğrunda can verir,   amma cansız bədəni üçün, ən azından ailələrinin az da olsa təsəlli tapacağı bir guşə tapılmır?

Eyni zamanda onu da qeyd edim ki, axı bu  hadisələr fonunda o qəbirstanlıqda illərdi uyuyan digər vətəndaşlarımızın  da ruhu  inciyir. Axı onların da əzizləri, doğmaları var. Əfəndilər, bəlkə səhv deyirəm?! Onların bu söz-söhbətlərin fonunda doğmaları sizcə əzab çəkmir?!

Elə bu konteksdə bir daha sual ortaya çıxır, gedən bu proseslərin birbaşa qızışdırılmasında maraqlı olanlar kimlərdi? Bəli, bunlar Vətənə, Dövlətə, Ali Baş Komandana və həmin Zəfər tariximizə məqsədli olaraq kölgə salmaq istəyən o məkrli, xain qüvvələrdir. 

Əfəndilər! Bir düşünək, kimdir şəhid? Cavabını hər birimiz çox yaxşı anlayırıq. Həm bu dünyada,  həm də  Allah dərgahında şəhidliyin ən ali məqam olması hər birimizə bəllidir. Bütün bu anlayışda fəxri və ya qeyri fəxri şəhid anlayışı yoxdur və ola da bilməz.

Elə bu baxımdan buradan birbaşa Müdafiə Nazirliyinə və aidiyyəti təşkilatlara səslənirəm. Cənab yetkililər, tariximizin ən şərəfli səhifələri şəhidlərin qanı ilə yazılıb. Şəhidlərin hər biri qəhrəmanımızdır. Onların dəfn edildiyi məkanın fəxri və ya qeyri fəxri xiyabanlara bölünməyini doğru hesab etmirəm. Doğrudur, şəhidlərimizin göstərdiyi igidliklər, qəhrəmanlıq nümunələri fərqlidir,  lakin onların hər biri bizim üçün müqəddəsdir və qəhrəmandır. Elə o baxımdan da onların bu dünyada son mənzili Şəhidlər Xiyabanıdır. Əslində “Fəxri Xiyaban” anlayışı  sovet dönəminin steoretipidir və bu pis, bölücü “mirasdan” qurtulmaq lazımdır. Dünyada belə xiyabanlar çoxdur. Təkcə ABŞ-ın Vircinya ştatında 1864-cü ildən yaradılan və bu günə qədər 300 minə yaxın Amerika əsgərinin dəfn olunduğu  Arlinqton milli qəbiristanlığını diqqətə çəkmək istədim. Baxın,  bunun özü elə bir dövlətin daim Var olması üçün böyük bir xidmətdir.             

 Beləliklə Müdafiə Nazirliyi, şəhidlərimizə layiq olanı dərhal etməyi hələ düşünmürsünüzmü?

Yeri gəlmişkən cənab generallar, sizcə əsgəri ilə son tikəsini paylaşan, ona kompot süzən, ayağından cəkməsini çıxarıb verən, əsgəri ilə ön döyüş xəttində çiyin-çiyinə döyüşən (sadalasam bitməz –C.İ) Polad generalımızın  şəhid  əsgərlərin nəşinin ətrafındakı bu narazılıqdan ruhu şad olarmı? Mən heç inanmıram.

Unutmayaq ki, dövlətin  daim var olması elə  Vətən uğrunda verilən canların bir yerdə dəfn edilməsindən də keçir.

Cənab Generallar həyatda olduğu kimi, Allah gecindən versin, son mənzildə də əsgərlərinizin yanında olmaq ümüdi ilə.

Bu məsələni uzadanların əksəriyyətinin isə bilərəkdən və qəsdən etdiklərinə heç şübhəm olmadığı kimi də, cəzalarını alacaqlarından da heç şübhəm yoxdur.

Məkrli qüvvələr, siz isə bir daha anlayın ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”

Əfəndilər! Heç vaxt unutmamalıyıq! Bizlər və bizdən sonra gələn bütün nəsillərin şəhidlərimizə borcu sonsuzdur!

Allah şəhidlərimizə rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png