ONN İnformasiya Agentliyi

TƏLATÜMLÜ AZƏRBAYCAN KİNOSU – TAHİR TAHİROVİÇ YAZIR

TƏLATÜMLÜ AZƏRBAYCAN KİNOSU – TAHİR TAHİROVİÇ YAZIR
06 Mart 2021 - 19:46

XX əsrin ən böyük kəşflərindən biri kinodur. Bir əsrdən çoxdur ki, insan zəkasının ən müxtəlif düşüncələrini məhz  kinematoqrafiya özündə birləşdirir. Azərbaycan kinosu , dünya kinosunun həmyaşıdıdır, və 70 illik bir zaman kəsiyində kinomuz sovet kinosunun tərkib hissəsi kimi fəaliyyət göstərib. Abbas Mirzə Şərifzadənin “Bismillahı”ndan başlayaraq,  Sovetlər Birliyi dağılana qədər istehsalı edilən filmlərimiz, nəsillərin formalaşmasına öz töhfələrini verib, öz nümunələri ilə yaddaşlara həkk olunub və əslində millətin genofondunu yaradıb. Bu illəri kinomuzun “qızıl dövrü” adlandıra bilərik. Bizim kinonun say etibarıyla deyil, filmlərin mövzu və ssenari tərtibi onun sovet kinosunda özünəməxsus bir yerdə olduğunu göstərir. Təbii ki, hər il 4-5 bədii film və onlarla sənədli filmlərin çəkildiyi bir dövrdə ideya-bədii həlli, mövzu, aktyor oyunu və s. ilə seçilən Azərbaycan sovet kinosu  tamaşaçıların hafizəsində kulta çevrilir, sovet kinematorafiyasında özünəməxsus yerimizin olduğunu sübuta yetirirdi. 

Bu illər ərzində Azərbaycan kinosu sosialist realizminin tələblərini yerinə yetirsə də, XX əsrin 60-cı illərində ekranda yaranan müstəqilləşmə meylləri tamamilə fərqli bir mənzərə ortaya qoyurdu. İnsanlar kollektiv düşüncədən fərdi hisslərə köklənməyə məcbur idilər, çünki tamaşaçı üçün vacib olan hər bir personaja onun fərdi prizmasından yanaşmaq idi. “Bir cənub şəhərində”, “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim”, “Gün keçdi” və s. filmlər milli kinomuzda Avropa neorealizminin xırda-para cücərtiləri idi. İnkişaf davam edirdi. Ekran tədricən müstəqilliyə doğru istiqamət alırdı. Hətta belə demək mümkündürsə, sovet dövründə yetərincə dissident rejissor və ssenaristlər öz müstəqilliklərini bu və ya digər mənada ifadə edə bilirdilər. Bolşevik şüarı altında çəkilən filmlərdə belə Cümhuiyyət liderləri zərrə qədər aşağılanmayıb. Bu o demək deyil ki,  yuxarılar belə istəyiblər. Əksinə ssenarist və rejissorlarımız xarakter nümayiş etdiriblər.  Hətta sovet dönəmində belə Cümhuriyyət iderləri bir neçə filmdə işıqlandırılblar. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, müstəqil kinomuz hələ də Cümhuriyyət tarixinə bədii kinoda müraciət etməyib.

Ötən əsrin 80-ci illərin ortalarından başlayaraq, kinoumuzun müəllif və müstəqil fikir dövrü başladı.  Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov və  Anardan başlanan yolda İsi Məlikzadə, Ramiz Rövşən, Ramiz Fətəliyev kimi ssenaristlər, Vaqif  Mustafayev, Şahmar Ələkbərov, Gülbəniz  Əzimzadə, Efraim Abramov kimi rejissorlar müəllif filmləri çəkməyə başladılar. Söz yox ki, SSRİ-də yenidənqurmanın “küləyi” də bu işlərə təkan verirdi.  

Xatırladım ki, sovet dövründə film çəkmək asan məsələ deyildi. Bunun üçün təhsil və peşəkarlıq mütləq idi. Təhsil Moskvada yerləşən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstititunda həyata keçirilirdi. 

1991-ci il, yəni Azərbaycanın dövlət müstəqilliyinin bərpası tarixindən sonra bütün sahələrdə olduğu kimi milli kinomuzda da tendensiyalar dəyişdi. Ekrana baxış bucağı dəyişdi. Bu baxış bucağında boylandıqda görməliyik ki, kinematoqrafiya ümumən siyasi quruluşa bağlı olmamalıdır.  Bu müstəqillik dövrünün yetirməsi olan mən və mənim həmkarlarımın ümumi fikridir. Keçən əsrin sonu müstəqiilik illərinin kinosunda isə kütləvilik başladı. Müstəqilik illəri  yeni studiyaların yaranmasına təkan verdi. Kommersiya filimlərinin sayı durmadan artdı. Bu da əvvəllər film çəkmək istəyən bir çox yaradıcı insanların qarşısında yaşıl işiğın yandırılması demək idi. Bədii keyfiyyətini müzakirə etməsək, görərik ki, o illərdə onlarla bədii filmlər çəkildi. Milli kinematoqrafiyamız faktiki olaraq, kommersiya məqsədlərinin daşıyıcısına çevrilirdi. Son zamanlar kütləvi surətdə kommersiya filmləri adlandırdığımız filmlərinin  çəkilişi əslində 30 il öncə başlanmışdı. Onu da xatırladım ki, 90-cı illərin əvvəllərində çəkilən bədii filmlərin sayı sovet dönəmində istehsal olunanlardan çox oldu. 

Ötən əsrin 90-cı illərində ağır, təlatümlü, mürəkkəb və eyni zamanda keçid dövrünü yaşayan Azərbaycan kinosu, bu gün də bazar iqtisadiyyatında çətinliyi çiyinlərində daşıyır. Azərbaycanda kinonun başlıca donoru Dövlət büdcəsidir. Amma buna baxmayaraq kinematoqrafçılar müstəqil maliyyə mənbələri hesabına da onlarla filmlər istehsal edirlər.  Yenidən 90-cı illərə qayıdaraq, bir məqamı vurğulamaq istərdim. Həmin illərdə dövlət və müstəqil maliyyə mənbələri müştərək layihələrin birgə istehsalına başlanılmışdı və onların sayında artım müşahidə olunmaqda idi. “Sahilsiz gecə”, “Güllələnmə təxirə salınır”,“Təhminə”, “Yük”, “Vahimə”, “Həm ziyarət , həm ticarət”, “Yuxu” və. s. filmlərin  istehsal hüququ müstəqil kino şirkətlərindən birinə məxsus olsa da, texniki bazası “Azərbaycanfilm” kinostudiyası idi.  Üstəlik, bu filmlərin bəziləri də kulta çevrilə bildi. Müstəqil vəsait hesabına çəkilsə də, tamaşaçı üçün bu filmlər elə dövlət filmləri hesab edilir. Bu filmlər əslində Azərbaycanda prodüser kinosunun ilk cücərtiləri idi ki, sonrakı illərdə bu cücərtilərin inkişafını təəssüf ki, görə bilmədik.   

Müstəqillik illərində ölkəmizdə müstəqil kino təhsilinin yaranmasını da yaddan çıxarmaq olmaz. Öncə qeyd etdiyim kimi həmin dövrə kimi kinematoqrafçılar SSRİ məkanında yalnız Moskva və Leninqradda təhsil ala bilirdilər. 1991-ci ildən başlayaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində “Kino və televiziya” kafedarsı yarandı ki, bu da yeni kadrların yetişməsində öz əhəmiyyətli rolunu oynamağa başladı. Sonralar bu kafedra genişləndi və kinematoqrafiyanın müxtəlif sahələrini özündə əks etdirən ixtisaslarla – rejissor, operator, ssenarist, kinoşünas və s. zəngin oldu. Hətta müstəqillik illərində aktyorluq sənəti də “dram və kino aktyoru” ixtisası altında tədris olunmağa başladı. Bu gün kino səhəsində öz sözünü deyən kinematoqrafçıların əkəsəriyyəti həmin müstəqillik illərinin bizə bəxş etdiyi kino məktəbinin yetirmələridir. Bununla yanaşı Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdindəki kino məktəbi Azərbaycan kinematoqrafiyasının inkişafına hədəflənmiş bir sıra layihələrə təşəbbüs etdi. 

Bu məqamda sənədli kinoya da toxunmaq istərdim. Belə ki, ötən əsrin 90-cı illərdən başlayaraq sənədli kinoda da irəliləyiş müşahidə olunmağa başladı. “Salnamə”, “Rakurs”, “Yaddaş” kimi yeni ruhlu studiyalar, portret, hadisə, milli mədəni irsin bütün çalarlarını özündə əks etdirərək, milli-özünü dərk prosesinin hərəkətverici qüvvəsinə çevilmiş oldular. Bu studiyaların istehsalat planı daha geniş idi ki, bu da mövzu rəngarəngliyini təmin etmiş olurdu. Təbii ki, burada tüğyan edən başqa bir amil də, senzurasız ekran dönəminin başlanması ilə bağlı idi.  

Müstəqilliyimizin bərpası tarixindən başlayaraq, filmlərimiz təkcə ölkəmizdə deyil, eyni zamanda ölkəmizin hüdudlarında kənarda da tanınmağa başladı. Bu, həm də Azərbaycanın kinematoqrafiya ölkəsi kimi təbliğat dairəsinə – Ümumdünya Festivallar Hərəkatına qoşulması demək idi. Bununla yanaşı təmsil olunan və müxtəlif mükafatlar qazanan filmlərin tam əksəriyyəti sənədli filmlər oldular. 

Aztv, Lider, ATV, ARB televiziyalarında fəaliyyət göstərən “Azərbaycantelfilm”, “Vətən” “Azərbaycan”  və “Aranfilm” redaksiya və birlikləri bu baxımdan daha geniş işlər gördülər. Onlarla  gənc kinorejissorları işə cəlb edən bu təşkilatlar il ərzində yüzlərlərə qısa və tammetrajlı sənədli filmlər istehsal edirdi. Təəssüf hissi ilə qeyd etməliyəm ki, indi bu təşkilatların tam əksəriyyəti yoxdur.

Kinomuzun inkişafı və ayaqda durmağı üçün sənətinə hörmət edən adamların idarəçiliyinə ehtiyacı var. İnanırıq ki, bu, baş verəcək.


Tahir Tahiroviç

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyyətinin üzvü, kinorejissor. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png