UÇURUM- Züleyxa Nadir yazır

Əslində “şəhərli-kəndli”, “bakılı-rayonlu” söhbəti yeni deyil. Zaman-zaman bu mövzu gündəmə gəlib və əsasən də qarşılıqlı təhqirlər, söyüşlərlə müşaiyət olunub. Hər iki tərəf  bir-birini ittiham etmək üçün ortaya “arqumentlər” də qoyub. Bir neçə gündü yenə də sosial şəbəkələr və bəzi saytlar bu mövzu ilə çalxanır. Yenə də əsəblər tarıma çəkilib.  Yenə də qarşılıqlı ittihamlar üz-üzə dayanıb. Şoumenlərdən biri “kəndçilər hay-küyçüdürlər, mədəni səviyyələri aşağıdır, şəhərdə özlərini apara bilmirlər” və s. bu qəbildən olan sözlərlə fikir bildirib.

Bəri başdan deyim ki, həmin sözləri  əməkdar artist Bəhram Bağırzadə indi deyil, beş il əvvəl deyib. Amma onun sözlərinin yenidən gündəmə gəlməsi nə deməkdi? Hansısa sayt beş il əvvəlin söhbətini ortaya atmaqla nə məqsəd güdür? Bəhram Bağırzadəni reklam edir, yoxsa insanların heysiyyatı ilə oynayır? Sanki hansısa görünməz qüvvə  bu vasitə ilə millətin parçalanması üçün əldən-ayaqdan gedir, xalqın arasına nifrət toxumu səpir. Ki… bu toxum da cücərib xalqın bir-birinə olan sevgisini azaldır.

Şəhərli – kəndli söhbəti təkcə bizdə deyil ki? Dünyanın bütün xalqlarının yaşam tərzində bu məsələ incə bir xətlə keçir. Rusiyada moskvalılarla ucqar yerdə yaşayanlar arasındakı fərq danışıqlarında, davranışlarında çox aydın hiss olunur. Hətta iş o dərəcəyə çatıb ki, kənddən gələn adama az qala bomj belə yuxarıdan aşağı baxır. Cəmiyyətin üst təbəqəsi olan ziyalı qrupundan fərqli olaraq aşağılar hələ də kənd adamına alçaldıcı formada “mujik” deyirlər.

İngiltərə, Fransa, yaxud Amerikada da belə deyilmi? Avropada  yaşayanlar bunu çox gözəl bilirlər. Oralarda da şəhər əhalisi ilə kənd adamlarının arasında  hiss olunacaq dərəcədə fərq var. Amma Avropada bu məsələ ilə bağlı söhbət  düşəndə insanlar bir-birlərini təhqir etmir, xalqın arasında qarşıdurma yaratmırlar. Millətin şəhərlisi də, kəndlisi də bir-birinə hörmətlə yanaşır, sosial statusundan asılı olmayaraq kimin kim olmağı qətiyyən əhəmiyyət kəsb etmir. Bax, dünyanın başqa xalqları ilə azərbaycanlılar arasındakı utancverici fərq də məhz budu.

***

Sovet hökuməti şəhərlə kənd arasındakı fərqi maksimum aradan qaldırmağa çalışırdı. Vaxtaşırı ölkədə aqrar islahatlar aparılırdı ki, kəndli şəhərə üz tutmasın. Öz evində yaşasın, elində-obasında çalışsın. Kolxozda, sovxozda işləmək nə qədər ağır olsa da əhali indiki kimi  Bakıya axın  etmirdi. Çünki Bakıda yaşamaq və işləmək üçün şəhər qeydiyyatı olmalı idi. Bu siyasət o dövr üçün yaxşı idi, effekt verirdi. Kəndlər boşalmırdı, şəhər əhalisi də sıxlıqdan dolayı problem yaşamırdı. O zamanlar rayonlardan Bakıya ali təhsil dalınca gələn gənc tez bir zamanda şəhər həyatına uyğunlaşırdı. Doğulduğu rayonun, böyüdüyü kəndin ləhçəsi ilə deyil, ədəbi dildə danışmağa çalışırdı. Davranışında, geyimində də dəyişiklik edirdi. Ona görə də şəhərli ilə kəndlini ayırd etmək elə də asan olmurdu. Bakı şəhəri də çox gözəl görünürdü. Əsil paytaxt idi, əsil şəhər idi. Küçədə, nəqliyyatda, kinoda, teatrda, restoranda, dükan-bazarda insanlar ədəb-ərkanı qoruduğu üçün kimin kəndli, kimin şəhərli olduğu əhəmiyyət kəsb etmirdi.

Düzdü onda da ara-sıra “şəhərli-kəndli”, “rayonlu-bakılı” söhbətləri səslənirdi. Amma bu, dar çərçivədə olurdu.  Ali məktəblərdə oxuyanların 90 faizini rayon, kənd məktəbini bitirənlər təşkil edirdi. Azlıqda qalan bakılılar (əslən rayonlu olan şəhərlilər yox, məhz yeddi arxa dönəni bakılı olanlar) həmin tələbələrə “çuşka” deyərək onları aşağılayırdılar. “Gəldilər yubkalarını qısaltdılar, saçlarını kəsdilər, şalvarlarını dəyişdilər…” deyə kənddən gələn gənclərə rişxənd edir, zahiri görünüşlərini qəbullana bilmirdilər. Bu dəyişimə çox pis baxırdılar. Amma anlaya bilmirdilər ki, kənddən gələn gənclər bütün bunları məhz bakılılarda görür, onlardan götürür, fərqlənməmək üçün geyimlərini, danışıqlarını dəyişməyə məcbur olurdular. Dolayısı ilə bakılı rayonluya yox, özünə rişxənd etmiş olurdu. Rayonlu tələbələrə olan qısqanclıq hisslərini heç cür gizlədə bilmirdilər: necə olur ki, kəndçi balaları ən yüksək ali məktəblərdə oxuyur, amma bizim uşaqlar pis vərdişlərə meyl edirlər?.. Və hələ də bu sualın cavabını tapmaqda acizdirlər.                                                          

Sonra SSRİ dağıldı, dövran dəyişdi. Şəhər rayona qarışdı, kənd şəhəri üstələdi. Ermənistandan gələn qaçqınlar və işğal olunmuş rayonlardan köçkün düşənlər Bakının zahiri görkəminə əməllicə təsir etdilər. Bu dəfə dövriyyədə “qaçqın” və “yeraz” sözləri çoxluq təşkil etdi, “çuşka” yaddan çıxdı. Baxmayaraq ki, Bakı və bakılılar onlara  qucaq açdılar, evsiz-eşiksizlərə  ev verdilər, qohum oldular və s. Amma  nədənsə, sonra hər şey dəyişdi. Bir yandan xalq hərəkatı, daxili çaxnaşma, vətəndaş müharibəsi, digər yandan da qaçqın, köçkün düşmüş insanların əksər bakılılar tərəfindən aşağılanması şəhər mədəniyyətini alt-üst etdi. Bakı hər kəsin gözü önündə dəyişdi, nəhəng bir KƏND oldu. 60-70-ci illərdə Bakıda təhsil alıb rayona dönən adamlara nə oldu? İllər sonra köçkün adı ilə Bakıda məskunlaşan həmin məzunların övladları, eləcə də özləri nədən şəhər mədəniyyətinə asi çıxdılar? Çünki bakılıların onlara vurduqları “qaçqın” sözü damğa idi. Bundan qaça bilmədilər. Eləcə də “yeraz” adlı damğa çox şeylərin dəyişməsinə səbəb oldu.

***

Bu gün Bakı çox gözəldi, cazibədardı, xarici turistlərin sevərək səyahət etdiyi bir məkandı. Amma nə yazıq ki, 60-70-ci illərin Bakısı deyil. İndi Bakıda gerçəkdən də rayonlu ilə şəhərlini bir-birindən ayırmaq üçün baş işlətməyə, saatlarla düşünməyə gərək yoxdu. Hər şey ortada aydın görünür. Nə göydələnlər, nə yerüstü körpülər və yeraltı keçidlər, nə də Xəzərin sahilindəki yenilənmiş bulvar o illərin nostaljisini unutdura bilmir. Bu gün xarici markalı 100 – 200 minlik, yarım milyonluq avtomobillərin sahibləri 70-ci illərin Bakısındakı “Jiquli”, “QAZ-24” markalı sovet  maşınlarını idarə edən insanlar qədər xoşbəxt deyillər. Heç “Tarqovı” deyilən küçədə də o günlərin mədəniyyəti qalmayıb. Hələ İçərişəhəri demirəm. Zəngin mədəniyyətimizin möhtəşəm yadigarının  tamamilə məhv olacağı günlərə az qalıb. Gələcək nəsil əsil İçərişəhəri yəqin ki, şəkillərdə görəcək. Keçmiş insanların üzündəki xoş təbəssüm, gözlərindəki inam bu gün heç kimdə yoxdu. O zamanın qadınlarının sadə və səliqəli paltarları, dikdaban ayaqqabıları, qəşəng çantaları şəhər mədəniyyətinin bir parçası idi. Bu günkü qadınların “Chanel”, “Louis Vuitton”, “Dior”, “Gucci”, “Marc Jacobs”, “Prada”, “Versace” markalı çantalarını cins şalvar və krassovka ilə kombin edib geyinməsi şəhərli xanım təəssüratı yaratmır. Qadınlar sanki, kişiləşiblər. Qadını qadın edən  incəlik, zəriflik kimi ali keyfiyyətlər yoxa çıxıb. Bu məsələdə də kəndçilər günahkardı?

Bakılılar qız alıb, qız verərək  rayonlularla qohum olublar. Özü də bu, az qala  kütləvi hal alıb. Yeri gəlmişkən deyim ki, bu cür qohumluqların bünövrəsi birinci dünya müharibəsi vaxtında başlayıb. 1941-ci ildə kişilər müharibəyə getdikləri üçün neft sənayesində işləyənlərin sayında qadınlar çoxluq təşkil etməyə başladılar.  Ona görə də hökumət kəndlərdən 15-16 yaşlı yeniyetmə oğlanları Bakıda işləmək üçün səfərbər etdi. Və həmin oğlanlar bakılı qızlarla evlənərək Bakıda qaldılar. Məhz həmin “hibrid” ailələrdə doğulanlar bu gün kəndçi babalarını bəyənmir, özlərini bakılı adlandırırlar. Halbuki damarları ilə təmiz bakılı qanı axan insanları barmaqla saymaq olar,  az qala defisit olublar. Kaş ki, bunları bəhram bağırzadələr anlamış olaydılar.

Əlbəttə Bəhram Bağırzadəni bir məqamda qınamaq olmaz. Bu bir gerçəkdi ki, ədəbsiz, mədəniyyətsiz, savadsız, hay-küyçü insanlar – istər kəndçi olsun, istərsə də şəhərli –  Bakıda da, başqa yerlərdə də xoş qarşılanmırlar. Amma niyəsə yalnız kənd adamına irad tutulur. Təkcə rayonludumu günahkar? Guya bakılı başdan-başa ədən-ərkan dağarcığıdımı? Onun mənfi tərəfi yoxdumu? Topluma ziyan vuran hərəkətlərinə nə ad vermək olar? Sual olunur: ictimai yerlərdə özlərini kobud aparanları kim bu vəziyyətə salıb? Nədən 60-80-ci illərin gənci ilə bu günün gənci arasında ədəb-ərkandan dolayı böyük bir uçurum yaranıb? Bəlkə eimi-texniki tərəqqi, internet və kompüter texnologiyalarının təsiridi. Bəlkə sərhədlərin açılmasıdı, xarici ölkələri su yoluna döndərənlərin “xidmətləridi”. Bəlkə ölkədəki sosial vəziyyətin aşağı səviyyədə olmasıdı. Rayonlardakı işsizlik onları Bakıya gəlməyə vadar etmirmi? Bir parça çörək dalınca Bakıda işləməyə gələnləri ittiham etmək nə dərəcədə doğrudu? Kəndlərdə gənc qalmayıb. Hamısı Rusiya, Türkiyə, Avropa ölkələrinə işləməyə gediblər. Bəlkə bu problemin həll yolunu tapmağa enerji sərf edəsiniz, Bəhram Bağırzadə və digər bəhram bağırzdələr?!

***

Bu bir həqiqiətdir ki, ölkənin elm adamlarının, ictima-siyasi xadimlərinin 90 faizi kəndçilərdi. İdarəçilikdə oturanların əksəriyyəti rayonlulardı. Çünki kənd adamı üstün zəkalıdı, istedadlıdı, zəhmətkeşdi. Ölkə prezidenti İlham Əliyev haralıdı? Atası Heydər Əliyev rayondan gəlməmşdimi? Babası – məşhur dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyev kənddə doğulmamışdımı? Rizəli Rəcəb Teyyub Ərdoğan siyasi gücü ilə dünyaya meydan oxumurmu? Ümumiyyətlə dünyanı idarə edənlərin hamısı kənd adamlarıdı, torpaqda yetişənlərdi. Kənd adamı bir qədər saf və sadəlövh olduğu üçün kin-küdurətdən də uzaq olur. Onlarda kimisə aşağılamaq kompleksi yoxdu. Şəhərdən rayona gedib yaşayanları başları üstündə saxlayırlar. Şəhərli qonaq evin ən dəyərli insanı və baş tacı sayılır. Dünyanın hansı çağıdır ki, Azərbaycanda hələ də şəhərli kəndlini bəyənmir, bakılı rayonluya rişxənd edir? Hamımız azərbaycanlıyıq, eyni millətin övladlarıyıq. Ayrı-seçkiliyə nə gərək var ki?!

İki il əvvəl Vətən Müharibəsi müharibəsi günlərində insanlar bir-birinə sarıldı, bir-birini sevdi, vətən, xalq, torpaq dedi. Kimsə kimsəni təhqir etmədi. Kimin bakılı, kimin rayonlu olması heç kimi maraqlandlırmadı. Həm şəhərdən, həm də kənddən müharibəyə gedən döyüşçülər qardaş oldular, bir-birinə can deyib can eşitdilər. Sağ qalanlar bu gün də eyni düşüncədədirlər. Müharibə zəfər təşnəsi ilə yanan xalqı birləşdirmişdi.

Gəlin indi də daxilimizdəki şeytanla müharibə aparaq, birləşək, uçurumu aradan götürək…

Züleyxa NADİR