UNUTSAQ UNUDULARIQ

Bu yazını yazmağa məni vadar edən şey bir iş ilə bağlı olaraq Nəcməddin Naxçıvani küçəsinə getməyim oldu. Naxçıvan Muxtar Respublikasında  görülən abadlıq işləri Nəcməddin Naxçıvani küçəsində də göz oxşayırdı. Dahi şəxsiyyətin adının verildiyi küçədən tarixin nəfəsi duyulmaqla yanaşı, müasirliklə sintez halında gələcəyə möhür vuracaq mədəniyyət boylanırdı. Nəcmədin Naxçıvani küçəsi…

Necə də gözəl və mənalı səsləndi bu ad. Həqiqətən də tarixə imzasını vuran  Naxçıvanlı mütəfəkkirlərin unudulmaması baxımından necə də böyük addımdır bu küçəyə verilən ad.

Şərq dünyasına öz adını qızıl hərflərlə həkk edən, Qərbin qəlbinin atdığı mərkəzlərdə əsərləri qorunan bu şəxsiyyəti görəsən bu küçədə yaşayan, bu küçədən keçib işinə, evinə, qonaqlığa tələsən insanlardan neçəsi tanıyır?–düşüncəsi ilə Nəcməddin Naxçıvani kimdir? sualını ətrafımdakı insanlara versəm də, heç kim bu şəxsiyyət haqqında tam dolğun məlumata malik deyildi. Hətta Nəcməddin Naxçıvani adını ilk dəfə eşidirmiş kimi, dönüb küçənin adına maraqla baxanlar da tapıldı. Bu mənzərə məni çox sarsıtdı. Şərq aləmində öz fəlsəfik fikirləri ilə şöhrət qazanan, əsərləri dünyanın elm və mədəniyyət beşiklərindən sayılan bir çox şəhərdə mühafizə edilən bu görkəmli şəxsiyyət haqqında bilməmək ayıb deyil, öyrənməmək ayıbdır.

Bu səbəbdən qərara gəldim ki, bu barədə bir yazı yazım. Naxçıvanlı tanınmış və tanınmamış şəxsiyyətlər haqqında bir rubrika hazırlayıb və onları sizlərə tanıdım. Gəlin Naxçıvanlı məşhur həkimi birlikdə tanıyaq…

 

Şərq aləmində tanınmış həkim Nəcməddin Əhməd ibn Əbubəkr Naxçıvani

Əlyazma mətnlərdə orta əsr Naxçıvan tibb elminin inkişafında əvəzsiz xidmətləri olan böyük şəxsiyyətlər yetişmişdir. Bunlardan biri Şərq aləmində tanınmış  filosof və həkim Nəcməddin Əhməd ibn Əbubəkr Naxçıvani olmuşdur. Yaxın Şərq ölkələrində geniş tanınmış məşhur alim öz dövrünün böyük filosof və mütəfəkkiri olmaqla, həm də tibb sahəsində zəngin biliyə malik olmuşdur. O, Naxçıvanda təhsil almış, elmin bütün sahələrini mükəmməl öyrənmişdir. Ömrünün müəyyən hissəsini Azərbaycanda yaşamış, Marağa rəsədxanasında çalışmışdır. XIII əsrdə yaşamış görkəmli  mütəfəkkir olan Nəcməddin Naxçıvani özünün fəlsəfə, tibb, məntiq və təbiət elmlərinə dair əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində şöhrət tapmışdır. Nəsirəddin Tusinin tələbəsi məşhur alim İbn əl-İbri (1226-1286) Nəcməddin Naxçıvani barədə belə yazır: “O, böyük fəzilət sahibi, dəqiq elmlərin dərindən bilicisi idi. Öz vətənində fəlsəfə ilə məşğul olurdu. Ölkələri səyahətə çıxdı, xeyli gəzib dolaşdı, axırda kiçik Asiyaya daxil oldu, böyük mənsəblər tutdu, sonra idarəçilik narahatçılığı ilə, əzab-əziyyətləri onu bezdirdi. Oradan Suriyaya yola düşdü”. Mənbələrin verdiyi məlumata görə böyük filosof-təbib ömrünün axırında guşəneşin olmuşdur. Orta əsr Şərq təzkirələrində bir çox naxçıvanlı müəlliflərin, alim, şair, xəttat və rəssamların, filosof və mütəfəkkirlərin adları çəkilir ki, onların yaratdıqları əsərlər hələ də tədqiq olunmamış və aşkara çıxarılmamışdır.

Naxçıvanın filosof və təbibi, həmçinin böyük mütəfəkkir-aliminin qədim Naxçıvanda dünyaya gəlməsi haqqında Məhəmməd Bağır Xansari (1811-1895) yazır:  “O, böyük şəxsiyyət Naxçıvan şəhərindən idi və İbn Sinanın

 əsərlərinə şərhlər yazırdı”.

Əlyazma mənbələr Naxçıvana aid orta əsr fəlsəfi irsinin nümayəndəsi olan filosof və həkim Nəcməddin Naxçıvani haqqında belə yazır: “Naxçıvani bir filosof kimi Şərq peripatetizminin mükəmməl bilicisi olmuş, ancaq ardıcıl aristotelçi olmamışdır. O İbn Sinanın kitablarını tənqidi planda araşdırmış, onun bəzi doktrinalarına qarşı öz etirazını bildirmişdir. Mübahisə doğuran fəlsəfi məsələlərdən biri nəfsə dair idi. İnsan cisminin məhvindən sonra nəfsin yaşamasına inanan Naxçıvani Şərq peripatetiklərinin əleyhinə olaraq, İbn əl-İbraninin qeyd etdiyi kimi, “tənəsüx  təliminə” güclü meyl etmişdir” .
XIII əsrdə yəhudi filosofu İbn Kəmmunə İsraili də başqaları kimi Nəcməddin Naxçıvaninin əsərlərinə şərh yazaraq peripatetik fəlsəfə ilə ona qarşı yönəldilmiş tənqidi fikirləri barışdırmağa səy göstərmişdir. Xucəndi isə Nəcməddin Naxçıvaninin İbn Sina təliminə dair dediyi tənqidi fikirləri qəbul etməmişdir.
Filosofun bir neçə tanınmış məşhur əsərləri olmuşdur ki, dünyanın diqqətini özünə cəlb etdirmişdir. “Məntiqin məğzi və fəlsəfənin xülasəsi” (“Lübab əl-məntiq və xülasət əl-hikmət”), traktatının bir əlyazması Nəcəf şəhərində mühafizə edilir. Onun İbn Sinanın “Tibb qanunu” (“əl-Qanun fi-tibb”) kitabına yazdığı şərh Parisdə, “İşarələr və qeydlər” (“əl-İşarət vət-təlbihat”) kitabına yazdığı şərh İstanbulda saxlanılır”.

 Naxçıvan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Məşhur şairlər, nasirlər, elm və mədəniyyət xadimləri yetirən bu torpaqda olduqca zəngin ədəbi mühit formalaşmışdı. Bu illərdə yaradılan ədəbiyyatda hər şey tapmaq mümkündür. Bu ədəbiyyatda tarix, incəsənət, psixologiya, pedoqojika, coğrafiya, politologiya, dilçilik və sair kimi elmlərin izləri vardır.

Görüldüyü kimi Naxçıvan mühiti tarixin hər dövründə dəyərli ziyalılar yetirmişdir. Kəngərlilər, Bəktaşilər, Şahtaxtinskilər, Mirişlilər, Hinduşahlar və sair kimi adlı-sanlı nəsillərin yurd yeri olan Naxçıvan torpağı tarixdə də, müasir dövrdə də elmin, mədəniyyətin beşiyi olmuşdur. İllər boyu bir çox işğallara, bir çox təzyiqlərə məruz qalan bu torpağın dəyərləri zaman-zaman bizdən qoparılmışdır.

Əvvəllər mühitlərin bir-birinə təsiri, buradakı görülən hər hansı bir tərəqqi bir-birinə səyahət edən səyyahlar, elm adamlarının tanış olduğu diqqət çəkən və yeniliyin duyulduğu materialların öz ölkələrinə aparılması, ya da əsərlərində bu məlumatlardan bəhs edib onu əsaslandırması hesabına yayılırdı. Ərazidən-əraziyə daşınan fikirlər daşındığı regionun tələblərinə uyğun istiqamət və mövqe dəyişdirirdisə də, ümumiləşmiş fikir olduğu kimi qalırdı. Qısaca yarandığı yerdən qoparılmağa cəhd olunan insanlar kimi fikirlər də nə qədər dəyişikliyə məruz qalırlarsa qalsınlar, genlərində məxsus olduqları regionun izlərini daşımaqdadırlar. Bu dildə də, ədəbiyyatda da, tarixdə də, incəsənətdə və sair bu kimi sahələrdə də belədir. Bəzi əsərlərdə isə ortaq  arqumentlər, ortaq fikirlər nəzərə çarpır. Bu oxşarlıqlar, fərqliliklər, bəhrələnmə, istinadlar, izinli və izinsiz köçürmələr, xalqların ortaq mədəniyyətlərinin tədqiqi zamanı ortaya çıxan və mübahisələrə səbəb olan başlıca amillərdir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə dəyərlərimizin özümüzə qaytarılması yolunda addımlar atıldı. Böyük naliyyətlər əldə edildi.

Ulu öndərin uğurlu siyasətinin davamı olaraq bu gün Ali Məclisin Sədri cənab Vasif Talıbovun bu sahədə gördüyü işlər təqdirəlayiqdir. İndi Naxçıvanlı bir çox sənətkarın əsərləri yenidən nəşr olunur, folklorumuz toplanılır, nəşr edilib, sistemləşdirilir, bununla birlikdə Naxçıvandan uzaq düşmüş bir çox sənətkarın əsərləri axtarılıb-tapılır, bizlərə qaytarılır. Bu yolda uğurlu və məqsədyönlü tədbirlər davam etdirilməkdədir. Bizim borcumuz isə mədəniyyətimizə, tariximizə, folklorumuza, milli dəyərlərimizə sahib çıxmaq, onları qorumaq və gələcək nəsillərə tam, dolğun mədəniyyət və gələcək ərmağan etməkdir. Gəlin birlikdə tanıyaq!

      

   Nərgiz İSMAYILOVA