ONN İnformasiya Agentliyi

Yolkəsənlər – Züleyxa NADİR yazır

Yolkəsənlər – Züleyxa NADİR yazır
02 Avqust 2021 - 11:15

Züleyxa NADİR xüsusi olaraq ONN media üçün.

Yay fəsli, həm də dəniz vaxtıdı, çimərlik zamanıdı. Bakı əhalisi sağlam olmaqdan və istirahət etməkdən dolayı yay aylarında çimərliklərdə vaxt keçirməyə üstünlük verirlər. Bu, yüz illərdi, min illərdi belədi. Yay fəsli şəhər əhalisində həmişə sevinc, xoşbəxtlik, təbəssüm kimi xoş hissləri yaşadıb. Kimsə bu duyğuları onların əlindən almayıb. Necə deyərlər xoş istirahətin kökündə azad nəfəs, azad addım dayanıb. Gəl ki, son illər bu azadlığın qarşısına elə çəpər çəkilib ki, çoxları bu çəpərdən boylanmaqla kifayətlənməi olur. Hava, su, torpaq Allahındı, onun insanlar üçün yaratdığı nemətdi. Bunlar olmasa insan da olmazdı. Amma nədənsə bəzi insanlar Allaha asi çıxırmış kimi onun öz bəndəsi üçün yaratdığını əlindən alır.

Bakı sakinləri Xəzərin sahilində dincəlməyi yüz illərdi, min illərdi hər şeydən üstün tuturlar. Çimərliklər hər zaman onların istifadəsində olub, kimsə qarşısını almayıb. Çox təəssüf ki, bu dediyim son 10-15 il əvvələ kimi belə idi. Sonra isə günün birində bir nəfər ortaya çıxıb dedi: “dənizin sahili mənə məxsusdu, başqası ordan istifadə edə bilməz. Pulunuzu verin, Xəzər dənizində çimin”. Həmin bir nəfərin bu “qəhrəmanlığını” görən onun kimin başqaları da həmin addımı atdılar. Hərəsi bir tərəfdən Xəzərin sahilini çəpərləyib Ərəbzəngi kimi yolu kəsdilər. Oncə insanlar bunu ciddi qəbul etmədilər, bir az etiraz etdilər, səslərini çıxararaq əlaqədar qurumları silkələməyə çalışdılar. Amma heç bir faydası olmadı. Yol kəsənlər daha da geniş əl-qol atdılar, daha da geniş ərazini zəbt etdilər. Sayələrində sadə, kasıb insanlar üçün Xəzərin çimərliklərindən istifadə etmək qadağan olundu. Yəni “hər şey varlı üçün, hər fəaliyyət zəngin üçün” düşüncəsi demək olar ki, reallaşdı. Məmur-oliqarxlar “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə çimərlikləri sadə, kasıb insanların üzünə bağladılar.

Bakı sakinləri “bir dənizimiz var idi, onu da əlimizdən aldılar” deyirlər. Haqlıdırlar. Bu insanlar neynəməlidirlər? Hər şeyin pulla alınıb-sayıldığı bir cəmiyyətdə pulsuz dincəlmək haqqı niyə əllərindən alınsın? Özəl çimərlik də nə demək? Allahın yaratdığı dənizdə çimmək üçün nədən pul verməlidirlər? Sovetlər zamanı çimərliklər çəpərsiz, yol kəsənlərsiz azad bir məkan olaraq fəaliyyət göstərirdi. Xəzər dənizi hər kəsin üzünə açıq idi – şəhər sakinlərinin də, rayondan gələn insanların da, xaricdən təşrif buyurmuş turustlərin də. Amma indi hansısa uzaq dağ kəndindən evinə qonaq gəlmiş kasıb bir bakılı onu çimərliyə apara bilmir. Çünki çəpərlənmiş şəxsi çimərliklərə yaxın düşmək mümkün deyil, qiymətlər od tutub yanır. Ümumi çimərliklər isə pulsuz da olsa baxımsılıq ucbatından hər cür zir-zibillə doludu, suda zibillər üzür. İnsan ayaq basmağa iyrənir. Nədən şəxsi çimərliklər tərtəmizdi, digərləri yox? Təbii ki, sualın cavabı məlumdu. Amma bu dövlətin ali kürsüsündə oturaraq çimərliklərə cavabdeh şəxslərinin,

qururmların nə işlə məşğul olduqları məlum deyil. Bəlkə elə həmin özəl çimərlikləri çəpərləyən yolkəsənlər özləridi? Bəlkə yolkəsənlərə şərikdilər? Ola bilsin ki, toplanan pullarda payları daha çoxdu. Əks halda buna nədən göz yumsunlar ki?

Çimərliyə getmək təkcə suda üzmək, sərinləmək, istidən qorunmaq, sahildə günəşlənmək üçün deyil ki? Elə insanlar var ki, oralara həkim məsləhəti ilə yollanırlar, dəniz suyu, dəniz qumu xəstəliyinin müalicəsində effektli nəticə verir. Amma vay o gündən ki, həmin xəstənin cibində pulu yoxdu ki, giriş haqqı, kölgələnəcək üçün çardağa, stol, stul kimi ləvazimatlara versin. Birdən ağzı qurusa, ürəyi çay istəsə od qiymətinə olan çaya, suya yaxın düşə bilməyəcək. Çünki restoran, kafe sahibləri də insafdan dolayı çox kasıbdılar. Belə halda “öl, ay kasıb!” düşünməkdən başqa çarə qalmır.

Bəzən də imkansız insanlar “çimmək qadağandı” lövhəsi vurulmuş yerdən istifadə etməli olur. Bu da bir ayrı sualdır ki, niyə iki addım o yanda çimmək olar, burda yox? Amma insanlar burda, ən azı, xoşbəxt görünürlər. Çünki dəyib-dolaşan yox, pulunu soruşan yox. Baxmayaraq ki, o yerlərdə antisanitariya hökm sürür, xəstəliyin baş verməsi qaçılmazdı. Hələ onu demirəm ki, uşaqların xəstəlik mənbəyi olan bu yerlərdə çimməsi daha təhlükəlidi. Nə etməli? Qadağan olunan ərazidə daşyonanın, taxta kəsənin, yol süpürənin yolunu kəsən olmur. Hətta həmin qadağanı tətbiq edən kəs görünmür ki, yaxasından tutub soruşasan ki, bu nədi? Soruşsan nə olacaq ki? Deyəcək ki, təhlükəlidi, batıb ölərsən. Guya ki, yetimin – yesirin boğulub ölməsinə ürəyi yanır. Ağrılıdı. Təcili xidmətin gəlmədiyi, həkim xidmətinin yoxluğu, mühafizənin sıfırın altında göründüyü, geyinib-soyunma kabinalarının söküldüyü, hamam-tualetdən əsər – əlamətin olmadığı bu yerlərdə çimməyin, günəşlənməyin nə faydası? Belə acınacaqlı vəziyyət nə zamana kimi hökm sürəcək? Çarəsiz insanları yolkəsənlərdən xilas edə biləcək qüvvə varmı?

Bu ölkədə bu kimi sualların cavabını verə biləcək kim var?

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png