Zülüm-Zülüm ağlayan ana dilimiz- Züleyxa Nadir yazır

Züleyxa NADİR

İndiki halda bu mövzuda yazmaq bəlkə də kimlər üçünsə yersiz, kimlər üçünsə əhəmiyyətsiz, kimlərdən ötrü isə vaxtında deyilmiş, hətta gecikmiş SOS olacaq. Məncə də SOS vermək yerinə düşür. Söhbət ana dilinin qorunmasından, şəffaflığından, bu günündən və sabahından  gedir. Dil elə bir nəsnədir ki, onun haqqında söz açmaq dəqiq bir zaman tələb etmir.  İlin  bütün günlərində, günün istənilən vaxtında ana dili haqqında danışmaq, əyər-əskiyini qabardaraq həll yollarını tapmağa çalışmaq mübahdı. 

Bu gün Azərbaycan dilini o günə qoyublar ki, bilmirsən əyilmiş, it-bata düşmüş, yolunu azmış ana dilinin hansı tərəfindən söz açasan ki, onu gələcəyə sağ-salamat çatdırmaq üçün gərəkli fikir bildirmək mümkün olsun. Kim necə istəyir danışır, kimin ağlına nə gəlir sözü o cür də tələffüz edir. Şifahi danışıq bir yana, yazı mətnləri də bərbaddı. Azərbaycan dili demək olar ki, korroziyaya uğramağa başlayıb.  Paslanmış, aşılanmış dil xalqın gələcəyini təhlükəyə atır.

Bu barədə dərindən düşünəndə beyin sıfırlanır. Dilimizi itirməklə çox keçməz ki, özümüz də yox olacağıq. Bu sürətlə ki, dilin üzərində eksperimentlər aparılır, həmin zamanın yaxınlaşmağına heç bir şübhə qalmayıb.  Əlbəttə, bu yoxolmada başqa amillər də istisna deyil. Məsələn, Azərbaycanda azərbaycanlı kimi doğulsa da rus, ingilis, fransız, alman dilində danışmaqla ana dilini unutmaq, eləcə də digər millətlərlə evlənib öz milli mənsubiyyətinə arxa çevirib onu çox asanlıqla itirmək olar. Bununla bağlı çoxlu sayda fakt da sadalaya bilərəm. Amma bu bir başqa mövzunun söhbəti olduğu üçün üstündən keçirəm. Qalsın sonrakı yazılardan birinə. Bu günkü Azərbaycan dilinin qrammatikası, eləcə də ədəbi – bədii dili millətin sabah məhv ola biləcəyi bir səmtə yönlənib, ya da yönləndirilib. Çox qorxuncdu. Hətta bu cümləni yazarkən içimdən keçən sızıltının ağrısından bədənim titrədi…

Ana dili xalqın varlığını, milli kimliyini  təsdiq edən ilkin faktdı. Millətin ən dəyərli sərvəti onun dilidi. Xalqın keçdiyi tarixi yol və mədəniyyəti öz doğma dilində əks olunur, yaddaşlara hopur. Millətin mədəni səviyyəsi onun əlifbasına, şifahi  danışığına, ədəbi-bədii dilinə bağlıdı. Bunu unutmaq, bu fakta arxa çevirmək çox qorxuncdu, çox təhlükəlidi. Və nə yazıq ki, bu gün həmin təhlükəni hiss etməyənlər, qorxunc duyğularla yaşayanlar saysız-hesabsızdı. Belələri ilə hər gün rastlaşırıq: evdə, küçədə, avtobusda, metroda, qatarda, təyyarədə, iş yerində və televiziya ekranlarında.

***

Sonuncu daha ağrılıdı. Ekrandan boy göstərən  bəzi aparıcılar dilin başına kəndir salıb belədən – belə, elədən – elə sürüyürlər. Rəsmi xəbər aparıcısı monitordan oxuduğu sözləri şivə ilə tələffüz edir. Ləhcəsindən bilinir ki, hansı bölgədən gəlib, harda doğulub. Bunlar məktəb oxumayıblarmı? Ədəbi dildə danışmağı öyrətməyiblərmi? Efir mədəniyyətinin ilk göstəricisinin ana dilində təmiz  yazmaq və danışmaq olduğunu deməyiblərmi? Bu adamları işə götürəndə onun ədəbi dildən kasad olduğunu anlamırlarmı? Ümumiyyətlə xəbər aparıcıları hansı məziyyətlərinə görə işə götürülür? Sanki bir-biri ilə bəhsə giriblər: ana dilini kim daha çox tapdalayacaq?  Çiy, kal, yetişməmiş, əttökən verilişlərdə Azərbaycan dili nə günə qoyulur, İlahi?! Bunlara doğrudanmı “dur” deyən olmayacaq? İllərdi səviyyəsiz verilişlər, bayağı proqramlar haqqında mətbuatda yazılır, sosial mediada tənqid olunur, hətta söyənlər, təhqir edənlər də tapılır. Amma televiziya rəhbərləri, veriliş aparıcıları sanki, bu təhqir və söyüşlərdən “qidalanır”, güc alır, daha da şitini-şorunu çıxarırlar. Çox iyrəncdi!

Başqa verilişlərin və proqramların aparıcıları haqqında söz demək isə, sadəcə, vaxt itkisidi. Çünki az qala hər yoldan keçəni, eləcə də müğənni tayfasını efirə çıxarıb xalqa “dərs demək”,  hər cür hadisə haqqında ekspert qismində şərh vermək səlahiyyətini verənin özü naqisdi. Hələ onu demirəm ki, artist, müğənni tayfasının söylədiklərinə pir kimi baxanlar var. Sağ olsunlar onlar da efirlərdən xalqa əxlaq dərsi vermək üçün sinov gedirlər. Çoxusu söylədiyi qırıq-salxaq sözləri dialekt və şivələrinə büküb millətə “yedirməkdə” ustad dərsi keçər. Zatən hər gün  ucuz şoulardakı uçuz mahnı oxuyanları görməkdən, eşitməkdən qulağımız kar, gözümüz kor olub.

Təkcə televiziya deyil ki?! YouTube ondan da betərdi. Azərbaycan dilində yutub kimi tələffüz edirik. İndi bəzi alimlər durub deyəcəklər ki, elə o cür də yazaq. İşi olmayan bekar alim üçün mövzudu (burda bir təbəssüm və təəssüf işarəsinə gərək var). YouYube üzərindən proqram hazırlayanların danışığı adamı öldürür. Sözləri elə tələffüz edirlər ki, bu an bu yazıda onu izah edə bilməyəcəm, dillə demək lazımdı. Aparıcıların nitqində orfoepik qaydalara əməl olunmur, bəzən mətn emosional səslərlə oxunur, dinamik və sərbəst ifadələrdə qüsurlar baş alıb gedir, heca vurğusu düzgün səslənmir, lüğət tərkibindən qeyri-peşəkarcasına istifadə olunur, dilin intonasiyası pozulur və s. Televiziyadan fərqli olaraq YouTube  dünyanın dörd bir yanında izlənir. Hardasa, məsələn, okeanın o tayında, Avropanın mərkəzində kimsə YouTube vasitəsi ilə  Azərbaycan dilini öyrənmək istəsə, yaxud da bu dilin necə olduğu ilə maraqlansa, nə qənaətə gələcəyini  təsəvvür edirsinizmi?

***

Dil sözlərdən ibarət ifadə və ünsiyyət vasitəsidir. Sözün düzgün tələffüz edilməsi ona olan dəyərin göstəricisidi. Uzun illər Azərbaycan dili rus dili ilə yan-yana işlənib. 70 illik sovetlər dönəmində rəsmi dövlət dili Azərbaycan dili olsa da rus dilinə üstünlük verilirdi. Rəsmi yazışmalarda daha çox rus dilindən istifadə edilirdi. Hətta iş o yerə çatmışdı ki, rus dilinə “ikinci ana dili” adı verilmişdi. Bununla belə o dövrdə Azərbaycan dili çox gözəl mühafizə olunurdu. Dialekt, şivə və ləhçə yazılı ədəbiyyatın qapısından içəri girə bilməz, ekran-efir tanımazdı. Hər kəs ədəbi dildə danışmağa cəhd edirdi. Kənddən şəhərə gələnlər avtobusdan, qatardan düşən kimi şəhərli olmağa çalışırdılar. Danışığında ləhçədən istifadə etməməyə maksimum səy göstərir, oturuşunda-duruşunda həddini aşmır, ədəb – ərkanına fikir verirdi. Bu ona görə belə idi ki, o zamanın insanları ana dilində mütaliə edir, bədii ədəbiyyat oxuyurdular. Ədəbiyyat adından da göründüyü kimi bir ədəb məktəbidi. O zamanlar hər kəs bu məktəbdən yüksək qiymət almağa çalışırdı. Ana dilini təkcə xalq qormurdu, diçilər də dilin üstündə əsirdilər, ona ləkə düşməyə qoymurdular.

Amma bu gün dili dilçilər məhv edirlər. Özünə dil bilicisi deyənlərin çoxu  dili dil olmaqdan çıxarır. Yüz illər boyu yol gəlib bu günümüzə çatan Azərbaycan dili 5-3 “alimin” əlində qalıb.  Gündə bir hoqqa çıxarırılar. Gah sözün tələffüzünü dəyişir, gah durğu işarəsini ləğv edir, gah qrammatikada səhv tutur, gah xarici dillərdə işlənən sözlərin dilə yatmayan, çox gülünc qarşılığını tapır, gah da sözlərdəki qoşa saitləri ləğv etmək təklifi ilə çıxış edirlər. Bizim  dilçilərin bu hərəkəti özlərindən “yeni amerika kəşf edərək” gündəmə gəlməkdən başqa bir şeyə bənzəmir. Orfoqrafiya və orfeopiya qaydalarını qaydasız döyüşə çeviriblər. Sözlər üzərində oynamaq nə demək? SÖZün müqəddəsliyinə toxunmaq onun başına kəndir salmaqdı. Deyəsən, bu adamların vecinə də deyil ki, həmin kəndir SÖZü boğur. SÖZ boğulub öləndə millət ölür.

Bu millət alim fikrinə güvənəndi. “Geyçim”, “ipəzor”, “süranə”, “vurşiş”, “saçazor” və sair bu kimi gülünc sözlərin səsləndiyi günlər çox da uzaqda qalmayıb. Heç bir məntiqə sığmayan, olduqca gülməli səslənən bu sözlər yaxşı ki, ictimaiyyətin təpkisinə tuş gəldi. Hələ onu demirəm ki, dünən, srağagün “dovşan” sözünün “doyşan” kimi yazılmasını təklif edənlər, bir azdan deyəcəklər ki, “yovşan” “yoşan”,  “buzov” da “buzoy” kimi yazılsın. Vallah adam bilmir ki, kimə inansın, hansı  alimə üz tutsun, hansı bilicinin  ətəyindən yapışsın. Ana dilində demək olar ki, bir xaos yaranıb. Dilimiz  az qala çıxılmaz labirintə düşüb. Gəl, indi alim sözünə güvən görüm necə güvənirsən?!

Bu millət şair, yazıçı SÖZünün başına dolanandı. Sovetlər zamanı ədəbiyyat ana dilinin keşiyində dayanan ən güclü vasitə idi. O dövrdə yaranan bədii nümunələrdə Azərbaycan dili özünün gözəlliyi və təmizliyi ilə göz oxşayır. Yazarlar ədəbi dilin, eləcə də ümumi sözlərin ən yaxşı tərəflərini mənimsəyərək  ana dilində ədəbiyyat yaradıblar. İstə şeir dili, istərsə də nəsr dili su kimi axıcıdı.  Bu günkü  bədii ədəbiyyatda isə ana dilini çirkinləşdirmək tendensiyası var. Az qala hər yoldan keçən  “yazıçıyam”, “şairəm” deyib istədiyi kəlməni ədəbi dilə gətirməyə çalışır. Məişət sözlərini,  tələffüzdəki kobud ifadələri dilin ruhuna pərçimləyirlər. Gəl indi şairin, yazıçının yazdığı SÖZün başına dolan görüm necə dolanırsan?!

***

Hər millətin dili onun üçün sərvətdi, yüksək dəyərdi. Millət özünün dili ilə yaşayır, tarixdə qalır. Amma onun ədəbi dilinin təmizliyinə, saflığına kölgə salan dialekt və şivə, eləcə də xarici sözlər var ki, bu da çox ağrılıdr. Həmin neqativ hallar aradan qaldırılsın deyə dövlət  ana dili haqqında bir neçə qanun qəbul edib. Amma bu qanunların müddəaları qəzet, jurnal və saytlar, reklam agentlikləri,  xüsusən də televiziya  və radio aparıcıları  tərəfindən durmadan pozulur. Çünki istər yazılı, istərsə də elektron KİV-də işləyənlərin çoxu  savadsız, peşəkarlıqdan uzaq, ana dilini mükəmməl bilməyən, ləhçə ilə yazanlar, danışanlardı.

Bu gün Azərbaycan dilinin keşiyində ötən əsrin 60-70-ci illərində olduğu kimi dayanmaq, yad dillərdən təmizləmək, saflaşdırmaq kimi cəhdlər yoxa çıxıb. Azərbaycan ədəbi dili demək olar ki, “zülüm-zülüm ağlayır”. Ana dili milli sərvət olmaqdan çıxıb. Ona görə də yerindən duranın ona soyuqqanlı yanaşmasına göz yummaq olmaz. Ana dilini  qorumaq hər kəsin müqəddəs borcudur. Bu borcdan qaçmaq bizi uçuruma aparır. Ana dili bizi birləşdirən, bizi qoruyan, bizi mükəmməl olmağa vadar edən ən böyük dəyərdi.

Nə yazıq ki, bu dəyərin üstündən xətt çəkənlər ana dilinin ağlar günə qalmasına səbəb olurlar..