Bu tarixdən “Windows 7” və “XP”də olan klassik oyunlar ləğv ediləcək

“Microsoft” qısa zaman ərzində “Windows XP”, “Windows ME” və “Windows 7” əməliyyat sistemlərində (ƏS) olan klassik internet oyunlarının dayandırılacağını açıqlayıb. Bu gün isə həmin oyunların nə vaxt aradan qaldırılacağı məsələsi ortaya çıxıb.

ONN media bildirir ki, bu barədə “Microsoft” şirkəti məlumat yayıb.

Internet Backgammon (nərd), Internet Checkers (dama), Internet Spades, Internet Hearts, Internet Reversi və MSN Go (qo) oyunları “Windows XP” və “ME”də 31 iyul 2019-cu ildən, “Windows 7”də isə 22 yanvar 2020-ci ildən dayanacaq.

Klassik “Microsoft Internet” oyunlarının aradan qaldırılması böyük bir auditoriyaya təsir göstərməyəcək, çünki “Windows XP” və “Windows ME” uzun zamandır ki, şirkət tərəfindən dəstəklənmir və ƏS bazarındakı payları əhəmiyyətsizdir.

“Netmarketshare”nin məlumatına görə, 2019-cu ilin iyun ayından etibarən internetə qoşulan fərdi kompüterlərin 1.81 faizi “Windows XP”nin idarəsi altında işləyir.

Bu vəziyyət hələ də “Microsoft” ƏS-nin ən populyar versiyalarından biri olan “Windows 7”də bir qədər fərqlidir – bazarda onun payı 35 faizdir.

“Windows 10” istifadəçiləri dəyişikliklərdən təsirlənməyəcək, çünki bu ƏS versiyası əvvəlcədən yüklənmiş oyunlar olmadan, “Microsoft Solitaire” kolleksiyasının kart oyunları istisna olmaqla təqdim edilir.