Geyimlər niyə tez sıradan çıxır? - Ekspert

Geyimlər niyə tez sıradan çıxır? - Ekspert Son illərdə aldığımız geyimlərin keyfiyyətində nəzərəçarpacaq dərəcədə aşağı düşdüyü müşahidə edirik. Bir çox hallarda paltarlar ilk yuyulmadan sonra formasını itirir, rəngi solur və sıradan çıxır.
Mövzu ilə bağlı açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, istifadə etdiyimiz geyimlərin keyfiyyətinin aşağı düşməsinin bir neçə mümkün səbəbi var.
“Ucuz və sürətli istehsal olunan geyimlərin bazarda çoxalması keyfiyyətə təsir edir. Bir çox brend daha az xərclə daha çox məhsul istehsal etməyə üstünlük verir və bu zaman parça keyfiyyəti və tikiş möhkəmliyi zəifləyə bilir. Sintetik materialların (poliester və qarışıq parçalar) daha geniş istifadə olunması da geyimlərin tez köhnəlməsinə səbəb olur. Bu cür parçalar ilk baxışda yaxşı görünsə də, yuyulduqdan sonra formasını itirə, rəngi sola və ya tez sıradan çıxa bilər”, - o deyib.
Ekspert vurğulayıb ki, istehsalın müxtəlif ölkələrə köçürülməsi və ucuz əmək bazarından istifadə də keyfiyyəti aşağı salır:
“Bəzi hallarda kütləvi istehsalda hər bir məhsul eyni səviyyədə yoxlanılmır. Geyimlər düzgün temperaturda yuyulmadıqda və ya uyğun yuyucu vasitə seçilmədikdə də tez zədələnə bilər”.

Geri qayıt