ONN İnformasiya Agentliyi

Əli Səfərov: “Onun yolunu davam etdirən gənclər yetişəcək…” – MÜSAHİBƏ

Əli Səfərov: “Onun yolunu davam etdirən gənclər  yetişəcək…” – MÜSAHİBƏ
08 Sentyabr 2020 - 10:29

Dəyərli oxucularımız, Naxçıvan Muxtar Respublikasının dəyərli,  peşakar  rəssamlarından, daha çox doğma torpağının gözəlliyini  əsərlərində əks  etdirən  Əli Səfərov ONN media –nın  həmsöhbəti  oldu. Əli bəyin maraqlı, səmimi açıqlamaları  ilə  hazırladığımız  müsahibən  Sizə  təqdim edirik.

Rəssamlıq sənətinə  sizdə  həvəs  necə  yarandı?

-Mənim doğulub boya-başa çatdığım doğma Naxçıvan özünün gözəlliyi ilə bərabər həm də ilahi bir torpaqdır. Əshabi-Kəhfin “Quran”da adının hallanması, Nuh Peyğəmbərin adı ilə bağlı çox məkanların olması bunu deməyə əsas verir. Naxçıvan dağlarının gözəlliyinə nəinki burada yaşayanlar, hətta bura gələn qonaqlar heyranlıqla tamaşa edirlər. Bu dağlar günün müxtəlif vaxtlarında öz rəngini dəyişir, göz oxşayır. SSRİ-nin təyyarəçi kosmonavtı Leonov kosmosa gedib gəldikdən sonra bütün dünyanı gəzir. Nəhayət yolu Naxçıvana düşür və böyük heyranlıqla bu dağlara baxır və bildirir ki, “bütün dünyanı gəzdim, nəhayət ki, kosmosda gördüyüm rəng çalarlarını Naxçıvan dağlarında gördüm. ” Bəli, bu İlahi torpaq məni özünə uşaqlıqdan bağladı. Bu torpağa olan sevgi məni hələ üçüncü sinifdə oxuyanda Naxçıvan Pionerlər Evində rəsm dərnəyinə getməyə sövq etdi. Rəssamlıqda ilk addımlarımı atdım. 9-10 siniflərdə Azərbaycanın əməkdar rəssamı Şəmil Mustafayevin yanında hazırlığa getdim. Rəssamlığa olan sevgim məni 1974-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə gətitrdi. Beləcə tələbə oldum.

Daha çox hansı janra üstünlük verirsiniz?

-Hələ tələbəlik illərindən miniatüra janrını çox bəyənirdim. Düzdür, bədii-tərtibat fakultəsində oxusam da, bəzi kurs işlərimdə miniatüra dadıma çatırdı. Rəssamlığı 1978-ci ildə bitirib Naxçıvana qayıtdıqdan sonra müxtəlif idarə və təşkilatlarda tərtibatçı rəssam işlədim. Burada da miniatüra çox kömyim olurdu. Nəhayət həyatım teatra bağlandı. 1983-1987-ci illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında, 1990-2012-ci illərdə M.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında, 2012-2017-ci illərdə quruluşçu rəssam olduğum Babək rayon Xalq Teatrında miniatüra janrına çox müraciət etmişəm. Sonralar yağlı boya ilə də miniatüra janrına müraciət etmişəm. Bəzi əsərlərim sürrüalizm və miniatüranın sintezindədir. Son vaxtlar mənzərə janrına daha çox üstünlük verirəm ki, burada modern üslübüna daha çox yer verirəm.

Sizə  nə ilham verir?

-Yaradıcı adam hər zaman nədənsə ilham alıb yaratmalıdır. Mən bəzən ilham aldığım hadisəni özümün gündəliyimdə yazılarımda əks etdirirəm. Amma mənə ilham verən Naxçıvanda gedən quruculuq, abadlıq, yaşıllaşdırma işlərinin geniş vüsət almasıdır. Bu gün Naxçıvan mən deyərdim ki, dünyanın ən gözəl, təmiz şəhərlərindən birinə çevrilmişdir. Bütün ucqar dağ kəndlərimizə abad, geniş yollar çəkilmiş, körpülər salınmış, kənd mərkəzlərində yeni yaraşıqlı məktəblər, tibb məntəqələri, ictimai-iaşə ocaqları tikilib istifadəyə verilmişdir. Bu gün muxtar respublikamız gülzarlıqlar diyarıdır. Hara gediriksə, al -əlvan güllər insana gəl-gəl edir. Həmişəyaşıl ağaclar göz oxşayır. Biz rəssamlara Naxçıvan Muxtar Respublika Rəhbərliyinin daim göstərdiyi qayğı da ilham verir. Necə deyərlər, “bu gözəllikləri və qayğı -diqqəti gördükcə insan ilhama gəlir, yaşamaq, yaratmaq eşqi daha da yüksəlir.

Elə  olub  ki,  hansısa əsər  gözlədiyiniz  kimi alınmasın?

-Rəssamlıq çox çətin sənətdir. Yüzlərlə, minlərlə səpgidə işləyən rəssamlar var. Və sən özünü tapmaq üçün üzərində daim işləməlisən. Bəzən axşamın nə vaxt düşdüyünü belə bilmirsən. Yemək belə yada düşmür. Saatlar sanki göz qırpımında keçir. Bəzən işlədiyimiz əsər istədiyimiz kimi alınmır, nə qədər edirsənsə, xeyri yoxdur. Elə olub ki, iş alınmayanda fırça ilə kətandakı rəngləri bir-birinə qatmışam. Bir neçə gündən sonra həmin əsərə yenidən müraciət etmişəm. Rəssam öz çığırını, üslubunu tapınca günlərlə, aylarla, illərlə əzablara qatlanmalı olur. Əgər iradə və dözüm möhkəmdirsə, axırı bu əziyyətin şirinliyini də dadırsan. Yaradıcılıq sənət adamları üçün mübarizədir. Şükürlər ki , bu mübarizəmi hələ də davam etdirirəm, yenə də axtarışlardayam.

Hansı rəssamların  əsərlərini  bəyənirsiniz?

-Şadam ki, Azərbaycanda onlarla dünya şöhrətli rəssamlar var və onların əsərlərinə gənclik illərində dönə-dönə baxaraq, nəsə öyrənməyə, götürməyə çalışmışdım. Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Rasim Babayev, hazırda dünya şöhrətli rəssamımız Sakit Məmmədov (şadam ki, Ə.Əzimzadədə təhsil alarkən Sakit müəllimlə tanışlığımız, ünsiyyətimiz olub, fəxrimizdir) və başqalarının əsərlərini çox bəyənirəm, daim izləyirəm.

Gənc  rəssamların  yaratdığı  əsərlərə baxışınız necədir?

-Sevindirici haldır ki, bu gün Naxçıvandan paytaxt Bakıda, Sankt-Peterburqda və başqa yerləedə rəssamlıqdan dərs alan tələbələr var. Həmçinin artıq təhsilini başa vurub, sərbəst yaradıcılığa başlayan gənclər də çoxdur. Hələ onlar axtarışdadırlar. Buna baxmayaraq bir çoxunun yaradıcılığı nikbinliklə deməyə əsas verir ki, yaxın illərdə sənətdə öz sözünü deyəcək rəssamlar yetişir. İnanıram ki, gələcəkdə də Naxçıvanda Azərbaycanın ilk realist rəssamı olmuş Bəhruz Kəngərlinin yaradıcılıq yolunu davam etdirən gənclər yetişəcək və bu sənəti nəsildən nəslə ötürəcəklər.

Əli bəy, səmimi  və  maraqlı  açıqlamalarınız  üçün  Sizə təşəkkür  edirəm.

Səidə  xanım,  Sizə  və  ONN İnformasiya  Agnetliyinə öz  minnətdarlığımı  bildirirəm. Uğur  sizinlə  olsun!

Səidə Seyidova

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Əli Səfərov: “Onun yolunu davam etdirən gənclər yetişəcək…” – MÜSAHİBƏ
Əli Səfərov: “Onun yolunu davam etdirən gənclər yetişəcək…” – MÜSAHİBƏ
Əli Səfərov: “Onun yolunu davam etdirən gənclər yetişəcək…” – MÜSAHİBƏ
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png