ONN İnformasiya Agentliyi

15 mart Ağasadıq Gəraybəylinın doğulduğu gündür

15 mart Ağasadıq Gəraybəylinın doğulduğu gündür
15 Mart 2024 - 11:00

Unutmayaq, unutdurmayaq!

15 mart (1897 Şamaxı-1988 Bakı) milli teatrımızın inkişafı yolunda sənət fədailərindən biri, teatrı öz varlığından artıq sevən, obrazlar qalereyası yaradan, tamaşaçı sevgisi qazanan Azərbaycanın xalq artisti – Ağasadıq Gəraybəylinın doğulduğu gündür.

Ağasadıq Gəraybəyli ömrünün ixtiyar çağında da ötən günlərini tez-tez xatırlayar və deyərdi: “1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam.

Atamı erkən itirdim. Yetimə “gəl-gəl” deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda Yaradanımz imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: “Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən”

Özünün xatirələrindən: Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. “Gəl görüm, nə istəyirsən?” Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: “Ay qız, Heyran, haradasan? Tanrı bizə züriyyət göndərib”. Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq.

Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda, bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim.

Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə getdim. İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. İlk oxucularından biri də mən olmuşam”. Ağasadıq Gəraybəyli dahi Üzeyir Hacıbəyovun adı çəkiləndə ehtiramla ayaq üstə durar, müqəddəs ruhuna dualar oxuyardı. Deyərdi: “Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi.

Tanınmış teatr-kino xadimi Adil İsgəndərovdəfələrlə qeyd etmişdi: “Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı”.

O, 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəyovun “Arşın Mal Alan”, Cəfər Cabbarlının “Sevil”, “Od Gəlini”, “1905-ci İldə”, sonralar “Vaqif”, “Həyat”, “On İkinci Gecə”, “Xanlar”… Yaratdığı obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə yazılıb.

Ağasadıq Gəraybəyli, 1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png