19 aprel Əfrasiyab Bədəlbəylinin doğulduğu gündür

Unutmayaq, unutdurmayaq.

Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu, Azərbaycanın xalq artisti Əfrasiyab Bədəlbəyli (Bədəlbəyli Əfrasiyab Bədəlbəy oğlu) 19 aprel 1907-ci ildə Bakı şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımm ailəsində anadan olub.

Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb.

1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı rus-müsəlman məktəbinə daxil olur və 1916-cı ildə, tədris olunan bütün fənlərdən “əla” qiymətlərlə məktəbi bitirir. 1917-1924-cü illər ərzində o, Bakıdakı 1-ci realni məktəbində təhsil alır. 1923-cü ildən 1926-cı ilə kimi Ə.Bədəlbəyli təzəcə təşkil olunmuş Azərbaycan teatr məktəbinin dinləyicisi olur və məktəbdə təşkil olunan səhnə tamaşalarında böyük həvəslə iştirak edir.

Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq etmişdir. İlk Azərbaycan baletinin – “Qız qalası”nın (1940), “Nizami”, “Söyüdlər ağlamaz” operalarının, simfonik poema və təntənəli marşın müəllifidir.

Bir çox dram tamaşalarına musiqi bəstələmişdir. (“Hacı Qara”, “1905-ci ildə”, “Fərhad və Şirin” və s.).

Əfrasiyab Bədəlbəyli Azərbaycanda ilk baletin müəllifidir. O, 33 yaşında ikən “Qız qalası” baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə “Nizami”, “Söyüdlər ağlamaz” operalarını yazaraq adını mədəniyyət tariximizə qızıl hərflərlə əks etdirib. Bir çох dram tamaşasına musiqi bəstələyib. Azərbaycan radiоsu və televiziyasında milli musiqi sənətimizi geniş təbliğ edib. Mükəmməl bilik əldə etmək arzusu ilə, Əfrasiyab Bədəlbəyli 1924-cü ildə Azərbaycan Dövlət Türk (Azərbaycan – İ.Q.) Musiqi Texnikumuna və eyni zamanda, Azərbaycan Dövlət Universiteti şərq fakültəsinin lisaniyyət (dilçilik – İ.Q.) şöbəsinə daxil olur. XX əsrin 20-ci illərində Azərbaycan opera və operettalarının səhnədən götürülməsi nəzərdə tutulmuşdu. 17 yaşlı Əfrasiyab Bədəlbəyli “Kommunist” qəzetində dərc etdirdiyi məqaləsində “Operalarımızın islahatı işində tələsməyə heç bir ehtiyac yoxdur” – deyə, buna qəti etirazını bildirir. 20 yaşında Cəfər Cabbarlının “Od gəlini” pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Oprra və Balet teatrında dirijоr işləyib. Musiqi texnikumunda Əfrasiyab Bədəlbəyli müəllim S.L.Bretanitskinin sinifində violino ixtisası üzrə təhsil alır. İstedadlı gənc tez bir zamanda səlis ifa bacarığına nail olur və 1925-ci il may ayının 22-də texnikum tələbələrinin qüvvəsi ilə Üzeyir bəyin səhnəyə qoyulmuş “Arşın mal alan” operettasını müşayiət edən orkestrdə ikinci skripkaların konsertmeysteri kimi çıxış edir.

Violino ilə yanaşı tarda da mükəmməl ifa üslubuna nail olmuş Əfrasiyab Bədəlbəyli, 1926-cı ildə xalq çalğı alətləri orkestrinin Moskva və Minsk şəhərlərindəki qastrol səfərləri zamanı ikinci səs tarçılar qrupunun konsertmeysteri kimi orkestrin heyətində iştirak edir.

1928-ci il fevralın 16-da, musiqisi Ə.Bədəlbəyliyə məxsus C.Cabbarlının “Od gəlini” əsərinin premyerası oldu.

“Od gəlini” musiqisinin müvəffəqiyyətinə sevinən C.Cabbarlı bundan sonra yazdığı “Sevil” pyesinə də musiqi bəstələməyi Əfrasiyab Bədəlbəyliyə tapşırır.

1928-ci il yanvar ayının 1-dən Əfrasiyab Bədəlbəyli “Kommunist” qəzetində tərcüməçi vəzifəsində çalışmağa başlayır.

1929-cu ildə xalqımızın ulu musiqi aləti olan tarı köhnəlik əlaməti sayaraq muzeyə göndərmək, konservatoriyanın tədris proqramından çıxarmaq kimi cəfəng fıkirlərə etiraz edən Əfrasiyab Bədəlbəyli “Tar üzərinə mühakimə münasibətilə” başlığı altında məqalə ilə çıxış edir.

Respublikada Sovet hakimiyyəti qurulmasının onuncu ildönümünün qeyd olunduğu günlərdə dinləyicilər bəstəkarın böyük simfonik orkestr üçün yazdığı və Azərbaycanda sovet mövzusuna həsr olunmuş ilk proqramlı musiqi əsəri olan “Bütün hakimiyyət Sovetlərə!” süitası və təntənəli “28 Aprel marşı” simfonik poeması ilə tanış olurlar.

1930-cu il may ayının 15-də Əfrasiyab Bədəlbəyli türk operalarına dirijorluq etmək üçün M.F.Axundov adına Dövlət Böyük teatrına işə qəbul olunur.

1931-cu ildə bəstəkar C.Cabbarlının “Almaz”, daha sonra isə “1905-ci ildə” və “Yaşar” pyeslərinə, 1933-cü ildə A.Afinogenovun “Qorxu”, 1934-cü ildə M.F.Axundovun “Hacı Qara”, 1935-ci ildə isə “Müsyo Jordan” əsərlərinə musiqi bəstələyir.

Əfrasiyab Bədəlbəyli peşəkar musiqi təhsili almaq məqsədi ilə 1932-ci ildə Moskva konservatoriyasının dirijorluq fakültəsində oxumağa yola düşür. Professor K.Saracevin sinifində təhsil alan gənc bu sənətin incəliklərinə mükəmməl yiyələnir. Ali məktəbdə oxuduğu zaman o, 8 variasiya, violonçel və fortepiano üçün sonatina, fortepiano üçün etüd, simfonik orkestr üçün III hissəli süita, 2 violino, alt və violonçel üçün kvartet bəstələyir.

Lakin bir ildən sonra sənətkar Moskvadakı təhsilini dayandırıb Bakıya qayıdır və R.Qlierin “Şahsənəm” operasının yeni quruluşda, C.Cabbarlının librettosu əsasında tamaşaya hazırlanmasında iştirak edir.

1934-cü ilin payızında Ə.Bədəlbəyli Leninqrad (indiki Sankt-Peterburq -İ.Q.) şəhərinə yola düşür. Burada o, N.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyası nəzdindəki musiqi texnikumunun bəstəkarlıq şöbəsinə (B.Zeydmanın sinfinə) daxil olur və eyni zamanda Leninqrad opera və balet teatrının baş dirijoru V.Dranişnikovun rəhbərliyi altında dirijor assistenti kimi işləməyə başlayır.

Əməkdar incəsənət xadimi, xalq artisti, Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da dünyasını dəyişib.

Allah rəhmət eləsin.