ONN İnformasiya Agentliyi

İlham Namiq Kamalın doğum günüdür

İlham Namiq Kamalın doğum günüdür
09 Yanvar 2020 - 9:01

Unutmayaq, unutdurmayaq!

9 yanvar (1949) — Azərbaycan aktyoru, teatr rejissoru, “İlham” Miniatür teatrının direktoru və bədii rəhbəri, ADMİU-nun “Estrada sənəti” kafedrasının müdiri, Azərbaycanın xalq artisti İlham Namiq-Kamal oğlu Əhmədovun doğum günüdür.

Əslən Şamaxıdan olan İlham Namiq Kamal 9 yanvar 1949-cu ildə Bakı şəhərində anadan olub. Bakıda 31 saylı orta məktəbi bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycan artisti Rza Təhmasibin kursunda təhsil alıb.

Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin “Jorj Danden” satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb. Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər. Bu kollektivdə Mirzə Cavad (“Aydın”, Cəfər Cabbarlı), Şvester (“Meteor” Fridrix Dürrenmatt), Lomov (“Elçilik”, Anton Çexov), Rekrutçu (“Sahildə Bir Ev”, Stefan Sveyq), Baş katib (“Sehirli Kreslo”, Friteş Korinti), Molla Səbzəli (“Üləma Məclisi” Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb.

İlham Namiq Kamal müəyyən dövrlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Akademik Milli Dram Teatrında, Gənclər Teatrında aktyor işləyib. 1993-cü ildən Azərbaycan Dövlət Gənclər Teatrı kimi fəaliyyət göstərən sənət ocağında İlham Namiq Kamal Stanislav Stratiyevin “Çarəsiz sərnişinlər” (Məsuliyyətsiz), Rəhman Əlizadənin “Dadaşbala əməliyyatı” (Dadaşbala), İsi Məlikzadənin “Sultanqulu Körpüsü” (Sultanqulu), Robber Tomanın “Arvadımın Qatili” (Daniel), Vaqif Səmədoğlunun “Dağ Tikirik” (Kələntər), Georgi Xuqayevin “Arvadımın Əri Özüməm” (Kazbek) pyeslərinin səhnə təsfirində, “Gül, Sevin, Gül” (müxtəlif sifət-maskalar) şou-tamaşasında baş rolları ifa edib.

Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar Mansurovun “Sevgilimin Anası və yaxud Evlənmə Əhvalatı” (Albadam), Cahangir Aslanoğlu və Həsənağa Qurbanovun “Qarğa, Məndə Qoz var” (Adil, Farmazov, Aşıq, Professor və Əyyaş), rus bölməsində Eduardo de Filippov və Fərəc Qarayevin “Fulimeno Marturano” (Dominesko Soriano) musiqili komediyalarında oynayıb.

1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün “İlham” Miniatür Teatrını yaradıb. Hazırda direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışır. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, “Estrada sənəti” kafedrasının müdiridir.

İlham Namiq Kamal televiziya tamaşalarında və filmlərdə yaratdığı bir-birindən maraqlı obrazlarla da tamaşaçıların rəğbətini qazanıb.

İlham Namiq Kamal 25 iyun 2013-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. 10 mart 2014-cü il Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülüb.

Doğum gününüz mübarək.

Cavid İSMAYIL.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png